Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Prezident Raymonds Veyonis: Latviya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

17 İyul 2017
Latviya Azərbaycanı, onun suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Dağlıq Qarabağ münaqişəsi yalnız sülh və danışıqlar yolu ilə həll oluna bilər və bu, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmalıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Latviya Prezidenti Raymonds Veyonis söyləyib.

Azərbaycan Prezidenti İlham Əliyevin Latviyaya rəsmi səfərindən çox məmnun olduğunu vurğulayan Prezident Raymonds Veyonis əmin olduğunu bildirib ki, bu səfər ölkələrimiz arasında əlaqələri daha da genişləndirəcək və bizim dostluğumuz, tərəfdaşlığımız daha da inkişaf edəcək.

Latviya Prezidenti Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində, təbii qazın Avropa İttifaqındakı istehlakçılara çatdırılmasında göstərdiyi səyləri, apardığı işi yüksək dəyərləndirdiyini deyib. “Zənnimcə, biz daha sıx işləməliyik ki, bu istiqamətdə daha böyük irəliləyiş əldə edə bilək”, - deyə Prezident Raymonds Veyonis vurğulayıb.