Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Korrupsiyaya qarşı mübarizə sahəsində cari ilin birinci yarısında görülən işlər müsbət dəyərləndirilib

17 İyul 2017
İyulun 17-də Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2017-ci ilin birinci yarısında görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransında çıxış edən Azərbaycan Respublikası baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, şəffaflığın daha da artırılması və azad rəqabətin tam təmin olunması, bürokratik əngəllərin aradan qaldırılması, vətəndaş-məmur təmasının minimuma endirilməsi, daha çevik və keyfiyyətli idarəetmənin təmin edilməsi məqsədilə ardıcıl hüquqi və institusional islahatların bu ilin birinci yarısında da uğurla həyata keçirildiyini bildirib.

K.Əliyev vurğulayıb ki, prokurorluq orqanları korrupsiya ilə mübarizəni öz fəaliyyətinin prioritet xətti kimi müəyyən edib. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi isə əvvəlki illərdə olduğu kimi, hesabat dövründə də fəaliyyətini uğurla davam etdirib. Bu müddətdə Baş İdarə tərəfindən vətəndaşların 3656 müraciətinə baxılıb, həmçinin 125 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 75-i (60 faizi) üzrə cinayət işi başlanıb, 50 (40 faiz) material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 29 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib.

Qeyd edilib ki, hesabat dövründə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 2151 müraciət daxil olub. Həmin müraciətlərin 16-sı üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. Həmçinin əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həlli təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa olunub və aşkarlanmış qanun pozuntularının aradan qaldırılması məqsədilə müvafiq təşkilatlara təqdimatlar göndərilib.

Baş İdarənin əməliyyat qurumları öz vəzifələrini hesabat dövründə də uğurla icra ediblər. Keçirilən əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 2, habelə əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 6 olmaqla, cəmi 8 cinayət işi başlanıb.

Diqqətə çatdırılıb ki, cari ilin birinci yarısında Baş İdarədə dövlət və özəl sektorda çalışan 133 vəzifəli şəxs barəsində 103 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Həmin cinayət işləri 54 şəxs barəsində 43 cinayət işi qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 34 şəxs barəsində 27 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 19 şəxs barəsində 14 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 3 şəxs barəsində 2 iş rüşvət alma (passiv rüşvətxorluq), 11 şəxs barəsində 5 iş rüşvət vermə (aktiv rüşvətxorluq), 4 şəxs barəsində 4 iş vəzifə saxtakarlığı, 2 şəxs barəsində 2 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 2 şəxs barəsində 2 iş hüquq verən rəsmi sənədləri istifadə etmə məqsədi ilə saxtalaşdırma, qanunsuz hazırlama və istifadə etmə, 3 şəxs barəsində 3 iş kompüter sisteminə qanunsuz daxil olma və qalanları digər cinayət faktları ilə əlaqədardır. Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 12 milyon 804 min 958 manat ziyanın ibtidai araşdırma mərhələsində 3 milyon 612 min 243 manatının və ya 28,2 faizinin ödənilməsi təmin edilib. Həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulması ilə yanaşı, qanunla nəzərdə tutulmuş digər tədbirlər görülüb.

Hesabat dövründə Baş İdarə rəisi, Baş İdarə rəisinin müavinləri, idarə və ya şöbə rəisləri, təşkilati və informasiya təminatı idarəsinin prokurorları tərəfindən, ümumilikdə, 872 vətəndaşın qəbulu keçirilib. Bu dövrdə korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarənin əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib. Bir xüsusat üzrə inzibati pozuntu aşkar edildiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 54,410.3-cü maddələrinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək aidiyyəti üzrə müvafiq məhkəməyə göndərilib. Araşdırılması üçün aidiyyəti üzrə müvafiq qurumlara göndərilmiş müraciətlərlə əlaqədar aparılmış xidməti yoxlamalar nəticəsində isə vəzifəli şəxslərin hərəkətlərində aşkarlanmış cinayət xarakterli olmayan hüquqpozmalar üzrə 12 vəzifəli şəxs xəbərdarlıq, 5 vəzifəli şəxs töhmət, 2 vəzifəli şəxs şiddətli töhmət növündə intizam məsuliyyətinə cəlb edilib, 10 nəfər isə vəzifəsindən azad edilib. Habelə araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə bir daha təkrar törədilməməsi üçün müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə bir təqdimat göndərilib.

K.Əliyev qeyd edib ki, hesabat dövründə korrupsiyaya qarşı mübarizə sahəsində qəbul edilmiş ən mühüm sənədlərdən biri də Azərbaycan Prezidentinin 2017-ci il fevralın 10-da imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamdır. Sərəncamda Baş Prokurorluğa edilmiş tövsiyələrdən irəli gələrək həmin sənəddə əks olunmuş vəzifələrin icrası məqsədilə 2017-ci il 31 may tarixli 10! nömrəli əmrlə Azərbaycan Respublikasının Baş Prokurorluğu üzrə bəzi əmrlərə dəyişikliklər edilib.

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov bildirib ki, Prezident İlham Əliyevin 2016-cı il 26 aprel tarixli Sərəncamı ilə təsdiq edilən “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində həyata keçirilmiş bir sıra mühüm qanunvericilik və praktiki tədbirlər öz bəhrəsini verib. Korrupsiya hüquqpozmaları ilə bağlı məlumat verən şəxslərin müdafiəsini təmin etmək məqsədilə bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilib. K.Cəfərov korrupsiyaya qarşı həyata keçirilmiş mühüm qabaqlayıcı institusional tədbirlər çərçivəsində “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. Bundan başqa, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün Milli Fəaliyyət Planı”na müvafiq olaraq dövlət orqanlarının bu sahədə fəaliyyətlərinin effektiv əlaqələndirilməsini təmin edən koordinasiya mexanizminin yaradılması, qanunvericiliyin beynəlxalq standartlara tam uyğunlaşdırılması, institusional potensialın və hesabatlılıq sisteminin gücləndirilməsi sahələrində mühüm nailiyyətlərin qazanıldığı qeyd edilib.

QHT-lərin nümayəndələrindən “Konstitusiya Araşdırmalar Fondu”nun rəhbəri Əliməmməd Nuriyev və “Şəffaflıq Azərbaycan” təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva çıxışlarında korrupsiyaya qarşı mübarizə sahəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 2017-ci ilin birinci yarısında gördüyü işləri müsbət dəyərləndiriblər.

Sonra qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları ətraflı cavablandırılıb.

Mətbuat konfransında bildirilib ki, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyini nəzərə alaraq hesabat dövründə Baş İdarə tərəfindən bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin müvafiq hüquq mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirilib.

Cari il fevralın 20-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının

(OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının IV Monitorinq Raundu çərçivəsində ölkəmiz üzrə qəbul edilmiş hesabat təqdim edilib. Təqdimatda OECD-nin rəsmiləri xanım Tatyana Xvanska və xanım Rusudan Mikelidze, eləcə də Azərbaycan Respublikasının dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının və kütləvi-informasiya vasitələrin nümayəndələri iştirak edib.

Həmçinin cari il iyunun 6-7-də üzvlərinin böyük əksəriyyəti İslam dövlətlərindən olan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin və ombudsmanlarının Bakıda üçüncü iclası keçirilib. Yüksək səviyyəli tədbirə Türkiyə, İran, Qazaxıstan, Pakistan, Əfqanıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın prokurorluq orqanlarının, ixtisaslaşdırılmış antikorrupsiya qurumlarının, ombudsmanlarının və digər dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri, ECO baş katibinin müavini, Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) icraçı katibi və digər beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Tədbirdə, həmçinin dövlət və hökumət rəsmiləri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın, mərkəzi icra hakimiyyəti orqanlarının, Baş Prokurorluğun, habelə ölkəmizin digər hüquq mühafizə qurumlarının və QHT-lərin nümayəndələri, Milli Məclisin deputatları iştirak ediblər. Bu mühüm tədbir zamanı Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə təşkilatları rəhbərləri və ombudsmanlarının üçüncü illik konfransına sədr seçilib. Tədbir çərçivəsində dövlətimizin başçısının yürütdüyü siyasət nəticəsində ölkəmizin dünyada, o cümlədən İslam aləmində qarşılıqlı əməkdaşlığa mühüm töhfə verdiyi diqqətə çatdırılıb. İqtisadi Əməkdaşlıq Təşkilatının mühüm funksiyalar həyata keçirən nüfuzlu qurum olduğu vurğulanaraq üçüncü iclasın əhəmiyyəti xüsusi qeyd edilib. Sonda təşkilati məsələlər müzakirə olunub və ECO-ya üzv dövlətlərdə korrupsiyaya qarşı mübarizəyə dair Bakı Bəyannaməsi qəbul edilib.

Bundan başqa, Avropa İttifaqının Avropa Qonşuluq Siyasətinin “Şərq Tərəfdaşlığı” və TAİEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) aləti çərçivəsində, Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC) və Korrupsiyaya qarşı Avropa Ələqələndiricilər Şəbəkəsi (EACN), Avropa Şurasının Korrupsiyaya qarşı mübarizə aparan dövlətlər qrupu (GRECO), Beynəlxalq Prokurorlar Assosiasiyası (İAP), Beynəlxalq Antikorrupsiya Akademiyasi (İACA), Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatı (GUAM) və digər qurumlarla səmərəli əməkdaşlıq aparılıb.

Hesabat dövründə, həmçinin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən xarici dövlətlərin hüquq mühafizə orqanları ilə əməkdaşlığa xüsusi diqqət yetirilib. Cari il martın 1-də Azərbaycan və Bolqarıstan Baş prokurorluqları arasında Baş İdarənin və “ASAN xidmət”in bir illik fəaliyyətlərinin öyrənilməsini nəzərdə tutan birgə fəaliyyət planı imzalanıb. Bu planın müddəalarına uyğun olaraq, Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndə heyətinin mayın 10-12-də Bolqarıstana, bu ölkənin baş prokurorunun müavinlərinin rəhbərlik etdikləri nümayəndə heyətinin isə həmin ayın 22-25-də ölkəmizə işgüzar səfərləri olub.

Bununla yanaşı, iyunun 11-14-də Bolqarıstan Respublikasının baş prokuroru Sotir Tsatsarovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib. Səfər zamanı baş prokuror Zakir Qaralov ilə görüş keçirilib. Görüşdə ölkələrimizin prokurorluqları arasındakı əlaqələrin inkişafında dövlət başçılarımızın xüsusi rolu qeyd edilib, hüquqi əlaqələrin dərinləşdirilməsi üçün böyük perspektivlərin olduğu bildirilib. Nümayəndə heyəti, həmçinin Azərbaycanın məhkəmə-hüquq islahatları, habelə “ASAN xidmət” mərkəzləri və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətləri ilə yaxından tanış olublar.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizə fəaliyyətində qeyri-hökumət təşkilatları ilə sıx münasibətlərin qurulmasına xüsusi önəm verilib. Baş İdarənin fəaliyyəti, son vaxtlar bu sahədə qəbul edilmiş qanunvericiliyin tələbləri, beynəlxalq əməkdaşlıq nəticəsində həyata keçirilən tədbirlər, həmin tədbirlərin reallaşmasında dövlət qurumlarının və vətəndaş cəmiyyətinin rolu və digər mühüm məsələlər ilə əlaqədar Baş İdarə əməkdaşlarının kütləvi informasiya vasitələrində məqalələri dərc edilib.

Mətbuat konfransında əminlik ifadə olunub ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bundan sonra da öz fəaliyyətini dövlət səviyyəsində göstərilən yüksək etimada layiq səviyyədə qurulması üçün zəruri tədbirlərin görülməsini təmin edəcək, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində üzərinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirərək cinayətkarlığa qarşı ciddi və səmərəli mübarizə tədbirlərinin həyata keçirilməsini təmin edəcək.