Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Turizmin inkişafı, “ASAN viza”nın tətbiqi Azərbaycana səfər edənlərin sayının artmasına səbəb olub

17 İyul 2017
Dövlət Miqrasiya Xidmətində (DMX) 2017-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş xidməti müşavirə keçirilib.
DMX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qurumun struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə Xidmətin rəisi Firudin Nəbiyev hesabat məruzəsi ilə çıxış edib.

Xidmət rəisi bildirib ki, Azərbaycan öz tarixinin ən möhtəşəm inkişaf və qüdrətli dövlətçilik dövrünü yaşayır. Bu nailiyyət ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi milli intibah siyasətinə və ictimai sabitliyə söykənir. Son illər dünyanın müxtəlif ölkələrində baş verən böhran və tənəzzül bir daha sübut edir ki, ilk növbədə təhlükəsizlik təmin olunmadan cəmiyyətin inkişafı mümkün deyil. F.Nəbiyev deyib ki, bütün hökumət strukturlarında fəaliyyətin milli maraqlar, qanunçuluq, insan hüquq və azadlıqlarının aliliyi prinsipləri üzərində qurulmasını əsas məqsəd kimi müəyyənləşdirən Prezident İlham Əliyevin 2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmiz inkişafının yeni mərhələsinə qədəm qoyub, müstəqil dövlətimiz gələcək uğurlara və yüksəlişə doğru inamla irəliləyib.

Xidmət rəisi qeyd edib ki, Azərbaycan sabitlik adası kimi əcnəbilərin diqqətini çəkir. Təkcə bu ilin birinci yarısında respublikamız bir sıra beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib və DMX də bu proseslərlə bağlı həvalə edilmiş vəzifələri müvəffəqiyyətlə yerinə yetirib. Bu il keçirilmiş IV İslam Həmrəyliyi Oyunları, Formula-1 Azərbaycan Qran-Prisi, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın yaratdığı növbəti mükəmməl təşkilatçılıq modeli idi. İstər bu mötəbər layihələrlə bağlı, istərsə də müxtəlif məqsədlərlə əlaqədar ölkəmizə təşrif buyuran əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin respublikamıza sərbəst gəlməsinin və getməsinin təşkili, miqrasiya ilə bağlı məsələlərin operativ şəkildə həlli istiqamətində hesabat dövründə zəruri tədbirlər görülüb.

Vurğulanıb ki, miqrantlar adətən iqtisadi cəhətdən yüksək inkişaf etmiş ölkələrə üz tuturlar. Turizm sektorunun inkişafı ilə bağlı görülən işlər, “ASAN viza” sisteminin tətbiqi, sabitlik altı ay ərzində Azərbaycana səfər edən əcnəbilərin sayının kifayət qədər artmasına səbəb olub. Bu ilin birinci yarısında 1 milyon 199 min 770 halda 747 min 107 əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkəyə daxil olduqları Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə qeydə alınıb. Bu rəqəm 2016-cı ilin müvafiq dövründə 955 min 279 halda 529 min 924 nəfər olub. Altı ay ərzində ölkədə qalma müddətinə müvafiq olaraq, 328 min 159 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınmaqla bağlı müraciət edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur. Bu ilin birinci yarısında İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, cərimə edilməklə 48 saat ərzində ölkəni tərk etmə ilə bağlı 5391 qərar qəbul olunub.

Diqqətə çatdırılıb ki, hesabat dövründə Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikası ərazisində olma və yaşama icazələrinin alınması, haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması, qaçqın statusunun müəyyənləşdirilməsi, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa, xitam və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 45 min 99 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərar qəbul edilib. Cari ilin altı ayı ərzində Xidmətin “Çağrı mərkəzi”nə 46 min 992 zəng daxil olub.

F.Nəbiyev xüsusi vurğulayıb ki, Xidmətin əldə etdiyi nailiyyətlər Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğının nəticəsində mümkün olub.
Xidmət rəisi Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin verdiyi konkret göstərişləri xatırladıb. Bildirib ki, qarşıya qoyulmuş vəzifələrin vaxtında və düzgün icrası üçün hər bir miqrasiya əməkdaşı fəaliyyətini yüksək peşəkarlıqla, ciddi tələbkarlıq şəraitində yerinə yetirməlidir.

Sonra struktur bölmə rəhbərlərinin məruzələri dinlənilib.
Müşavirəyə yekun vuran Xidmət rəisi bildirib ki, “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən DMX müraciət edənlərin məmnunluğunun təmin edilməsi, dövlətimizin təhlükəsizliyi, daxili əmək bazarının qorunması, miqrasiya proseslərinin tənzimlənməsi kimi vəzifə və tapşırıqları bundan sonra da müvəffəqiyyətlə yerinə yetirəcək.