Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan konsulluğunun dəstəyi ilə Sankt-Peterburq televiziyasında ölkəmiz haqqında silsilə verilişlər yayımlanmaqda davam edir

17 İyul 2017
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun dəstəyi ilə Rusiyanın şimal paytaxtının mərkəzi televiziya kanalında “Azərbaycana aparan yol” silsiləsindən növbəti veriliş yayımlanıb.

Azərbaycanın ecazkar gözəlliyi, xalqımızın tarixi, qədim adət-ənənələri, mədəniyyəti barədə məlumatların yer aldığı “Azərbaycana aparan yol” verilişində bu dəfə Qobustan dövlət tarixi-bədii qoruğundan söhbət açılıb. “Qobustan – bəşəriyyətin beşiyi” adlı filmdə qeyd edilir ki, bura açıq səma altında qoruq-muzey kimi böyük şöhrət qazanıb. Qoruq ərazisində alimlər tərəfindən 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib. Vurğulanır ki, Azərbaycan insan yaranandan bu günədək bəşər tarixinin bütün dövrlərinə aid tarixi-arxeoloji abidələrlə zəngin ölkədir. Qobustan qayaüstü təsvirləri mövzu müxtəlifliyi, süjet orijinallığı və müəyyən bədii ustalığı ilə seçilir. Qayalarda kişi və qadın, vəhşi heyvan təsvirlərinə, atlı və piyada ov səhnələri, döyüş səhnələri, kollektiv əmək səhnələri, qurban kəsmə, biçin səhnələrinə rast gəlinir. Qayalar üzərində Azərbaycan xalq rəqsi olan “Yallı”nı xatırladan tək və qrup halında mərasim rəqsləri təsvir olunub.

Qobustan milli tarixi qoruğuna həsr olunmuş filmdə deyilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəxsi səyləri nəticəsində 2007-ci ildə Qobustan qayaüstü təsvirləri, mədəni landşaftı ilə birlikdə UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilib. 2013-cü ildə Qobustan qoruğuna UNESCO tərəfindən Ümumdünya Mədəni İrs Siyahısında olan çox az sayda tarixi ərazilərə şamil edilmiş “gücləndirilmiş mühafizə” statusu, Azərbaycan Prezidentinin Sərəncamı ilə “Milli qoruq” statusu verilib.



AZƏRTAC