Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Olimpiadada medal qazanan məktəblilərimiz Vətənə qayıdıblar

17 İyul 2017
Tailandda keçirilən 49-cu Beynəlxalq Kimya Olimpiadasında medal qazanan məktəblilərimiz Vətənə qayıdıblar. Qalibləri Heydər Əliyev Beynəlxalq Aeroportunda Təhsil Nazirliyinin əməkdaşları, valideynləri, müəllimləri, sinif yoldaşları və media nümayəndələri qarşılayıblar.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, olimpiadadan məktəblilərimiz bir qızıl, bir gümüş, bir bürünc medal qazanıblar. Akademik Zərifə Əliyeva adına Liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Ramil Babazadə 78 ölkənin məktəblilərinin iştirakı ilə keçirilən olimpiadada qızıl medal qazanıb. O, eyni zamanda, bu il keçirilən respublika fənn olimpiadasında qalib gələrək “Birincilərin birincisi” nominasiyasına layiq görülüb.

Bu mötəbər elm yarışında, həmçinin Bakı şəhəri 160 nömrəli klassik gimnaziyanın 10-cu sinif şagirdi Nəriman Mirişov gümüş, Lənkəran şəhəri 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Turan Məmmədli isə bürünc medal qazanıb.

Qeyd edək ki, 2015-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə keçirilən 47-ci Beynəlxalq Kimya Olimpiadasında Hüseyn Babayev və Sergey Styopin bürünc medala layiq görülmüşdülər.