Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Tovuzda baramaçılığa maraq çoxdur

16 İyul 2017
 

Cari ildə bu sahədə məhsul təhvilinin 6 dəfə artacağı gözlənilir

 

Bölgələrdə kənd təsərrüfatının ayrı-ayrı sahələrinin, o cümlədən iqtisadi cəhətdən səmərəli olan baramaçılığın inkişafı istiqamətində zəruri tədbirlər görülür. Həyata keçirilən tədbirlər nəticəsində ipəkçiliyin müasir infrastrukturunun yaradılmasında uğurlu nəticələrə nail olunur.

Ənənəvi sahələrdən olan baramaçılığın inkişafı Tovuz rayonunda da diqqət mərkəzindədir. Qısa müddətdə gəlir gətirən bu sahəyə maraq ildən-ilə artır. Xüsusən  baramanın satın alınması qiymətinin 9 manata qaldırılması rayon sakinləri üçün stimul olmuşdur. Məhz bunun nəticəsidir ki, keçən il 1550 kiloqram barama yetişdirən Tovuz kümçüləri bu il həmin rəqəmi 6 dəfəyədək artırmağı qarşılarına məqsəd qoymuşlar.

Hazırda rayonun 28 kəndində bu işlə məşğul olurlar. Dondar Quşçu kəndinin sakini Validə Qasımova deyir ki, əvvəllər də barama yetişdirib. Lakin bu sahəyə ögey münasibət və baramanın satışında yaranan problemlər onun da əlini işdən soyutmuşdu: “Sağ olsun Prezident, bu gəlirli sahənin yenidən dirçəldilməsi üçün müvafiq tapşırıqlar verdi. Artıq iki ildir ki, ata-baba peşəmizi yenidən bərpa edirik. Baramanın satış qiyməti də bizi qane edir. Söz vermişdim ki, bu il 100 kiloqram barama verim. Artıq 100 kiloqramdan çox məhsul satmışam”.

Qeyd etmək lazımdır ki, baramaçılığa sərhəd kəndlərində də böyük maraq var. Məsələn, Əlibəyli kəndinin sakini Vaqif Rzayev iki ildir ki, baramaçılıqla məşğul olur və ailəsinin dolanışığında onun böyük əhəmiyyət daşıdığını qeyd edir. Deyir ki, keçən il 70 kiloqram barama istehsal etmişdisə, bu il 100 kiloqrama çatdırıb.

Tovuz Rayon İcra Hakimiyyətinin məsul işçisi Fərman Qurbanovdan öyrəndik ki, əhali  digər sahələr kimi baramaçılığa da böyük maraq göstərir. Çünki cəmi 40 günə  qədər vaxt tələb edən baramaçılıqda qazancı pis olmur. Barama təhvilindən sonra kənd sakinləri digər məhsulların istehsalı ilə də məşğul olurlar, bunun da sayəsində illik gəlirləri xeyli artır. Yeri gəlmişkən onu da bildirək ki, məhsulun yığım dövründə təkcə barama yetişdirən ailə üzvləri deyil, günəmuzd qaydada əməkhaqqı ödənilməklə digər kənd sakinləri də bu işə cəlb edilirlər.

Məlum məsələdir ki, baramaçılığın inkişafında yem bazasının yaradılması vacib amillərdəndir. Tovuzda bu istiqamətdə də tədbirlər görülür. Belə ki, keçən il rayon ərazisində 10 min tut tingi basdırılmışdır ki, onun da 90 faizində çıxış alınmışdır. Tinglərin 7 mini meşə fondu torpaqlarında, 3 mini Əyyublu, Aşağı Quşçu, Vahidli və Aşağı Öysüzlü kəndləri ərazilərində əkilmişdir. Hazırda həmin sahələrdə suvarma işləri aparılır. Mütəxəssislərin dediklərinə görə, yaxın bir neçə ildə həmin ərazilər baramaçılıq üçün zəngin yem bazasına çevriləcək.

 

S.ƏLİYEV,

“Azərbaycan”