Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Türkiyə 15 iyul zəfərinin ildönümünü təntənə ilə qeyd edir

15 İyul 2017
Türkiyədə 2016-cı il iyulun 15-də törədilmiş dövlət çevrilişi cəhdinin qarşısının alınmasının ildönümü münasibətilə izdihamlı mitinq-yürüş keçirilir.

Ən böyük izdiham İstanbulda təşkil olunub. İnsanlar 15 iyul şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq, hadisə baş verən gecədə olduğu kimi, xalqın bu tarixi zəfərini küçə və meydanlarda qeyd edirlər. “15 İyun Şəhidləri” körpüsündə keçirilən anım mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım və digər rəsmi şəxslər iştirak edirlər. Mərasim “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.

Yerli televiziyalar mitinq-yürüşlərdən canlı reportajlar yayımlayır.

Rəsmi məlumata görə, dövlət çevrilişi cəhdinin qarşısı alınarkən 250 nəfər şəhid olub, 2193 nəfər yaralanıb. Yaralılar arasında hələ də müalicə olunanlar var.

Qeyd edək ki, Türkiyədə baş verən dövlət çevrilişinə cəhd Azərbaycanda böyük narahatlıq doğurmuş, ölkədə qanuni hakimiyyətin qorunması istiqamətində mənəvi ideoloji dəstək göstərilmişdi. Dövlətimizin başçısı İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng vuraraq, Azərbaycanın Türkiyə xalqı ilə bir yerdə olduğunu bildirmişdi. Həmin gecə AZƏRTAC da Türkiyənin dövlətçilik maraqlarını qorumaq istiqamətində müxtəlif dillərdə 30-dan çox informasiya yaymışdı.

Bu qanlı hadisənin birinci ildönümü Azərbaycanda da silsilə tədbirlərlə qeyd edilib.

İyulun 14-də türkiyəli həmkarına məktub ünvanlayan Prezident İlham Əliyev bir daha 15 iyul şəhidlərinin ruhuna rəhmət, onların yaxınlarına səbir, qardaş türk xalqına dözüm arzulayaraq, bütün taleyüklü məsələlərdə Azərbaycanın türk xalqı ilə həmrəy olduğunu ifadə edib. İyunun 15-də Bakıdakı Heydər məscidində yüzlərlə dindarın iştirakı ilə vəhdət namazı qılınıb, Türkiyə dövlətçiliyi naminə canlarını fəda etmiş qəhrəman şəhidlərin ruhuna dualar, müqəddəs Qurani-Kərimdən ayələr oxunub. Bütün bunlar Türkiyənin aparıcı KİV-lərində geniş işıqlandırılıb.

Türkiyədə 15 iyul hadisələrinin birinci ildönümü ilə bağlı mərasimlərə iyulun 11-dən start verilib. Dövlət və hökumət nümayəndələrinin KİV təmsilçiləri ilə keçirdikləri görüşlərdə Azərbaycanın qardaş dəstəyi xüsusi ehtiramla xatırlanıb.

Ortada bir gerçəklik var: bir il öncə Türkiyə xalqı Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə canı və qanı, şəhidlərin qanı hesabına öz dövlətçiliyini qətiyyətlə qorudu. Bu, qanlı olduğu qədər də, şanlı bir tarixdir. Azərbaycan tarixin bütün dövrlərində olduğu kimi, bu şərəfli mücadilədə də qardaş Türkiyə dövlətinin və xalqının yanında oldu, hərtərəfli dəstəyini ondan əsirgəmədi.

 

AZƏRTAC