Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İqlim dəyişmələri Asiyada inkişafa mənfi təsir edəcək

15 İyul 2017
 İqlim dəyişmələrinin davam etməsi Asiya və Okeaniyada dağıdıcı nəticələrə gətirib çıxara bilər. Bu barədə Asiya İnkişaf Bankının xəbərdarlığına istinadən “Lenta.ru” saytı xəbər verir.

Bankın dərc etdiyi hesabatda qeyd edilir ki, mövcud vəziyyət davam edərsə, əsrin sonunadək Asiyada hərarətin altı dərəcə artacağı gözlənilir. Nəticədə Cənub-Şərqi Asiyanın bir çox ölkəsində düyü məhsulu 50 faizədək azalacaq. Bu isə kəskin ərzaq çatışmazlığına gətirib çıxara bilər.

Bundan əlavə, 2050-ci ilədək daşqınlar və digər təbii fəlakətlərin 2005-ci illə müqayisədə 9 dəfə artacağı və nəticədə dəyən zərərin 52 milyard dollara çatacağı gözlənilir.

Eyni zamanda, 2050-ci ilədək daşqınlardan daha böyük zərər çəkə biləcək 20 şəhərdən 13-nün  Asiya-Sakit okean regionunda yerləşdiyi bildirilir. Həmin siyahıya Tailandın paytaxtı Banqkok, Çinin Quançjou və Yaponiyanın Naqoya şəhərləri daxildir.