Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Türkiyə öz gücünü sübut etdi

15 İyul 2017
 

Sınaqlı günlərdə yumruq kimi birləşən türk xalqı demokratiyaya sahib olduğunu bütün dünyaya göstərdi, imtahandan üzüağ çıxdı

 

Binali YILDIRIM,
Türkiyə Respublikasının Baş naziri

 

Türkiyə Respublikasının tarixində ən qanlı terror hücumunu dəf etməyimizin üstündən tam bir il keçir. Türkiyə bu bir il ərzində möhkəmliyini, bərpa olma qabiliyyətini, gücünü sübut etmişdir. Aradan keçən bir ilə yenidən nəzər salmaq və irəliyə doğru baxmaq əhəmiyyətlidir.
Hər şeydən əvvəl nələrlə qarşılaşdığımızı yada salmaq lazımdır. Həmin gecə yaşadıqlarımız Türk ordusunun sıralarına sızmış, özünü “kainat imamı” hesab edən, ağlını itirmiş bir şəxsə tabe olan xəyanətkarların türk dövlətinə qarşı təcavüzü idi. Öz milli parlament binasına bomba yağdıran, terror təşkilatlarına qarşı mübarizəmizin ön sıralarında çarpışan xüsusi təyinatlı polis qüvvələrinin qərargahını yerlə yeksan edən, dinc əhalinin üstünə tanklar sürən, hərbi təyyarələr və hücum helikopterlərindən atəş açan canilərlə üz-üzə gəldik. Tariximiz boyu belə bir vəhşiliklə üzləşməmişdik. Bu terror şəbəkəsi 250 vətəndaşımızı öldürmüş, 2000-dən çox vətəndaşımızı yaralamışdır.
Geriyə doğru baxdıqda, bu son dərəcə kədərli təcrübənin qürur duyacağımız iki həqiqəti aşkara çıxardığına şahid olduq. Bunlardan birincisi türk xalqının cəsarətli və qətiyyətli olmasıdır. Cəmiyyətdəki mövqeyindən və siyasi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımız çevrilişçilərə qarşı küçələrə axışdı. Televiziya kanallarımız çevrilişə cəhd edənlərin hədələrinə, təzyiqlərinə baxmayaraq, verilişlərini davam etdirdilər. türk milləti yumruq kimi birləşdi.
İkincisi türk milləti bütün dünyaya demokratiyaya sahib çıxdığını və çıxacağını nümayiş etdirdi. Xalqımız Türkiyəyə silahlı qrupların yox, yalnız və yalnız demokratik yolla iqtidara gələn hökumətlərin və milli iradənin hakim ola biləcəyini sübut etmiş oldu. Ən güclü legitimlik demokratik legitimlikdir. Bu çətin demokratiya imtahanından ölkə kimi üzüağ çıxdıq.
Lakin həmin gecə nəvəmin bütün saflığı ilə verdiyi sual yaddaşımdan, yaddaşlardan silinməyəcək: “Baba, onlar bizim əsgərlərimiz deyilmi?” Doğrudan da bu necə təfəkkürdür ki, bir insanın öz yurddaşlarına, öz qurumlarına, öz simvollarına, öz liderlərinə bu qədər vəhşiliklə təcavüz etməsinə imkan verir?
Bu sualın cavabı qarşılaşdığımız xəyanət şəbəkəsinin öz təbiətində axtarılmalıdır. O gecə teologiya professorunun vasitəsilə liderləri Fətullah Gülənin əmrlərini kor-koranə şəkildə yerinə yetirən cinayətkar şəbəkə ilə üz-üzə qalmışdıq. Mərkəz kimi istifadə etdikləri hərbi bazada FETÖ-yə aid şirkətin rəhbəri ilə təşkilatın idarə etdiyi məktəbin aşkardakı sahibinin qarşısında hərbi salam verən, türk əsgərinin minillik şanlı keçmişindən qismətinə heç bir pay düşməmiş xəyanətkar dəstədən bəhs edirik.
Hökumətimiz əslində Fətullah Gülənin əsl niyyətini 15 iyuldan əvvəl başa düşmüş və hərəkətə keçmişdi. Həmin strukturun dövlətin daxilindəki qollarını ifşa etmək üçün böyük iş aparırdıq. Bu məsələdə də mühüm mərhələyə gəlib çatmışdıq. Lakin 15 iyuldakı çevriliş cəhdi qarşılaşdığımız təhlükənin bizim təxminlərimizdən də uzağa getdiyini, daha dərin və həyati təhlükə daşıdığını üzə çıxardı. Fətullah Gülənin 40 il ərzində türk dövlətini ələ keçirmək üçün qurduğu tələnin böyüklüyü ortaya çıxdı.
FETÖ üzvləri Fətullah Gülənin tapşırığına uyğun olaraq “heç kimə mövcudluqlarını hiss etdirmədən sistemin kapilyar qan damarlarının daxilində hərəkət etmişlər” və addım-addım bədənin həyati əhəmiyyətli orqanlarını sıradan çıxaran virusun səbəb olduğu infeksiya kimi demək olar ki, “bütün güc strukturlarına” nüfuz etmişlər. 15 iyuldan keçən bir il ərzində geniş əhatəli inzibati, cinayət və hüquqi təhqiqatlar aparılmışdır. Çevriliş cəhdini planlaşdıran və tətbiq edən bu struktura aid çox sayda sübutlar əldə edilmışdir.
Əlimizdəki faktlar bunları göstərir: Fətullah Gülənin rəhbərlik etdiyi azğın, gizli inanc sistemi yaratmış strukturla üz-üzə gəlmişik. Təşkilatın məktəbləri və yataqxanaları beyin yuma və döyüşçü hazırlama mərkəzləri kimi fəaliyyət göstərmişdir. Həmin yerlərdə hazırlıq keçən və “Məsih” kimi baxdıqları başçılarına sadiq olan təşkilat üzvlərinin dövlət qurumlarına sızmaları təmin olunmuşdur. Beləliklə, təşkilatın məqsədləri istiqamətində hər cür qeyri-qanuni və qeyri-etik hərəkətləri itaətkarcasına edə biləcək insanlar mühüm vəzifələrə gətirilmişlər. Bu şəxslər dövlət qulluğu vəzifəsi üçün keçirilən imtahanlarda korrupsiya, qeyri-qanuni dinləmə, şantaj və saxta iddialar kimi tələlər qurmuşlar. Xeyriyyəçilik dərnəyi və vəqf adı altında yaradılan bu strukturlar vasitəsilə təşkilat maliyyə mənbələri ilə təchiz olunmuşdur. Böyük holdinqlər və bankların əli ilə milyardlarla dollar həcmində pullar yuyulmuşdur. Təşkilatın media qolu isə təbliğat aləti funksiyasını yerinə yetirməyi öhdəsinə götürmüşdür. Gizli özəklər prinsipi ilə işləyən, bir-birlərini kod adları ilə tanıyan, öz aralarında əlaqə yaratmaq üçün şifrəli üsullar icad edən, üzvlərinə kəşfiyyat qüvvələrinə qarşı mübarizə aparmaq texnikası ilə yanaşı mənsubiyyətlərini gizli saxlamaq taktikaları öyrədən hərəkat “təhsil hərəkatı” ola bilərdimi? Bu yeni nəsil terror təşkilatı özlərindən olmayanları yox etmək üçün istisnasız olaraq bütün metodlardan istifadə etmiş və bu yolla sadəcə iqtidarı yox, Türkiyə Respublikasının dövlətini öz mənfur əməlləri istiqamətində ələ keçirməyə çalışmışdır. Türk millətinin 15 iyulda darmadağın etdiyi elə bu mənfur və təhlükəli əməldir.
Gördüyümüz tədbirlərlə təşkilatın Türkiyədəki bel sütununu qırdığımızı qeyd edə bilərəm. Lakin təhlükə Türkiyə ilə məhdudlaşmır. Təşkilatın bir çox ölkədə Türkiyədəkinə oxşar strukturları mövcuddur. Bunlar indi başqa dövlətlərin daxilində xəyanət toxumu səpməyə davam edirlər. Sağ qalmaq üçün bu dəfə daha da fəal şəkildə qlobal miqyasda iqtisadi və siyasi nüfuz axtarışındadırlar. Bütün dostlarımızı bu məsələ ilə bağlı yenidən xəbərdar etmək istəyirəm.
Türk milləti demokratiyanın asan qazanılmayan, lakin uğrunda hətta həyatın qurban verilə biləcəyi qədər qiymətli bir varlıq olduğunu bütün dünyaya nümayiş etdirmişdir. Bizim başlıca vəzifəmiz bir daha qətiyyən oxşar təhlükə ilə qarşılaşmamaq üçün lazımi qabaqlayıcı tədbirlər görməkdir. Bu çətin prosesi konstitusiya çərçivəsində həyata keçirmək üçün maksimum səy göstəririk. Son təhlillər də Türk demokratiyasına qəsd edildiyini və demokratiyamızın qələbə çaldığını göstərmişdir. Başqa sözlə, məqsədimiz də, mübarizəmiz də demokratiyanı bundan sonra ən təhlükəsiz zirvələrə, ən nümunəvi nöqtələrə çatdırmaq üçün vaxtı gəldikcə lazımi addımları atmaq olacaq.