Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İlham Əliyev yeni diplomatik qələbələrə imza atır

15 İyul 2017
 

Qondarma “referendum”un tanınmaması Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu bir daha təsdiqləyir

 

Hərbi, diplomatik müstəvidə Ermənistandan kifayət qədər üstün olan Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəaliyyət dairəsini genişləndirməsi müsbət nəticələrini verməkdədir. Elə bunun nəticəsidir ki, beynəlxalq miqyasda Ermənistanın işğal siyasəti davamlı olaraq pislənir, onun təcavüz siyasətinə qarşı çıxanların sayı artır.
Eyni zamanda, istər rəsmi Yerevanın, istərsə də onun zəbt olunmuş Azərbaycan ərazilərində yaratdığı separatçı rejimin qanunsuz əməlləri də sərt tənqid atəşinə tuş gəlir. Qarşı tərəfin zəbt olunmuş torpaqlardakı separatçı rejimin “müstəqillik” obrazını yaratmaq istiqamətində cəhdləri də məsxərə ilə qarşılanır.
Qeyd edilənlərin daha bir təsdiqi Ermənistanın təşkilatçılığı ilə separatçı rejimin keçirdiyi “referendum” oldu. Bu “referendum”a dünya miqyasında verilən qiymət Ermənistanın yenidən gülünc duruma düşməsinə gətirib çıxardı. Məsələnin bu tərəfinə nəzər salan Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd edib: “Bu il qondarma separatçı rejim Ermənistanın siyasi rəhbərliyinin təhriki ilə Dağlıq Qarabağda növbəti qondarma, qanunsuz, dırnaqarası referendum keçirmişdir. Bu “referendum”un keçirilməsi əslində onların böyük səhvidir, daha doğrusu, axmaqlığıdır. Onların bir qədər ağlı olsaydı, heç vaxt buna getməzdilər. Çünki bəri başdan bəlli idi ki, dünya birliyi bu qondarma tədbiri tanımayacaq. Belə də oldu. Minsk qrupu bəyanat verdi, onun həmsədrləri - Amerika, Fransa, Rusiya “referendum”u tanımadılar. Avropa İttifaqı referendumu tanımayıb. Qonşu ölkələr - İran, Gürcüstan “referendum”u tanımayıb. Digər ölkələr də oxşar bəyanatlarla çıxış etdilər. Bu qondarma “referendum”un tanınmaması Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu bir daha təsdiqləyir. Bütün dünya və münaqişənin həlli ilə bilavasitə məşğul olan ölkələr bu münasibətləri ilə bir daha təsdiq edirlər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, həqiqətdir, bu, tarixi həqiqətdir və əlbəttə ki, bu həqiqət bir daha qeyd olundu. Bu, Ermənistanın növbəti biabırçılığı idi”.
Xatırladaq ki, cari il fevralın 20-də Dağlıq Qarabağın adının dəyişdirilməsi ilə bağlı separatçıların təşkil etdiyi “konstitusiya referendumu”na dünya sərt reaksiya göstərdi.
Burada əsas məsələlərdən biri də Minsk qrupunun həmsədrlərinin verdiyi bəyanat oldu. Həmin bəyanatda açıq şəkildə qeyd olundu ki, sözügedən “referendum” Dağlıq Qarabağın hüquqi statusunu müəyyən edə bilməz. Bu, o deməkdir ki, Minsk qrupu Ermənistan və Dağlıq Qarabağ ermənilərinin təkbaşına Dağlıq Qarabağın statusunu müəyyən edə bilməyəcəklərini bir daha diqqət mərkəzinə çatdırmış oldu.
Digər rəsmi açıqlamalar da dünyanın işğal edilmiş ərazilərdə keçirilən qanunsuz “referendum”a hansı münasibət sərgilədiyini açıq şəkildə meydana qoydu. Eləcə də Ermənistana mesaj verildi ki, həmin qanunsuz “referendum” Azərbaycan Konstitusiyası, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır və bu səbəbdən də hər hansı bir hüquqi qüvvəsi ola bilməz. Dünyanın bu mövqeyi Azərbaycan diplomatiyasının bir daha uğuru, ermənilərin isə növbəti məğlubiyyəti sayıla bilər.
İndi separatçı rejim özünə yeni rəhbər seçməyə hazırlaşır. İşğalçı rejimin başçısının “mətbuat katibi” David Babayan deyib ki, iyulun sonuncu ongünlüyündə qondarma rejimin “parlamenti” yeni “prezident” seçəcək. Amma qətiyyən şübhə doğurmur ki, qondarma rejimin “parlamentinin” yeni “prezident” seçməsinə də dünya eyni yanaşma nümayiş etdirəcək və bununla da erməni tərəfi yenə özünü gülünc vəziyyətdə qoyacaq.
Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyevin Qarabağ münaqişəsi ilə bağlı toxunduğu digər maraqlı məqam Ermənistanın danışıqlar masasına qaytarılması ilə bağlı oldu. Dövlət başçısı qeyd etdi ki, hələ ötən ilin aprel hadisələrindən sonra Ermənistan danışıqların bərpa edilməsi üçün bir neçə şərt qoyurdu və bunu açıq şəkildə bəyan edirdi: “Mən o vaxt yenə də görürdüm, bilirdim ki, bu, növbəti axmaqlıqdır. Çünki gec-tez onlar danışıqlar masasına qayıdacaqlar, sadəcə olaraq, özlərini olmayan hörmətdən növbəti dəfə salacaqlar. Belə də oldu. İyulun 11-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüblər. Danışıqlar prosesi bərpa edilib, heç bir şərt Azərbaycan tərəfindən qəbul edilməyib, danışıqlar prosesi qeyd-şərtsiz bərpa edilibdir.
Bu, bizim mövqeyimizdir, biz həmişə demişik ki, belə olmalıdır. Bu, Minsk qrupunun həmsədr ölkələrinin də mövqeyidir. Ona görə işğalçını məcbur etdilər və o, danışıqlar masasına qayıdıb. İndi məsələ ondan ibarətdir ki, tezliklə substantiv, yəni, mənalı, konkret danışıqlar bərpa edilməlidir. Danışıqlar nəticəsində torpaqlarımız işğaldan azad edilməlidir, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bizim mövqeyimiz bundan ibarətdir. Bundan kənarda heç bir həll yolu mümkün deyil”.
Ümumiyyətlə, indiki vəziyyətdə Ermənistanın danışıqlar prosesindən yayınması mümkünsüz sayılır və belə halda özünü daha təcrid duruma salır. Eyni zamanda, Azərbaycanın diplomatik gedişləri də Ermənistana əlavə seçim imkanları vermir. Bununla bağlı analitiklər bildirir ki, danışıqlar masasına qaytarılan Ermənistana problemin həlli istiqamətində də real addımlar atması üçün ciddi təzyiqlərin göstərilməsi tamamilə mümkündür.
Artıq rəsmi Bakının təzyiqləri qarşısında Minsk qrupunun həmsədrləri də Ermənistandan real nəticəsi olan danışıqlara başlamağı tələb edir. Qeyd edilən xüsusda erməni politoloq Manvel Sarkisyan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Brüssel görüşü ilə bağlı maraqlı fikirlər səsləndirib: “Azərbaycan hərbi diplomatiya ilə bizi sıxır və bu təzyiq illər boyunca davam edir”. Onun sözlərinə görə, Azərbaycan Qarabağda status-kvonu dəyişdirmək üçün hərbi diplomatiyadan istifadə edir və bunu gizlətmir: “Bakının məqsədi münaqişənin dondurulmuş vəziyyətdə qalmamasıdır, çünki bu, status-kvonun möhkəmlənməsi deməkdir”.
M.Sarkisyan qeyd edib ki, Ermənistan siyasətçiləri səriştəsizdir: “Bizim səriştəsizliyimiz ucbatından, Azərbaycan beynəlxalq aləmdə ciddi nəticələr əldə edir. Bizim siyasətçilər isə müxtəlif bəhanələrlə özlərinə bəraət qazandırır. Görünən budur ki, Azərbaycan hərbi diplomatiyanın bəhrəsini görür, buna görə də Ermənistanın sıxışdırılması prosesini davam etdirəcək. Biz Azərbaycanın bu bacarıqlı diplomatiyasını neytrallaşdıra bilmirik. Əksinə, bizim səriştəsiz siyasətimiz Azərbaycana xeyir gətirir. Faktiki olaraq, biz Azərbaycanın qarşısında dayana bilmirik”.
Beləliklə, Azərbaycanın diplomatik gedişləri fonunda Ermənistan çıxılmaz vəziyyətə düşməkdədir. İndi danışıqlar prosesində düşmən konstruktiv mövqe nümayiş etdirməsə, onda yeni Qarabağ savaşı da qaçılmaz olacaq.
Bu şəraitdə ermənilər üçün ən yaxşı vasitə, heç şübhəsiz, Azərbaycanla danışıqlar masasında sülh yolu ilə münaqişənin həlli yolunu axtarmaq, daha doğrusu, ərazilərimizdən silahlı qüvvələrini çıxarmasıdır. Əks halda, yeni hərbi əməliyyatların başlanması qaçılmaz olacaq və bu dəfə Azərbaycan işğala birdəfəlik son qoyana qədər hərbi əməliyyatları davam etdirəcək. Azərbaycan qarşısında tab gətirməsinin mümkünsüzlüyünü isə Ermənistan ötən ilin aprelindən yaxşı bilir.

Elçin CƏFƏROV,
“Azərbaycan”