Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Vətən fədaisi, əmək qəhrəmanı

15 İyul 2017
 

Oqtay Həziyevin və ailəsinin 23 illik rəşadətli həyatı xalqımızın vətənpərvərlik və igidlik salnaməsinin şanlı səhifələrindəndir

 

...Cocuq Mərcanlının küçələrində hələ ki, səssizlik hökm sürürdü. Kənd də bizim kimi böyük köçün ilklərinin dönüşünü gözləyirdi.
Bu kənddə bir ailə var: Həziyevlər ailəsi. Onlar da gələnlərin intizarındaydılar. İyirmi üç ildən çoxdur Cocuq Mərcanlının işığını yandıran tək ev, tək ocaq bu ailənin olub. Bu gündən isə əlli evdən işıq gələcək, əlli ocağın istisi, hərarəti kəndin iyirmi beş ildir donmuş ruhunu isidəcək.

 

Cocuq Mərcanlıda 23 il yanan tək ocaq

 

Ailənin ilk tanış olduğumuz üzvü iyirmi üç yaşlı Ülvi oldu. Cocuq Mərcanlının küçələrini dolaşdığımız vaxt polis geyimində boylu-buxunlu bir gənc bizə yaxınlaşdı. Tanış olduq. Ülvidən kənddə qalan yeganə ailədə keçən uşaqlıq illərini xəbər aldıq: “Əvvəl darıxdırıcı idi” - dedi: “Sonra öyrəşirsən. Böyüdükcə valideynlərinin keçirdiyi hissləri dərindən dərk edirsən və onlar sənin də qəlbinə hakim kəsilir. Bilirsən ki, doğma yurdsuz yaşamaq olmaz. Biz heç aprel döyüşlərində də Cocuq Mərcanlını tərk etmədik. Bəlkə də mən nə vaxtsa, işlə əlaqədar bir müddətə gedə bilərəm, amma burdan başqa halda çıxmaram”.
Ülvi bizi evlərinə dəvət etdi. Evdə anasından və nənəsindən başqa heç kim yox idi. Ailənin başçısı Oqtay Həziyev qardaşı qızı Aynurəni qəbul imtahanına aparmışdı. Aynurə də Ülvi kimi bu evdə böyüyüb. Qonşu kənddəki orta məktəbdə oxuyub.
Onlar gələnədək ailənin ağbirçəyi Minarə ana ilə dərdləşdik. Doqquz övlad böyüdüb. Onlardan ikisi cavan yaşında vəfat edib. İki oğlu və onların ailələri ilə birlikdə 23 ildən çoxdur Cocuq Mərcanlıda yaşayır. Danışdıqca nurlu simasına kədər çökür: “Heç ağlımıza gəlməzdi ki, ermənilər bizdən torpaq ala bilər” - deyir: “Əvvəl eşitdik ki, orda-burda qarışıqlıq yaradırlar. Getdikcə vəziyyət gərginləşdi. Yenə ata-baba yurdunu, evimizi qoyub gedəcəyimizi düşünmürdük. 1993-cü ilin yayında Cəbrayıl işğal olundu. Biz hələ yurdumuzdaydıq. Ermənilər kəndi aramsız atəşə tuturdular. Xəbər gəldi ki, Lələtəpəyə iki böyük maşındolusu ermənilər daxil olur. Atışma gücləndi. Ondan sonra rayondan çıxmağa başladıq. Uşaqlı-böyüklü Araz çayı ilə İran tərəfə keçdik. Orada çox qalmadıq. Ancaq daha Cocuq Mərcanlıya qayıda bilmədik. Ermənilər Cəbrayılı işğal etmiş, kəndimizi dağıtmışdılar. Eh qızım, necə oğlanlarımızı qırdılar... Qaçqın düşənlərin də çoxu evinin, el-obasının həsrətinə dözə bilmədi. Cocuq mərcanlılardan kim, harada vəfat etsə, gətirib qonşu Qazaxlar kənd qəbiristanlığında torpağa tapşırırdılar. Qədim, böyük qəbiristanlıqdır. Dolub artıq...”

 

Kəndi sonuncu tərk etdi və qayıdan ilk sakin oldu

 

Bir azdan qardaşı qızı ilə gələn Oqtay Həziyev də söhbətimizə qoşuldu. Cocuq Mərcanlının geri dönən sakinləri ilə bağlı sevincini bizimlə bölüşdü: “Qoy kəndimizdə bundan sonra da Azərbaycan dövlətinə layiq vətəndaşlar yetişsin. Sağlam ruhda böyüyən insanlarımız vətənimizi, dövlətimizi qorusunlar”.
Cocuq Mərcanlının artıq bütün ölkədə məşhurlaşmış sakini bu kənddə 1967-ci ildə dünyaya göz açıb. Kəndləri erməni silahlıları tərəfindən yağmalananda onun 26 yaşı olub. Evli idi. Qarabağ uğrunda döyüşlərdə könüllü kimi iştirak edib. 1993-cü ilin 23 avqustunda Cəbrayıl rayonu işğal olunub. Oqtay Həziyev danışır: “Rayonun işğala məruz qalan yuxarı kəndlərinin əhalisi bura köçmüşdü. Cocuq Mərcanlı da sanki yanar odun içindəydi. Amma nə qədər təhlükəli olsa da, heç kim kəndi tərk etmək istəmirdi. Hələ də qəlbimizdə ümid vardı. Elə bilirdik Cocuq Mərcanlı düşmən əlinə keçməz. O təlatümlü günlərdə atam Əbil vəfat etdi. Bizim Cocuq Mərcanlının yüz ildən çox yaşı olan qədim qəbiristanlığı Lələtəpədə yerləşir. Atam o qəbiristanlıqda dəfn olunan axırıncı cocuq mərcanlılı oldu. Onun qırxı günü kənd camaatı bizə yığışdı...”
1993-cü ilin 23 oktyabrı idi. İri qazanlarda ehsan yeməkləri bişirilmiş, Quran oxunmuşdu. Süfrələr açılanda atəş səsləri yenə gücləndi. Kənddə nəinki böyüklər, uşaqlar da buna adət etmişdilər. Ancaq bu dəfə atışma səngiyənə oxşamırdı. Xəbər yayıldı ki, maşınlarla Lələtəpəyə gəlmiş ermənilər kəndə doğru irəliləyirlər. Ev sahibləri məcbur olub yasa gələnləri süfrədən qaldırdılar. Ehsan yeməkləri süfrədə, qazanlarda qaldı.
Çarəsiz olan cocuq mərcanlılar illər boyu əziyyətlə, zəhmətlə tikdikləri evlərini tərk etdilər.
Çayın o üzündən kəndlərinə baxırdılar. Ermənilərin Cocuq Mərcanlıya girəndə ilk yandırdıqları evlərdən biri Oqtaygilin ata ocağı idi.
İşğaldan sonra erməni döyüşçüləri dörd ayadək bu kənddə qaldılar. Fürsətdən istifadə edən erməni camaatı da gəlib Cocuq Mərcanlıdakı evlərdən mebelləri, xalçaları və digər əşyaları daşıyıb apardılar. Oqtay Həziyev deyir: “Cocuq mərcanlılar çox zəhmətkeşdirlər. Baramaçılıqla məşğul olurdular, mal-qara saxlayırdılar, əkin-biçin aparırdılar. Hamı əlinin qabarı, alnının təriylə özünə yaxşı gün-güzəran qurmuş, gözəl evlər tikmişdilər. Bir də sovet dövründə tingçilik təsərrüfatı sovxozumuza yüksək gəlir gətirmiş, dövlət tərəfindən xeyli texniki avadanlıq verilmişdi. Hamısı idarənin qarajında qalırdı. Ermənilər onları da daşıdılar. Yanvarın 4-də hərbi əməliyyat keçirildi. Düşmən ordusu işğal etdiyi ərazini tərk edəndə onu yenidən dağıdır. Erməni silahlıları da Cocuq Mərcanlıdan çıxarkən onu talan etdilər”.

 

Köçkün taleyi ilə barışmayanlar...

 

...Yurdlarından didərgin salınmışdılar. Erməni silahlılarının zülmündən qaçıb Azərbaycanın müxtəlif yerlərinə səpələnmişdilər. Onlara “qaçqın” deyirdilər. Bu yeni ada alışa bilmirdilər. Qaçqın sözü ürək sıxıntılarına çevrilmişdi. Vətəndə yurdsuz, evsiz-ocaqsız qalmışdılar. Üz tutduqları obalarda üzlərinə soyuq baxan yox idi. Onların dərdi bütövlükdə Azərbaycanın idi. Ancaq hər dəfə qaçqın adlandırılanda dünya onlara dar gəlirdi.
Həziyevlər də həyatlarının ən çarəsiz günlərini yaşayırdılar. Oqtay danışır: “Biz tərəkəməyik. Tərəkəmələr dədə-babadan düşərgə seçməkdə çox həssasdırlar. Mən də İmişlidə su təsərrüfatı idarəsinin həyətini seçdim ki, qohum-əqrəba çoxdur, bir yerə cəmləşək. Ev-eşiyindən didərgin düşmüşlərə yardım edilir, çadırlar paylayırdılar. Mən almadım. Məcburi köçkün siyahısında adım da yoxdur. Cocuq Mərcanlını tərk etdiyimiz andan özümə yer tapa bilmirdim. Su təsərrüfatı idarəsinin həyətindən çıxdıq, İmişlidə, daldalanacaq yeri də olmayan Muğan düzündə binə qurduq. Kədərli mənzərə idi. Tanımadığın ərazidə ətrafa göz gəzdirirsən, görürsən hamı sənin kimi qaçqındır. Dünyada ən ağır dərdlə üzləşmişdik. Kənddən ayrıldığımız üç ay olardı. Məndən böyük İsgəndər adlı qardaşım var idi. Rəhmətlik qoçaq adam idi. Araz çayını keçəndə çoxunun əlindən tutub xilas etmişdi. Onunla məsləhətləşdik. Dedik ki, geri dönək. Hələ müharibə gedirdi. Əhmədbəyli kəndinə yaxın seyid türbəsi var. Anam, iki qardaşımla - İsgəndər və Ariflə on gün qabaq gedib onun yanına sığındılar. Biz də arxalarınca, mənim maşınımla gəldik. İndi qaçqınlar üçün salınmış qəsəbənin yeri boş əraziydi. Bir az orda qaldıq. Qazaxlar kəndində yaşayan qohumumuza pənah apardıq. Çətin dövr idi... Ordan gedib qısa müddət Mirzənağılılar kəndində qaldıq. Gördüm yenə qaçqınlıq mənə ağır gəlir. Qərar verdim ki, öz kəndimizə gedək, ölsək də, qalsaq da ordan çıxmayaq. Ermənilər kəndi yerlə yeksan etmişdilər. Boş əkin sahəsinə gəldik, ərazini təmizlədik. Ev tikəndə hamı mənə qəribə baxırdı. Deyirdilər, sizi qıracaqlar. Doğrudan da təhlükəliydi. Qonşu kəndin adamlarından neçəsi erməni gülləsindən, minadan zərər çəkdi. Qazaxlardan bir az yuxarı iki uşaq minaya düşdü. Həmin kənddə Şakir adında igid bir oğlan var idi. Otlağa gedəndə atının ayağı altında mina partladı. Təsadüf elə gətirdi ki, onların meyitlərini mən toplayıb evlərinə apardım”.

 

Erməni təcavüzünə meydan oxuyan ailə

 

İyirmi beş il idi Cəbrayıl sakinləri heç olmasa, doğma yurdunda dəfn olunmaq, onun torpağına qarışmaq arzusu ilə ölürdülər. Bu son istəkləri də gözlərində qalırdı. Lələtəpə düşmən işğalında olduğu üçün vəfat edən kənd adamlarını qonşu Qazaxlar qəbiristanlığında məzara qoyurdular. Doğma kənddə yaşayan Həziyevlər də əzizlərinin məzarını ziyarət edə bilmirdilər.
Oqtay Həziyev Lələtəpəyə keçən ilin aprelində, döyüşlər zamanı gedib. İyirmi dörd il görmədiyi yerlər dəyişmişdi. Lələtəpə işğaldan azad edildikdən sonra kənd qəbiristanlığını gəzən Oqtay dəhşətə gəldi. Ermənilər dünyada görünməmiş vəhşiliklər törətmiş, qəbiristanlığı tamamilə dağıtmışdılar. Yalnız iki məzar təsadüf nəticəsində salamat qalmışdı: “Sanki məni ildırım vurdu” - Oqtay deyir: “Ermənilər ölülərimizin sümüklərini məzarlarından çıxarmışdılar. O qədər həyəcanlıydım ki, atamın qəbrini tapa bilmirdim. Həm də neçə illərdi oraları görmürdüm, atamın məzarına həsrət qalmışdım. Biz ona başdaşı qoymağa da macal tapmamışdıq. Sonra qardaşımla yenidən getdik. O, atamızın dəfn olunduğu yeri tapdı”.
Gözləri yol çəkir. Ömrünün ən ağır günlərini bir-bir yada salır: “Gecə saat 2-də evdən çıxırsan, gözlərini zülmətə dikirsən. Fikirləşirsən ki, hər şey ola bilər. Gecənin qaranlığında, çölün düzündə hər kol sanki adamın üstünə gəlir. Özünə görə qorxmursan. Ailəni, uşaqlarını düşünürsən. Gecələr fikirləşirdim ki, dan yeri sökülsün, səhər tez açılsın. Yəni gündüzlərdən qorxmurdum. Hər gecə adama bir il qədər uzun görünürdü. Bəzən aylarla əynimdən paltarı çıxarmamışam. Həmişə silahlı yatmışam. Yatmaq deyəndə ki, düz-əməlli yuxuya da getmirdim. O qədər qohum, dost, tanış vardı. Heç birinin xeyir-şər məclislərində doğru-dürüst iştirak edə bilmirdim. Harasa getməli olsaydım, mütləq həmin gün evə dönməliydim. Düşünürdüm ki, ailəm güllənin qabağındadır. Mən ailənin başçısıyam, onlar gözlərini mənə dikiblər. Bilirdim qadınlar, uşaqlar üçün burda yaşamaq daha ağırdır. Belə günlər yaşadıq. Bu gün baxıram Cocuq Mərcanlıya, küçələrimiz çıraqban, yollarımız geniş, rahatdır. Gözəl evlər tikilib. Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə böyük işlər görülür. Həsrətdən cana doymuş cocuq mərcanlılar sevinclə geri dönürlər. Hər kəs öz yurdunda yaşamalıdır. Ermənilər xeyli cavan oğlanlarımızı, körpə balalarımızı qətlə yetiriblər. Biz onlardan sonra canımızdanmı qorxacağıq? Ölsək də kök saldığımız torpaqda dəfn olunarıq”.

 

Boz səhralar gülüstana çevrilir

 

İllərlə Cocuq Mərcanlıda qalan yeganə ailənin üzvləri bizi yola salırlar. Oqtay Həziyev qolunu səksən üç yaşlı anasının boynuna dolayır: “Anamın iki oğlu - mən və kiçik qardaşım ailəmizlə burda yaşayırıq. Hərəmizin iki övladımız var. Anam daha sakit yerdə, rahat yaşaya bilərdi. Dəfələrlə dedik ki, yaşlı adamsan, bəlkə gedəsən... Heç eşitmək də istəmədi. Oğlanları, gəlinləri, nəvələri burdaydı. Bizi qoyub gedə bilmədi. Bax, qəhrəman ana budur”.
Oqtay Həziyevin böyük sevgi ilə anası barəsində söylədiyi bu sözlərdə həqiqət var. Prezident
İlham Əliyev Cocuq Mərcanlıda olarkən Həziyevlər ailəsi ilə görüşüb, onların yurda bağlılıqlarını yüksək dəyərləndirib. Oqtay Həziyev Azərbaycan Prezidentinin sərəncamı ilə yeni təsis edilən I dərəcəli “Əmək ordeni” ilə təltif olunub.
O, öz həmkəndlilərini yaxşı tanıyır. Deyir ki, onlara boz səhra ver, bircə ildən sonra gəlib görəcəksən gülüstana çeviriblər: “Bura da boş sahəydi. Bir kölgəlik tapmırdıq. İndi bağ-bağatımız, mal-qaramız, hər şeyimiz var. Həyətimizdə arıçılıqla da məşğul oluruq. Çox işləyirik, yaxşı da dolanırıq. Bu il əkin sahəmizdən 30 ton buğda toplayıb anbara yığmışıq. Biz iki qardaş, ailə üzvlərimiz hər səhər saat 5-də yuxudan durub təsərrüfat işlərinə başlayırıq. Cocuq mərcanlıların hamısı zəhmətə bağlıdırlar. Əsas yurda dönmək idi. Dövlətimiz bizim üçün nə lazımdırsa, yüksək səviyyədə etdi. Qayıdış proqramına burdan başlanıldı. Sübut olundu ki, rayonlarımız alınanda dövlət hər vətəndaşına Cocuq Mərcanlıda olduğu kimi gözəl şərait yaradacaq...”
23 il ərzində Cocuq Mərcanlıda yalnız bir evdən işıq közərirdi. İndi daha 50 mənzildən insan hənirtisi, nəfəsi gəlir. Tezliklə daha 100 ev tikiləcək, Cocuq Mərcanlı əvvəlkindən də abad, gözəl olacaq.
Daha sonra isə Ağdamda, Şuşada, Xocalıda... yüzlərlə ev tikiləcək, kəndlər bərpa olunacaq... Unutmayaq, Cocuq Mərcanlı Xankəndinə gedən yolun ilk dayanacağıdır...

Zöhrə FƏRƏCOVA,
Fərman BAĞIROV (foto),
“Azərbaycan”