Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dünya şöhrətli bəstəkar

15 İyul 2017
 

Müasir Azərbaycan musiqi mədəniyyətinin parlaq nümayəndələrindən biri, xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin 70 yaşı münasibətilə bu ilin əvvəlindən etibarən həm Azərbaycanda, həm də xaricdə onun yaradıcılığına həsr olunmuş çoxsaylı tədbirlər keçirilməkdədir. Belə ki, hələ fevral ayında Almaniyanın “H.Sikorski” musiqi jurnalı üz qabığında dünya şöhrətli bəstəkar F.Əlizadənin portretini yerləşdirərək, 2017-ci ilin onun yubiley ili olması barədə geniş məqalə dərc etmişdi. Məqalədə müasir musiqinin ən görkəmli nümayəndələrindən olan Firəngiz xanımın bir sıra ölkələrdə aparıcı musiqi kollektivlərinin ifasında müəllif konsertlərinin, müxtəlif əsərlərinin ifasının planlaşdırıldığı barədə geniş məlumat verilmişdi.

Dünyanın ən yaxşı kvarteti hesab edilən ABŞ-ın “Kronos” kvarteti Firəngiz xanımın dünyada böyük şöhrət qazanmış “Oazis”, “Muğamsayağı”, həmçinin yeni “Rəqs” kvarteti ilə qastrollara start verib. Almaniyanın “Drezden Simfonietta” orkestri yanvar ayında Polşa şəhərlərində, fevralın əvvəlində isə doğma Drezdendə böyük müvəffəqiyyətlə çıxış edərək bəstəkarın “Crossing-II” əsərini müasir musiqinin pərəstişkarlarına təqdim edib. Çox gözəl əsər olan “Crossing-II”də (Çarpazlaşma-II) bəstəkar öz parlaq fərdi intonasiyası ilə mürəkkəb bəstəkar texnikasını birləşdirərək müxtəlif mədəniyyətlərin kəsişmələrinin əsas tendensiyalarını əks etdirir.
Bu ilin aprelində Niderland Krallığında Firəngiz Əlizadənin yeni “Nasimi Passion” adlandırdığı əsərinin uğurlu premyerası oldu. Belə ki, Hollandiyanın “Amsterdam Royal Concertgebouw” konsert sarayında ölkənin kral simfonik orkestrinin, xorunun və solistlərin müşayiəti ilə müəllifin “Nasimi Passion” vokal-simfonik əsəri böyük uğurla ifa olundu. Tarixdən bizə alman bəstəkarı İ.S.Baxın yaradıcılığında öz yüksək ifadəsini tapan, səhnə inkişafı olmadığı üçün oratoriya səciyyəsi daşıyan passion janrında yazılmış “Matfeyin iztirabları”, “İoannın iztirabları”,”Lukanın iztirabları”, “Markın iztirabları” (latın dilində passio - iztirab deməkdir) kimi əsərlər məlumdur. Bunlar İncil mətnlərinə yazılmış İudanın satqınlığı, İsa peygəmbərin əsirliyi və edamı ilə bağlı çəkdiyi əzablardan bəhs edən musiqili-dramatik əsərlərdir. Belə eyniadlı passionlar müasir bəstəkarlardan K.Penderetskinin, S.Qubaydulinanın, A.Pryatın, Q.Alfeyevin, F.Sikstenin əsərlərində də öz ifadəsini tapmışdır.
Lakin İslam dünyası ilə bağlı olan ilk belə əsər məhz Firəngiz Əlizadəyə sifariş olunaraq, onun tərəfindən yazılan, XIV əsrin II yarısı və XV əsrin əvvəlində yaşayıb-yaradan Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin iztirablarını əks etdirən “Nasimi Passion” kompozisiyası oldu. 600 il bundan əvvəl (7 aprel, 1417-ci il) çarmıxa çəkilən və dərisi soyulan Nəsiminin iztirablarını əks etdirən bu vokal-simfonik əsər ingilis mənşəli dirijor Martin Brabbinsin interpretasiyasında təqdim edildi. Maraqlıdır ki, hürufilikdə 7 rəqəmi müqəddəs hesab edilir və məhz təsadüfdənmi və yaxud zərurətdənmi 600 il əvvəl Nəsiminin edam olunması, 2017-ci ildə “Nasimi Passion” əsərinin premyerası və bu il həmin gün Suriyanın Hələb şəhərinin bombalanması məhz 7 aprel tarixinə təsadüf edir. “H.Sikorski” musiqi dərgisində Firəngiz xanım bu əsərlə bağlı öz düşüncələrini belə ifadə edir: “Düz altı əsr bundan əvvəl 1417-ci ildə böyük Azərbaycan mütəfəkkiri, sufi-şair İmadəddin Nəsimi Suriyanın Hələb şəhərində edam edilir. Tarixdən də bizə məlumdur ki, hər dövrün ən seçilmiş insanları öz ölümlərini edam məkanlarında tapmışlar. Bununla bağlı çoxlu sübutlar var. Bu gün isə insanları edama məhkum etməyə ehtiyac yoxdur, Hələb şəhəri hər gün bombalanır, orda günahsız insanlar - böyük mütəfəkkirlərlə yanaşı, uşaqlar və qocalar da öldürülür. Mən “İlahilər” əsəri üzərində işləyərkən, Hələb şəhərində vəziyyət gündən-günə pişləşirdi və bu vəziyyət mənim əsərimə təsir etmədən ötüşmədi”. Şərq və Qərb mədəniyyətlərinin yaxınlaşdırma missiyasını öz üzərinə götürən F.Əlizadə, “Nəsiminin iztirabları” əsərində iki fərqli musiqi mədəniyyətini incəliklə birləşdirə bilib. Simli Avropa alətləri ilə yanaşı, əsərin ifasında əsasən sufi məclislərində istifadə olunan Azərbaycan milli musiqi alətlərinin daxil olduğu əsərdəki maraqlı orkestrləşdirilmə, xorun partiyasının möhtəşəm səslənməsi, bariton səsə malik olan Almaniya Dövlət Teatrının solisti Əvəz Abdullanın ifası və onun partiturada nəzərdə tutulan affektləri (pıçıltı, inilti, qışqırıq) inandırıcı şəkildə çatdıra bilməsi bəstəkarın aparıcı ideya kimi götürdüyü iztirab çəkən Nəsimi obrazının açılmasına xidmət edir. F.Əlizadə bu əsər vasitəsilə Avropa dinləyicisi üçün sirli bir dünyanı canlandırsa da, ifa zamanı mətnin holland dilində tərcüməsinin ekranda yayımlanması tamaşaçıların əsəri daha dərindən dərk etməsinə imkan yaratmış olur.
Seyid Əli Seyid Məhəmməd oğlu adını daşısa da “Nəsimi” təxəllüsü ilə yazıb yaradan hürufi şairinin ideyalarının, poeziyasının və dərvişlərə xas olan həyat tərzinin paradiqması ərəb dilində “nəsim” kəlməsi ilə səba yeli, səhər mehi ilə çox uyğundur. Şair rübailərində hürufiliyin müddəaları, fəlsəfi görüşlərini, həyat və kainat haqqında düşüncələrini yığcam və məntiqi bir dildə ifadə edir. 2015-ci ildə F.Əlizadəyə İslam dininə aid olan ilahinin bəstələnməsinin sifariş olunması və müəllif tərəfindən onun bilavasitə Nəsimiyə həsr olunması da təsadüfi deyildi. Çünki Şərqin fərqli bir təfəkkür tərzi olan orta əsr sufi fəlsəfəsi, eləcə də sufizm təriqətində “hərflər” mənasını verən hüruf sözü Quranın hərf sistemi vasitəsilə izah olunmasına əsaslanır. Bunu xüsusi olaraq vurğulamaq lazımdır ki, Şərq fəlsəfəsinə xas olan sufizm-hürufilik təriqəti və Nəsiminin obrazı bəstəkar üçün böyük maraq kəsb edir. Yəni “Silk Road” layihəsinin əsasını qoyan məşhur violençel ifaçısı Yo-Yo Manın sifarişi ilə F. Əlizadənin skripka, viola, violonçel, zərb, ney, kanon və qiraətçi üçün yazdığı “Dərviş” əsərinə müraciət, Nəsiminin Yaxın Şərq ədəbiyyatına gətirdiyi mütərəqqi ideyalar və fəlsəfi düşüncə tərzinə olan maraqdan yaranmışdı. Böyük şair Nəsiminin sözlərinə yazılmış “Dərviş” əsərində milli alətlər - ney, tütək, kanon, qoşanağara, digər tərəfdən isə violonçel, skripka və alt kimi klassik alətlər öz tembr rəngarəngliyi ilə qeyri-adi səslənmə yaradır. Xatırlayaq ki, milli “səs”i orijinal şəkildə təqdim edən, yəni 1999-cu ildə Dərviş partiyasını ifa edən xanəndə Alim Qasımov UNESCO mükafatı laureatı fəxri adına layiq görülmüşdü.
Aprel ayında Parisdə UNESCO-nun qərargahında da Azərbaycan səfirliyinin təşəbbüsü ilə F.Əlizadənin muğam modusuna aid olan ən maraqlı əsərlərindən - 1993-cü ildə “Kronos” kvarteti tərəfindən sifariş olunan “Muğamsayağı” və Nəsiminin mətninə yazılmış “Dərviş” kompozisiyaları xanəndə Teyyub Aslanovun iştirakı və Nailə Məmmədzadənin quruluşunda xoreoqrafik tamaşa şəklində uğurla təqdim olunmuşdu. Bundan başqa, Parisdə fəaliyyət göstərən “Dimitri Şostakoviç” adına müasir musiqi mərkəzində Firəngiz Əlizadənin 70 illiyi münasibətilə pianoçu, bir çox beynəlxalq müsabiqələrin iştirakçısı Olqa Domninanın konserti keçirilmişdi və o, bəstəkarın 1 saylı sonatasını və piano üçün musiqi əsərlərini ifa etmişdi.
Görkəmli musiqiçinin Azərbaycan Dövlət Opera və Balet Teatrında göstərilən “İntizar” (“Qarabağnamə”) operası böyük maraqla qarşılandı. Müasir opera janrında yazdığı bu səhnə əsərində bəstəkar “Qarabağ” mövzusunu reallaşdırır. Operada Qarabağda yaşayan, qonaqpərvərliyi və ürəkaçıqlığı ilə fərqlənən bir ailənin faciəsi verilsə də, xəmiri xəyanətdən və hiylədən yoğrulan qəsbkar düşmənlərimizin bu ailə ilə yanaşı, bütün dinc sakinlərin sakit həyatını, arzularını məhv edərək onları amansızlıqla qətlə yetirməsi və ərazilərimizi zəbt etməsi təsvir olunur. “İntizar” operası müasir tələblərə cavab verən milli və Qərb musiqisinin sintezindən yaranan bir əsərdir. Əsl layiqli vətəndaş mövqeyi nümayiş etdirən bəstəkar operada Azərbaycan tarixinin yaxın keçmişində baş verən faciəvi hadisələri Xeyirlə-Şərin əbədi mübarizəsi və haqq-ədalətin qələbəsi kimi ümumbəşəri mövzu kontekstində təqdim edir.
Firəngiz Əlizadənin 70 illik yubileyi iyun ayında Bakıda keçirilən musiqi festivalı çərçivəsində bəstəkarın yaradıcılığını əks etdirən çoxsaylı tədbirlər vasitəsilə reallaşdırıldı. Azərbaycan Dövlət Filarmoniyasında festivalın açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Ə.Qarayev F.Əlizadəni geniş yaradıcılıq diapazonuna malik sənətkar kimi səciyyələndirərək ölkə Prezidentinin sərəncamına əsasən təltif olunmuş “Şərəf” ordenini yubilyara təqdim etdi. TÜRKSOY-un baş katibi Düsen Kaseinov yubilyarı təbrik edərək onun təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının fəxri olduğunu vurğuladı və TÜRKSOY-un “Onur” (“Şərəf”) medalını ona təqdim etdi.
F.Əlizadənin yaradıcılıq yoluna nəzər salsaq, keçmiş sovetlər birliyi dövründə, müasir musiqinin qəbul olunmadığı, demək olar ki, qadağan edildiyi bir vaxtda onun pianoçu kimi öz ifası ilə Qərb bəstəkarlarının müasir səpkili əsərlərini yüksək səviyyədə təbliğini, həmçinin müasir bəstəkarlıq texnikasını nümayiş etdirən əsərlərə meyil etməsini görürük. Yəni vaxtilə A.Berqə həsr etdiyi sonatası ilə dodekafoniyanı, Q.Malerə həsr olunmuş “Ölmüş uşaqlar haqqında mahnılar”a yazılmış poeması ilə ekspressionizmi öz yaradıcılığında təcəssüm etdirən F.Əlizadə, vizit kartına çevrilən “Habilsayağı” əsərindən başlayaraq öz yaradıcılıq sferasını dəyişdirir. Müasir musiqinin əksər ifadə formalarından və yazı texnikasından (aleatorika, elektron musiqi, hazırlanmış royal, klasterlər və s.) istifadə etməklə yanaşı, Azərbaycanın ən zəngin xəzinəsi olan muğama məhəbbətdən yaranan yeni üslub, hər bir əsərində muğamı Avropa alətləri vasitəsilə yenidən mənalandırma tərzində təqdim etməsi fərqli kompozisiyaların yaranmasına gətirib çıxarır. Muğamı - janr, ifaçılıq forması, improvizasiyalı musiqili intonasiya texnikası, oxuma meditasiyasında əldə olunan spesifik zil səslər, incə melizmatikadan istifadə olunaraq çatdırılan qeyri-temperasiya sistemi kimi səciyyələndirən Firəngiz Əlizadənin bu sferaya meyillənməsini muğamın fəlsəfi düşüncəni və dərin hissiyyatı ifadə edə bilməsi ilə xarakterizə edir. Bu gün yüksək yaradıcılıq zirvəsində olan müəllif, bir çox ilklərə də imza atıb. Hələ 1985-ci ildə Azərbaycanda ilk dəfə “Ağ atlı haqqında əfsanə” əsəri ilə rok-opera janrına müraciət edən bəstəkar, həm də əsərlərində ilk dəfə Qərb və Şərq alətlərinin autentinqliyini, uyğunluğunu, məqam formullarına əsasən violençeli kamançanı imitasiya edən alət kimi təqdim edir. Hazırlanmış (prepare) royaldan istifadə etməsində məqsəd isə C.Keycdən fərqli olaraq ekzotik səs axtarışları deyil, Azərbaycanın milli musiqi alətlərinin səsini, tembrini təqdim etməyə çalışmasıdır. Müəllif öz əsərlərində Azərbaycanın tarixinə ekskurs edir, məsələn, İslamdan əvvəlki “Odlar ölkəsi” kimi səciyyələndirilən qədim dövrü - zərdüştlüyün simvolu olan “Yanar dağ”, “Atəş” əsərləri vasitəsi ilə çatdırır. A.Hüseynovanın təhlilində bəstəkarın ən sevilən əsərlərindən biri olan “Muğamsayağı” Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının reminissensiyası kimi verilir, yəni aşiq qəhrəmanlar Allahla və bir-biri ilə qovuşmalarının yeganə yolunu ölümdə görərək bununla ahəngə, harmoniyaya çatmış olurlar. Maurisio Kagelin “İnstrumental teatr” anlayışı F.Əlizadənin “Muğamsayağı” əsərində də öz ifadəsini tapır. “Nasimi Passion” əsərində bəstəkar muğamla İ.S.Baxın musiqisinin intonasiyalarının sintezini kamançanın prototipi kimi skripka aləti vasitəsilə təqdim edir.
Azərbaycanda və onun hüdudlarından kənarda həyata keçirdiyi müvəffəqiyyətli, mürəkkəb və maraqlı layihələr Firəngiz xanımı “Qərb və Şərq arasında vasitəçi”, “XXI əsrin Şəhrizadı”, “Planetin insanı” kimi tanıdır və təsadüfi deyil ki, o, UNESCO-nun “Sülh artisti” titulunu daşıyır. Dünyanın bütün qitələrində təqdim etdiyi orijinal kompozisiyalarla tanınan və nüfuz qazanan Firəngiz Əlizadə fəaliyyət sferasının çoxşaxəli olması və zəhmətsevərliyi ilə də dinləyiciləri təəccübləndirməyi bacarır. Belə ki, bəstəkar, pianoçu, dirijor, pedaqoq, musiqişünas, ictimai xadim, yüksək təşkilatçılıq bacarığı ilə seçilən rəhbər, fərqli müsabiqələrdə jürinin sədri, Azərbaycanda keçirilən nüfuzlu - “Muğam dünyası” və “İpək yolu” beynəlxalq festivallarının bədii rəhbəri və s. missiyaların hamısını vaxtında yerinə yetirə bilmək kimi xüsusi bacarıq və istedad hər bir yaradıcı insana müyəssər olmur.
F.Əlizadə yubileyindən öncə Rusiyanın online “Mədəniyyət” kanalında tanınmış şəxsiyyətlərin dəvət olunduğu “Eniqma” layihəsinin qonağı olub, çox maraqlı və səmimi müsahibə verib. “Eniqma”nın müəllifi və aparıcısı “Musiqili olimp” fondunun prezidenti İrina Nikitina verilişin əvvəlində Firəngiz xanımı belə təqdim edib: “1989-cu ildə Kaliforniyada amerikalı bəstəkar və musiqişünas Nikolay Slonimski Firəngiz Əlizadəni zamanı 50 il qabaqlayan təbiətin möcüzəsi adlandırmışdı”. F.Əlizadənin yaradıcılığını təbliğ edən beynəlxalq musiqi nəşriyyatının rəhbəri Dr. H.Sikorski isə yazır: “Firəngiz Əlizadə bizim dövrün lider bəstəkarlarından biri, həm də Qərbdə müasir klassik musiqi sahəsində böyük uğurlar qazanan müsəlman aləminin yeganə nümayəndəsidir”.

Güllü İSMAYILOVA,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent