Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti beş könüllünü Formula-1 İtaliya Qran-prisinə göndərir

15 İyul 2017
 

Bu il Bakıda uğurla keçirilmiş Formula-1 Azərbaycan Qran-Prisindən əvvəl keçirilən təlimlərdə əldə etdiyi hərtərəfli biliyə, həmçinin yarış zamanı göstərdiyi yüksək fəallığa görə seçilən 5 könüllü “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) hesabına sentyabrın 3-də İtaliyada baş tutacaq Qran-Pridə iştirak edəcək.

AZƏRTAC BŞH-yə istinadla xəbər verir ki, fevralın 2-də elan edilmiş müsabiqəyə əsasən, Azərbaycan Qran-Prisinin 3 min könüllüsü yarış zamanı göstərdikləri fəallığa görə qiymətləndirilib və yüksək fəallığı ilə seçilən 260 könüllü növbəti mərhələyə buraxılıb. Bu mərhələdə könüllülər yarışa hazırlıq ərəfəsində BŞH Akademiyasında keçirilmiş seminarlar, Formula-1 Avropa və Azərbaycan Qran-priləri, ümumilikdə Formula-1 tarixindən test üsulu ilə hazırlanmış imtahanda iştirak ediblər.

Qalib könüllülərin adları Azərbaycan Qran-Prisi könüllüləri üçün təşkil edilmiş “Təşəkkür” mərasimində BŞH-nin icraçı direktoru Arif Rəhimov və şirkətin insan resursları və işçi qüvvəsi departamentinin rəhbəri İranə Əhmədova tərəfindən elan edilib.

Könüllülərdən Əhməd Şahbalayev, Sitarə Şərifzadə, Haqverdi Məmmədov, Emin Əlizadə və Səkinə Qəhrəmanzadə ən yüksək nəticə nümayiş etdirərək müsabiqənin qalibləri adına yiyələniblər. Qaliblərə sertifikat təqdim edilib.

Könüllülər sentyabrın 3-də İtaliyaya səfər edərək Qran-Pri yarışını tribunada canlı izləyə biləcək, həmçinin həmkarları ilə qarşılıqlı əməkdaşlığa dair fikir və təcrübə mübadiləsi aparmaq imkanına sahib olacaqlar.

BŞH-nin icraçı direktoru Arif Rəhimov qalib könüllüləri təbrik edib, inkişafa gedən yolda onları dayanmadan öz üzərlərində çalışmağa səsləyib. “Azərbaycan Qran-grisinin uğurla həyata keçirilməsində könüllülər xüsusi rol oynadılar. Buna görə sizə minnətdarıq. Könüllülük inkişafa gedən yolda ilk addımdır və inanıram ki, BŞH-nin bu istiqamətdə atdığı addımlar könüllülərin daha da yüksək nəticələr əldə etməsi üçün gözəl şərait yaradacaq”, - deyə A.Rəhimov əlavə edib.

BŞH-nin İnsan resursları və işçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova qalibləri təbrik edərək gələcək yarışların könüllülərini daha fəal olmağa çağırıb. Qeyd edib ki, builki yarışa hazırlıq çərçivəsində könüllülərin fərdi inkişafı üçün müxtəlif mövzularda proqramlar hazırlanıb və yüksək səviyyədə həyata keçirilib. Könüllülərin inkişafı qarşıda duran ən vacib məsələlərdən biridir və bu ənənə növbəti illərdə də intensiv şəkildə davam etdiriləcək.

O, müsabiqədə iştirak edən hər bir könüllüyə təşəkkürümü bildirib, qalibləri akademiya adından təbrik edib, onlara xoş istirahət arzulayıb.