Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qubada beynəlxalq festival keçirilib

15 İyul 2017
 

Təhsil Nazirliyi və Quba Uşaq Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə Qubada “Dostluq körpüsü” adlı II Beynəlxalq folklor rəqs festivalı keçirilib.

Rayon icra hakimiyyətinin akt zalında qonaqlarla olan görüşdə bildirildi ki, Qubanın tarixi kökləri qədim dövrlərə söykənir. Bu bölgənin xalçaları bütün dünyada məşhurdur. Əhalinin əsas məşğuliyyəti bağçılıqla əlaqədardır. Bağ sahələrinin çox olması rayonun təbiətini daha da gözəlləşdirir, füsunkarlaşdırır. Əhalisinin 9 faizini tatlar, 6 faizini ləzgilər, 1,8 faizini yəhudilər, 1,4 faizini xınalıqlılar, 1,2 faizini mesxet türkləri və sair millətlər təşkil edən Qubada 20-dən çox azsaylı xalqın nümayəndəsi mehribançılıq şəraitində yaşayır. Əsrlərdir ki, rayonda tolerant mühit hökm sürür, burada yaşayan azsaylı xalqların nümayəndələri özlərini azərbaycanlılarla vahid bir ailədəki kimi hiss edirlər.

Rayonun turizm imkanları genişdir. Beynəlxalq standartlara cavab verən onlarla turizm məkanı mövcuddur ki, hər il burada minlərlə əcnəbi qonaq istirahət edir.

Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı faktları festival iştirakçılarının diqqətinə çatdırıldı. Ermənilər əsrlər boyu xalqımıza qarşı qətliamlar törətmişlər. Bu qətliamların bir bariz nümunəsi də Quba Soyqırımı Məzarlığıdır. Azərbaycanlılarla yanaşı, yüzlərlə yəhudi, ləzgi, rus, tat öldürülərək kütləvi şəkildə məzarlıqda basdırılmışdır. Təsadüf nəticəsində aşkar edilən məzarlığı indiyədək 58 dövlətin nümayəndəsi ziyarət etmiş, erməni vəhşiliklərini öz gözlərilə görmüşlər.

Moldovanın “Luventa”, İran İslam Respublikasının “Oynar”, Latviyanın “Tapa”, Şimali Osetiyanın “Dağların ritmi”, Gürcüstanın “Qorda”, Şimali Osetiyanın “Sarmat”, eləcə də İsrailin rəqs qruplarının rəhbərləri çıxış edərək bu kimi tədbirlərin gənclərin, məktəblilərin intellektual inkişafındakı əhəmiyyətini vurğuladılar. Gənclər arasında dostluq əlaqələrinin genişləndirilməsinin vacibliyindən danışdılar. Çıxış edənlərin hər biri Azərbaycan xalqının qonaqpərvərliyinin, dostluğa sadiq olmalarının şahidi olduqlarını dilə gətirdilər.

Görüşdən sonra  festival iştirakçıları Quba Soyqırımı Məzarlığını ziyarət etdilər, gül dəstələri qoydular, xalqımızın tarixi keçmişini əks etdirən muzey sənədləri ilə tanış oldular.

Daha sonra festival rayonun “Yaşıl teatr”ında öz işinə başladı. Minlərlə tamaşaçının iştirak etdiyi konsert çox böyük maraqla qarşılandı. Səhnəyə ilk olaraq İsraildən gələn məktəblilər dəvət olundu. Onların nağıl personajları əsasında hazırladıqları tamaşalar, rəqslər alqışlarla qarşılandı.

Quba Uşaq Yaradıcılıq Mərkəzinin “Könül” rəqs ansamblının  çıxışı da alqışlara qərq oldu. Şimali Osetiyanın “Sarmat”, “Dağların ritmi”, “Şatana”, “Gözəl sonalar”,  respublika Uşaq Gənclər İnkişaf Mərkəzinin “Cücələrim”, İranın “Oynar”, Moldovanın “Luventa”, Latviyanın “Tapa”, Gürcüstanın “Qvozdika” (Qərənfil), “Qorda”,  Qaraçay Çərkəz Respublikasının “Nağaraçalanlar”, Mərdəkan qəsəbə mədəniyyət sarayının “Azərbaycan qartalları” rəqs kollektivlərinin çıxışları heyrətamiz idi. Bir-birindən maraqlı rəqslər hamını heyran qoyurdu.

Tədbirin sonunda rəqs kollektivlərinin rəhbərlərinə Qubanın tarixini, mədəniyyətini özündə əks etdirən bukletlər və hədiyyələr verildi.

Ötən il iyun ayının 13-də Gürcüstan, Azərbaycan, Türkiyə, Moldova məktəblilərindən ibarət və 50-dən çox rəqs qrupunu birləşdirən 350 nəfərlik nümayəndə heyəti rayonda olmuş, böyük konsert proqramı ilə çıxış etmişlər.

Bu il isə həm festival iştirakçılarının, həm də festivalda iştirak edən dövlətlərin sayı xeyli artıb.

 

Akif ƏLİYEV,

“Azərbaycan”