Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gecikmiş şöhrət

15 İyul 2017
 

Təəssüf ki, bəzən öz məşhurlarımızı gec tanıyır, onların böyüklüyünü ehtiyatla etiraf edirik. Nədənsə fikirləşirik ki, bizi başa düşməzlər. Kamal Əhməd də belələrindəndir. O, Azərbaycan incəsənəti tarixində çərçivələri cəsarətlə sındıran, möhtəşəm, heç kimə, hətta zamanın özünə belə əyilməyən, heç nəyi bağışlamayan sərt fırçası ilə əsrarəngiz tablolar yarada bilən nadir sənətkar idi!

Kamal Əhməd 1940-cı ildə İçərişəhərdə anadan olanda 1937-ci illərin repressiyaları artıq səngimişdi. İkinci Dünya müharibəsi isə hələ başlamamışdı. Lakin onun şüuruna özündən və yaşından asılı olmayaraq amansız repressiya ilə ümidsiz müharibəyə dirənən gələcəyin genetik xofu hakim kəsildi, ömrünün sonuna kimi fırçasının kədərli rənglərində onu təqib etdi, tablodan tabloya adladı.
Kamalın fırçası çox nadir hallarda kətanda gülümsəyə, təbəssüm yarada bildi. Bu kədərin, nisgilin köklərini əslində yalnız genetik repressiya qorxuları, ana bətninin zamanın vahiməsindən doğan üzüntüləri və qorxularıyla bağlamaq olmur. Kamal Əhmədin yaradıcılığına müxtəlif yanaşmalarda, onun haqqında yazılan yazılarda rəssamın dünyagörüşünə, fəlsəfi baxışlarına Vəcihə Səmədovanın, Səttar Bəhlulzadənin güclü təsir etdiyi göstərilir. Razılaşmaq mümkündür, amma mübahisələrə də yer var. Çünki Kamal Əhməd öz yaradıcılığında o qədər sərbəst, o qədər bənzərsiz və o qədər qeyri-adi idi ki, onu heç bir ustadı ilə müqayisə etmək mümkün deyil. Hamıya bəxtəvər görünən Füzuli necə dərd əlindən dağa çıxırsa, Kamal da istedadının zirvəsinə heç kimə bəlli olmayan, heç kimin bilmədiyi, dərindən araşdırmadığı fərdi faciələrinin, ruhi sarsıntıların məhrumiyyətləri sayəsində ucalır.
Kamal Əhməd kimdən nələri öyrənməsinə baxmayaraq, bütün yaradıcılığına təsir edən, ruhuna hakim kəsilən, onu hamıdan fərqləndirən keçmişinə bağlıdır. Əli ana laylasından və bir də atasının sədəfli tarının tellərinə sığal verən barmaqlarından üzüləndə o, uşaq idi və ağlına da gəlmirdi ki, Tanrı artıq bu uşaqlığa son qoyub, onu atası, anası, bacı-qardaşları və bütün qohum-əqrəbalarından uzaqlaşdırıb, tərki-dünya edib.
Taleyində sərt dönüşlər baş verən, lil kimi bulanıq suların dibinə çökən səadətinin qeyb olduğunu anlamayan çocuğun gələcəyini böyüklər həll edir, onun üçün evdən yetimxananın daha yaxşı olacağına, ata yurdunu əvəz edəcəyinə ümid bəsləyirlər. Balaca Kamal yenidən Bakıya gətirilir, amma İçərişəhərə yox, Şüvəlandakı uşaq evinə yetimliyin acılarını dadmağa verilir. Bacısı və qardaşı dünyalarını dəyişdiyindən ömrü sanki itkilər və məhrumiyyətlərdən boy alır. Sonralar tənhalıqların, ayrılıqların rəngləri onun yaddaşına həkk olunacaq və keçmişin məhrumiyyətləri insan itkilərinin müqəddəs rəmzləri kimi tablolara axacaq və onu dahiyə çevirəcəkdi.
Müharibə illərinin yetimxanalarının necə olduğunu və hansı qanunlarla yaşadığını bilmirik. Bildiyimiz odur ki, sovet qanunlarından başqa bəzi yetimxanaların tarixə həkk olunmayan qaranlıq səhifələri də var.
Kamal ömrü boyu heç vaxt, heç kimə yetimxananın həyətindəki quyuda uşaq meyitlərinin tapıldığını danışmayacaq. Heç vaxt qorumaq üçün onu gecələr növbə ilə evlərinə aparan tərbiyəçilərinin bunu nə üçün etdiklərini dilə gətirməyəcək. Lakin onun ətrafında yaranan təhlükələrin mahiyyətini anlamaq üçün elə də böyük ağıl sahibi olmaq lazım deyil. Əgər tərbiyəçilər onu gecələr növbə ilə yatmağa öz evlərinə aparırdılarsa, deməli, təhlükələr təsəvvür etdiyimizdən daha çox olmuşdu. O, 18 yaşına kimi beləcə uşaq evində qalır, burada gördükləri onun dünyagörüşünə, həyata münasibətinə və bir də tablolarındakı rənglərə hopub yetimçilikdən, tənhalıqdan və mahiyyəti dərk olunmayan qorxu və təhlükələrdən doğan hüznlü çalarlara çevrilir.
Lakin qorxu Kamalı müti, cəsarətsiz və itaətkar etmədi, onun mənliyini, ləyaqətini və qürurunu sındırmaq gücündə olmadı. Əksinə, yazılmayan qanunlara etirazı, daxili dünyasına sədaqəti onu təbiətən mübariz, çərçivələrə sığmayan inadkar gəncə çevirdi, istedadının cilalanmasına təkan verdi. O, illər keçdikcə daxilən cilalandı, mükəmməlliyə doğru inkişaf etdi və 1964-cü ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirdi.
Ömrünün sonunadək nə alışdığı əski əlifbadan döndü, nə də ruhuna hakim kəsilən mövzulardan əl çəkdi. O, təbiətinə, vərdişlərinə, haqqa və ədalətə sədaqətini axır nəfəsinədək qoruya bildi. Zamanı tabloya atıb surət və rəmzlərində astek və mayya xalqlarının qədim mədəniyyətlərinin ruhuna qovuşdu, Abşeronun aylı gecələrinin və yanağına şeh qonan bağlarının əfsanəvi gözəlliyini, yetimliyinə bəzək verən şanapipikləri və yetimxanadan onu ömrünün sonunadək izləyən tənhalıq qorxusunu, həyatın natamamlığını, onun eybəcər, görkəmsiz tərəflərini fəlsəfi baxımdan yenidən kətana nisgilin kədəri ilə həkk etdi.
Kamal uzun müddət Abşeronun Goradil kəndində yaşadı, yaradıcılıq axtarışlarını davam etdirdi. Tabloları haqqında danışmaz, rəngkarlığının müzakirələrinə qatılmaz, yalnız ruhunun muğama bənzəyən zəngulələrini kətana hopdurardı. Rəssamlar özlərini nadir hallarda çəkirlər. Lakin Kamalda əksinədir. Onun saysız avtoportretləri, emalatxanası, ailəsi, model qadınlar yaradıcılığının ana xəttini təşkil edir. Lakin bu qadınlarda gözəllikdən əsər-əlamət yoxdur. Yaxınları, dostları, həmfikirləri olsa da, həyat yolunda, yaradıcılığında tənha səyyah olaraq addımladı.
Yalnız sovet dönəminin son illərində yaşı 50-ni haqlayanda rəssamın həyatında dönüş baş verdi. 1987-ci ilin aprelində Bakıda ilk sərgisi keçirildi, 1988-ci ildə Moskvada Ümumittifaq sərginin diplomuna, 1989-cu ildə Xəzəryanı respublikaların (Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan) I Biennalesində Qran-pri mükafatına layiq görüldü. 1993-cü ildə rəssam Bakıda Novruz bayramına həsr olunmuş sərgidə birinci mükafatın laureatı oldu. 1980-ci illərin sonundan başlayaraq Kamal Əhmədin əsərləri ABŞ, İtaliya, Türkiyə, Polşa, Əlcəzair, Yaponiya və Rusiyada nümayiş etdirildi, muzey və şəxsi kolleksiyaların mülkiyyətinə çevrildi. Kamal həmişə tanınmağını arzulasa da, uzun şöhrətsizliyi illəri, məhrumiyyətlər, müasirlərinin laqeydliyi onu tutduğu yoldan döndərə bilmədi. 1989-cu ildə İtaliyanın Vareze şəhərində sovet rəssamlarının qrup sərgisində iştirakı yaradıcılığına verilən ən yüksək qiymət oldu. Əsərləri böyük əks-səda doğurdu, onu müasir incəsənət tarixində yeni şəxsiyyət adlandırdılar. Varezedən vətənə “Maestro, bravo!” alqışları ilə yola saldılar.
Amma bu uğur da onu keçmişin iztirablarından xilas edə bilmədi. Kamal sona çatdıra bilmədiyi “Avtoportret. Çarmıxa çəkilmə” adlı axırıncı əsərində özünü İsa obrazında təsvir etdi. Qismətinə yazılan uğurun həddən artıq gec gəlməsinə təəssüfləndi. Tamaşaçısı ilə son əsərində vidalaşan rəssam qismətin çarmıxından, dar ağacından asılaraq ömrü boyu əzab çəkən ruhunun İsa Məsih kimi sınmadığını bəyan etdi. Zamanın işgəncələrinə məruz qalan cisminin son iztirablarını təsvir etsə də, bununla ölməzliyin və dahiliyin zirvəsinə ucaldı.
* * *
Bu yaxınlarda Bakıda rəssamın əsərləri daxil olan nəfis kitab nəşr edilmiş, sərgisi təşkil olunmuşdur. Sərgidə məşhur fırça ustaları, sənətkarlar onun dahiliyini bir daha etiraf etmişlər.

Bahadur İMANQULİYEV,
“Azərbaycan”