Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakıda Fransanın milli bayramı qeyd edilib

14 İyul 2017
 

İyulun 14-də Fransanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Bastiliyanın alınması günü münasibətilə rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın və Fransanın dövlət himnləri səsləndirilib.

Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez çıxış edərək ölkələrimiz arasında əlaqələrin 25 ildir ki, yüksələn xətlə inkişaf etdiyini deyib. O, qarşılıqlı yüksək səviyyəli səfərlərin, görüşlərin ölkələrimiz arasındakı münasibətlərin inkişafına təkan verdiyini bildirib.

Azərbaycanın sürətlə inkişaf etdiyini deyən səfir siyasi, iqtisadi əlaqələrin, habelə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini vurğulayıb.

Ölkəmizin Avropanın enerji təhlükəsizliyində önəmli rolundan bəhs edən diplomat deyib ki, “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji təhlükəsizliyində, Bakı-Tbilisi-Qars dəmir yol xətti isə yükdaşımalarda Azərbaycana böyük əhəmiyyət qazandırır. Səfir vurğulayıb ki, terrorçuluğun baş aldığı dünyada Azərbaycanın multikulturalizm məkanı olması onun mövqeyini daha da möhkəmləndirir.

İqtisadiyyat nazirinin müavini Sahil Babayev əlamətdar gün münasibətilə Azərbaycan hökuməti adından Fransa xalqını təbrik edib. Nazir müavini ölkələrimiz arasında əlaqələrin dərin tarixi köklərinin olduğunu, müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, siyasət, təhsil, mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdiyini vurğulayıb.

Azərbaycanın Fransa ilə ikitərəfli əlaqələrə böyük önəm verdiyini vurğulayan Sahil Babayev bugünədək iki ölkə arasında 60-dan çox sənədin imzalandığını bildirib. O, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin 646 milyon dollardan çox olduğunu deyib. Bildirib ki, Azərbaycanda Fransa sərmayəli 55 şirkət fəaliyyət göstərir.

Qəbula rəsmi şəxslər, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyətin nümayəndələri qatılıblar.