Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yaşıllıqların məhv edilməsi təhlükəsi olan ərazilər nəzarətə götürülüb

14 İyul 2017
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 162 və 174 saylı binaların sakinləri tərəfindən həmin yaşayış binalarının ətrafındakı ağacların kəsilmə təhlükəsi ilə bağlı şikayət daxil olub. Nazirliyin əməkdaşları tərəfindən şikayət yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı həmin ərazidə istismar müddəti başa çatmış beşmərtəbəli yaşayış binalarının sökülməsi və onların yerində hündürmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahələrinin müvafiq olaraq, “Sky Recidence” və “Qismət-M Construction” MMC-lərə ayrılmasına Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən sərəncam verildiyi müəyyən olunub.

Əraziyə baxış keçirilən zaman 162 saylı binanın ətrafındakı yaşıllıq sahəsində yaşköküstə müxtəlifcinsli və diametrli 171 ağacın və 43 kol bitkisinin, 174 saylı binanın ətrafındakı yaşıllıq sahəsində isə yaşköküstə müxtəlifcinsli və diametrli 162 ağacın və 22 kol bitkisinin olduğu məlum olub, ağac və kol bitkilərinin kəsilməsi faktına rast gəlinməyib. Lakin söküntü və tikinti işləri aparılacağı təqdirdə həmin ağacların əksər hissəsinin məhv ediləcəyi istisna olunmur.

Ərazidəki yaşıllıqların mühafizəsinin təmin edilməsi ilə bağlı nazirlik tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə, “Sky Recidence” və “Qismət-M Construction” MMC-lərə məktub göndərilib. Ərazi nəzarətə götürülüb.