Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanın və Türkiyənin həmkarlar ittifaqı təşkilatları arasında əməkdaşlıq əlaqələri müzakirə olunub

14 İyul 2017
İyulun 14-də AHİK-in sədri, Milli Məclisin deputatı, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Möhbalıyev Türkiyənin Təhsil İşçiləri Həmkarlar İttifaqı “Türk Eğitim-Sen”in katibi Musa Akkaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın və Türkiyənin həmkarlar ittifaqı təşkilatları arasında əməkdaşlıq əlaqələri müzakirə olunub.

Səttar Möhbalıyev Türkiyənin ən böyük təhsil işçiləri həmkarlar ittifaqı təşkilatlarından biri olan “Türk Eğitim-Sen”in nümayəndə heyəti ilə görüşdən məmnunluğunu ifadə edib. Bildirib ki, ölkələrimiz arasındakı əlaqələr müxtəlif sahələrdə strateji tərəfdaşlar səviyyəsində inkişaf edir, bu isə hər iki ölkənin liderlərinin – prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın birgə səyləri nəticəsində mümkün olub.

S.Möhbalıyev Azərbaycanda müxtəlif qurumlarda çalışanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, Azərbaycan dövləti bu insanların mənzil şəraitinin yaxşılaşdırılması üçün vəsait ayırır. Buna misal olaraq, dövlət tərəfindən dəmiryolu işçilərinə 142 pulsuz mənzil verilib. Onların mənzil şəraiti yaxşılaşdırılıb. Dövlətdən başqa, işəgötürən də işçilərinə vəsait ayırır, onlarla müqavilə bağlayaraq mümkün olan qədər problemlərini həll edir. İşəgötürən tərəfindən bir çox qurumlarda işçilərin istirahəti üçün də böyük vəsaitlər ayrılır.

Söhbət əsnasında AHİK sədri qonaqlara Azərbaycan Həmkarlar İttifaqlarının strukturu və fəaliyyəti haqqında da məlumat verib.

Türkiyənin Təhsil İşçiləri Həmkarlar İttifaqı “Türk Eğitim-Sen”in nümayəndə heyətinin rəhbəri Musa Akkaş səmimi qəbul üçün S.Möhbalıyevə öz təşəkkürünü bildirib. Türkiyə və Azərbaycan arasında ikitərəfli əlaqələrin və əməkdaşlığın bundan sonra daha da səmərəli olacağına əminliyini ifadə edib. “Türk Eğitim-Sen” və “Kamu Sen”in sədri İsmayıl Koncukun salamlarını çatdıran M.Akkaş bildirib ki, Azərbaycan sürətlə inkişaf edir və gündən-günə daha da gözəlləşir.

Qeyd edək ki, 1992-ci ildə yaradılmış “Türk Eğitim-Sen” Türkiyənin ən böyük təhsil işçiləri həmkarlar ittifaqı təşkilatlarından biri olaraq 200 mindən çox ittifaq üzvünü özündə birləşdirir. “Türk Eğitim-Sen” üzv olduğu “Kamu-Sen”in tərkibində ən böyük sahə həmkarlar ittifaqıdır.