Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ədliyyə naziri Daşkəsən rayonunda vətəndaşları qəbul edib

14 İyul 2017
Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq, Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən iyulun 14-də ədliyyə naziri Fikrət Məmmədov Daşkəsən rayonunda Daşkəsən, Göygöl, Kəlbəcər və digər rayon və şəhərlərdən olan vətəndaşların qəbulunu keçirib.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 48-ci ildönümü gününə təsadüf edən qəbuldan əvvəl nazir və Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Ulu Öndərin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerində həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Səfər zamanı ədliyyə naziri, həmçinin yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, hakim və ədliyyə işçiləri ilə müşavirə keçirib.

Nazir 1969-cu ilin iyulun 14-də Azərbaycana rəhbər seçilən ümummilli lider Heydər Əliyevin fəaliyyətinin bütün dövrlərində ölkəmizin və xalqımızın rifahı və gələcəyi naminə misilsiz xidmətlərindən bəhs edib, Ulu Öndərin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyasının dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini, ölkəmizin gündən-günə çiçəkləndiyini və bütün sahələrdə nailiyyətlər qazandığını vurğulayıb.

Müşavirədə, həmçinin cəza siyasətinin humanistləşdirilməsinə dair Prezident İlham Əliyevin cari ilin fevralında imzaladığı Sərəncamının müstəsna əhəmiyyəti qeyd olunaraq, vətəndaşların azadlıq hüququnun qorunmasına daha məsuliyyətlə yanaşılması, habelə şəffaflığın, məhkəmə qərarlarının ədalətliliyinin və icrasının təmin olunmasının vacibliyi, eləcə də qərəzli yanaşmanın, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi bildirilib, müvafiq tövsiyə və tapşırıqlar verilib.

Eyni zamanda, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, rüşvətxorluğa, qanunsuz tələblərə və digər neqativ hallara son qoyulması, hər bir məmurun təvazökar olması ilə bağlı dövlətimizin başçısının tələbləri diqqətə çatdırılaraq etik davranış qaydalarına dönmədən əməl olunması, vətəndaşlara daha həssas və qayğı ilə yanaşılması vurğulanıb.