Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planının layihəsi müzakirə olunub

14 İyul 2017
İyulun 14-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planının layihəsi müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin 2017-ci il 16 may tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamına əsasən hazırlanan Tədbirlər Planının layihəsinin müzakirəsində Nazirlər Kabinetinin, nazirliklərin, komitələrin və digər qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, 2018-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olacaq. Bu əlamətdar yubiley Azərbaycanın dövlətçilik tarixinin, müstəqillik illərində əldə etdiyi uğurların bütün dünyada daha geniş şəkildə tanıdılması üçün əlverişli fürsətdir. Bununla bağlı çoxsaylı tədbirlərin keçirilməsi nəzərdə tutulur. Müxtəlif qurumlara tədbirlərin keçirilməsi ilə bağlı ünvanlanan müraciətə cavab olaraq 195 təklif alınıb. Təkliflər ümumiləşdirilib, yubiley ilə əlaqədar rəmzi olaraq onlardan 100-ü Tədbirlər Planının layihəsinə daxil edilib.

Sonra Tədbirlər Planının layihəsi ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Nazirlər Kabinetinin humanitar məsələlər şöbəsinin müdiri İsmayıl Sadıqov, maliyyə nazirinin birinci müavini İlqar Fətizadə, xarici işlər nazirinin müavini Xələf Xələfov, ədliyyə nazirinin müavini Məhərrəm Əliyev, təhsil nazirinin müavini Mətin Eynullayev, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Dilqəm Tağıyev və AZƏRTAC-ın baş direktorunun müavini Dağbəyi İsmayılov Tədbirlər Planının layihəsi ilə bağlı təkliflərini bildiriblər. Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley ilə bağlı nəinki ölkə daxilində, eləcə də bütün dünyada və aparıcı beynəlxalq qurumlar çərçivəsində müxtəlif mövzularda tədbirlər keçiriləcək, kitablar nəşr olunacaq, sənədli filmlər çəkiləcək. Bu əlamətdar tarix ilə bağlı müxtəlif dillərdə ümumi bir saytın yaradılması və bütün foto və video materialların, xəbərlərin burada yerləşdirilməsi də təklif olunub.