Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan məktəblisi Beynəlxalq Kimya Olimpiadasında qızıl medal qazanıb

14 İyul 2017
Akademik Zərifə Əliyeva adına Liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Ramil Babazadə 78 ölkənin məktəblilərinin iştirakı ilə Tailandda keçirilən Beynəlxalq Kimya Olimpiadasında qızıl medal qazanıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bununla da Ramil Babazadə 11 il bundan əvvəl qazanılan uğuru təkrar edib.

Ramil Babazadə, eyni zamanda, bu il keçirilən respublika fənn olimpiadasında qalib gələrək “Birincilərin birincisi” nominasiyasına layiq görülüb. Bu mötəbər elm yarışında, həmçinin Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın 10-cu sinif şagirdi Nəriman Mirişov gümüş, Lənkəran şəhəri 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Turan Məmmədli bürünc medal qazanıb.

Qeyd edək ki, 2015-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə keçirilən 47-ci Beynəlxalq Kimya Olimpiadasında Hüseyn Babayev və Sergey Styopin bürünc medala layiq görülmüşdülər.

Son illər Təhsil Nazirliyinin beynəlxalq olimpiadalara hazırlıq prosesini diqqət mərkəzində saxlaması şagirdlərin müvəffəqiyyətli çıxışlarına səbəb olub. Belə ki, təhsil nazirinin müvafiq əmrinə əsasən yaradılmış beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində şəffaf və obyektiv seçimlər aparılır. Nəticədə 200-ə yaxın şagird il ərzində olimpiadalara hazırlıq prosesinə cəlb edilib.