Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Müstəqil dövlətçiliyin ideya təməli

14 İyul 2017
 

14 iyul 1969-cu ildə Azərbaycanda ilk qurtuluş missiyası başladı

 

Müstəqil respublikamızın son illər dinamik tərəqqi yolu keçərək iqtisadi modernləşmə mərhələsinə qədəm qoyması, ictimai həyatın bütün sahələri üzrə inamlı islahatlar həyata keçirməsi praktik nəticələrini həm də elm-təhsil sisteminin keyfiyyətcə müasirləşməsində göstərir.
Yeni dövrün aktual çağırışlarına cavab verən, sistemli şəkildə reallaşdırılan bu islahatlar, eyni zamanda, ölkədə müasir biliklərin, “nou-hau” texnologiyalarının tətbiqi əsasında güclü insan kapitalının formalaşdırılması məqsədinə hesablanan siyasətin səmərəliliyini göstərir. Ölkə rəhbərliyi də məhz bu cür çevik, məqsədyönlü siyasətlə biliklərə söykənən modern cəmiyyət modelini uğurla reallaşdırmaqdadır.
Xüsusi vurğulamaq lazımdır ki, bu sahədə mütərəqqi islahatların əsası hələ ötən əsrin 70-80-ci illərində - ulu öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi dövründə qoyulmuşdur. Bu gün mütləq əksəriyyət etiraf edir ki, ulu öndər Heydər Əliyevin 1969-cu il iyulun 14-də rəhbərliyə gəlişi ilə sovetlər dövrünün son onilliklərində Azərbaycan cəmiyyəti milli şüurun formalaşması baxımından daha aktiv, məhsuldar mərhələyə qədəm qoymuşdur. Həmin dövrdən Azərbaycan bütün sahələr üzrə görünməmiş sürətlə inkişaf etmiş, ədəbiyyat, incəsənət, təhsil məsələləri milli özünüdərkin çevik komponentlərindən birinə çevrilmişdir. Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin rəhbəri kimi ilk illərdən bütün fəaliyyətini məhz bu həqiqətin istisnasız təsdiqinə yönəltmişdir ki, o qeyri-müstəqil bir respublikanın növbəti başçısı yox, milli liderdir. Heydər Əliyev həmin illərdə belə bir reallığı da tam sübuta yetirmişdir ki, sovet dövrünün ideoloji qadağalarına baxmayaraq, xalqın öz dilini, ədəbiyyatını, mədəniyyətini inkişaf etdirib yüksəklərə qaldırması üçün ona uzaqgörən, müdrik dövlət xadiminin rəhbərlik etməsi kifayətdir.
Böyük strateq bugünkü yeni, müstəqil Azərbaycanı hələ o zamandan - 60-cı illərin sonlarında, Azərbaycanda həyatın bütün sahələrində ağır tənəzzülün hökm sürdüyü bir dövrdə xalqın problemlərini öz çiyninə götürdüyü 1969-cu ildən qurmağa başlamışdır. Bu qənaətin gerçəkliyini tarixi proseslərin sonrakı gedişi də tam sübuta yetirmişdir. Zəngin idarəçilik təcrübəsini sovet rejiminin əsl mahiyyəti barədə zəngin bilgiləri ilə uzlaşdıran ümummilli lider o zaman Azərbaycanı düşmüş olduğu böhrandan çıxarmaq üçün qəti addımlar ataraq böyük uzaqgörənliklə ölkənin uzunmüddətli, ardıcıl inkişafının təminatına yönələn proqramlar təsdiqləmiş və qısa zaman ərzində bu proqramların icrasına nail olmuşdur. Azərbaycanın müstəqil yaşamağa qadir, elmi-texniki inqilabın ən son nailiyyətlərinə yiyələnən, özü-özünü təmin etmək imkanlarında olan bir dövlətə çevrilməsini Heydər Əliyev o zaman ən ali məqsədlərdən biri kimi müəyyənləşdirmişdir.
O illərdə ümummili liderin xalqa göstərdiyi ən böyük xidmət nümunələrindən biri də onun milli kadr potensialının, həmçinin Azərbaycanın müxtəlif sahələrdə ehtiyac duyduğu nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması istiqamətində atdığı konkret addımlardan ibarət olmuşdur. Ölkə iqtisadiyyatının sürətli inkişafına həmahəng olaraq respublikanın ali və orta ixtisas təhsili şəbəkəsi genişləndirilmiş, 3500 azərbaycanlı gənc müxtəlif ixtisaslar üzrə təhsil almaq üçün SSRİ-nin 170 qabaqcıl ali məktəblərinə göndərilmişdir. Ümummilli lider Heydər Əliyevin qətiyyətli səyləri nəticəsində illər sonra müstəqil Azərbaycan Ordusunun qurulmasında və inkişafında müstəsna rol oynayacaq hərbi təhsil müəssisəsinin yaradılması faktını da xüsusi vurğulamaq lazım gəlir.
Xalqımızın gələcəyinin təhsilli insanların çiyinləri üzərində qurulacağını hər zaman böyük müdrikliklə vurğulamış ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ötən əsrin 70-80-ci illərində respublikada formalaşmış zəngin elmi-intellektual potensiala istinad edərək milli təhsil konsepsiyasını irəli sürmüş, tərəqqi baxımından strateji əhəmiyyət daşıyan bu sahənin problemlərini xüsusi diqqət mərkəzində saxlamışdır.
Ümummilli lider təhsilə, elmə, bilik iqtisadiyyatına əsaslanan cəmiyyət quruculuğunu prioritet məsələlərdən biri elan etmiş, yeni ictimai formasiyada ictimai rəyin pozitiv dəyişikliklərə hazırlanmasını, kreativ düşüncəli, intellektual vətəndaşın yetişdirilməsini milli ideyanın mühüm tərkib hissəsi kimi müəyyənləşdirmişdir. Bu mərhələdən ümummilli liderin irəli sürdüyü elm və təhsil konsepsiyasının əsas qayəsini həm də müstəqilliyin möhkəmləndirilməsi, demokratik və hüquqi cəmiyyət quruculuğu prosesinin sürətlə həyata keçirilməsi, dövlətin iqtisadi potensialının gücləndirilməsi kimi ümdə prinsiplər təşkil etmişdir.
Müasirləşməyə xidmət edən hər bir islahatın uğuru, şübhəsiz, onun ictimai şüurla nə dərəcədə səsləşməsi, cəmiyyət tərəfindən qəbul olunub-olunmamasından bilavasitə asılıdır. Bu gerçəklikdən çıxış edən Heydər Əliyev milli təhsil sistemində islahatların təkamül yolu ilə aparılması tərəfdarı kimi çıxış etmiş, bu mövzuda ictimai müzakirələrin açılmasına nail olmuşdur. Ümummilli lider ümumi rifah və inkişaf naminə cəmiyyətdə bilik və intellektin yeganə meyara çevrilməsini, insanların maarifləndirilməsini, milli ideyalar ətrafında səfərbər olunmasını vacib saymışdır.
1993-cü ilin iyununda - çətin bir şəraitdə xalqın təkidli tələbi ilə Bakıya qayıdan ümummilli lider Heydər Əliyev ictimaiyyət nümayəndələri ilə ilk görüş yeri kimi Elmlər Akademiyasını seçməklə, intellektual potensialın daşıyıcıları olan ziyalıların cəmiyyətdəki roluna böyük önəm verdiyini izhar etmişdir.
Ümummilli lider Azərbaycanın milli-mənəvi dəyərlərinə, maddi mədəniyyət abidələrinə xalqın, millətin varlığının təcəssümü kimi həmişə böyük diqqət və qayğı göstərirdi. Milli Elmlər Akademiyasının həyatında baş vermiş əlamətdar hadisələrdən biri də 2002-ci il oktyabrın 24-də ümummilli lider Heydər Əliyevin böyük Azərbaycan dramaturqu Hüseyn Cavidin ev muzeyinin açılışında iştirak etməsi və həmin gün Əlyazmalar İnstitutuna Azərbaycan şifahi və yazılı ədəbiyyatının şah əsəri olan “Kitabi-Dədə Qorqud”un ən qədim əlyazması olan Drezden əlyazmasının nəfis şəkildə hazırlanmış nüsxəsini hədiyyə kimi şəxsən təqdim etməsi olmuşdur. Ulu öndərin bu maddi və mənəvi dəstəyini alimlərimiz elmə dövlət qayğısının yeni nümunəsi kimi qəbul etmişdilər.
Dövlət müstəqilliyinin fəlsəfi-konseptual səviyyədə dərkini ön plana çəkən ulu öndər Heydər Əliyev gənc nəsli azərbaycançılıq ideologiyasının mahiyyətini tam mənimsəməyi, dövlətə, xalqa və onun milli-mənəvi irsinə, müqəddəs atributlarına dərin məhəbbətlə yanaşmağı tövsiyə edirdi. Xatırlatmaq yerinə düşər ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il 13 mart tarixli “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” sərəncamı dövlət atributlarının gənc nəslə təbliği baxımından mühüm əhəmiyyətə malik idi. “Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycan bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi vətəndaş cəmiyyətinin yaradılmasının mühüm amillərindən biridir” - deyən ulu öndərin sözügedən sərəncamı əsasında dövlət rəmzlərinin mahiyyətinin və əhəmiyyətinin gənclər arasında təbliği genişlənmiş, yetişən yeni nəsildə azərbaycançılıq, dövlətçilik, müstəqillik, vətənpərvərlik, həmrəylik hisslərini gücləndirmişdir.
2003-cü ilin oktyabrında xalqın yüksək etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Əliyev ilk gündən elm və təhsilə qayğını, bu sahədə özünü göstərən problemlərin həllini hökumət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Dövlət başçısı 14 ilə yaxın müddətdə milli ənənələri qorumaqla, dünya təhsil sisteminə inteqrasiya prosesinin sürətləndirilməsi, inkişaf etmiş dövlətlərin bu sahədəki qabaqcıl təcrübəsinin mənimsənilərək yayılması, ümumtəhsil məktəblərində, ali təhsil müəssisələrində kompüter və informasiya texnologiyalarının geniş tətbiqi məqsədinə xidmət edən kompleks tədbirlər həyata keçirmişdir.
Ümumiyyətlə, son 14 ildə imzalanmış həmin fərman və sərəncamlarda təhsilin, elmin problemlərinin həlli, habelə ölkədə güclü insan kapitalının formalaşdırılması məqsədi birinci planda dayanır. Regional inkişaf prosesi çərçivəsində yeni məktəblərin tikintisi və onların kompüterləşdirilməsi, ali təhsil sisteminə qayğının gücləndirilməsi, müəllimlərin sosial müdafiəsi tədbirlərinin genişləndirilməsi, elm sahəsində həllini gözləyən problemlərin aradan qaldırılması, Avropa təhsil məkanına inteqrasiyanın təmini, “Təhsil haqqında” yeni mükəmməl qanunun qəbulu bu tədbirlərin əsas tərkib hissəsi olmuşdur.
Dövlət başçısı İlham Əliyevin 30 may 2005-ci il tarixli “Azərbaycan Respublikasının Prezidenti yanında təhsil üzrə xüsusi komissiyanın yaradılması haqqında”, 4 sentyabr 2007-ci il tarixli “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında”, 10 aprel 2008-ci il tarixli “Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında”, 4 may 2009-cu il tarixli “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, 22 may 2009-cu il tarixli “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, 21 oktyabr 2009-cu il tarixli “Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında” sərəncamları da bu sahədə qarşıda duran konseptual vəzifələrin həllinə yönəlmişdir.
Elm və təhsil sahəsində həyata keçirilən dövlət siyasətinin ikinci əsas istiqaməti Avropa təhsil məkanına inteqrasiyanın təmin edilməsi, “Bolonya prosesi”nə keçidin təmini, ən başlıcası, azərbaycanlı gənclərin dövlət hesabına dünyanın nüfuzlu universitetlərində təhsilinə şəraitin yaradılması olmuşdur. Gənclərin xaricdə təhsil almağa göndərilməsi ilə bağlı hələ 1970-ci illərdə mövcud olmuş mütərəqqi ənənənin bərpası dövlət idarəçiliyi üçün müasir təfəkkürlü, bilikli və yüksək ixtisaslı kadrlar hazırlamaq məqsədi daşıyırdı. Dövlət başçısının 31 yanvar 2008-ci il tarixli “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında”, habelə 16 aprel 2007-ci il tarixli “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” sərəncamları da məhz bu məqsədə xidmət etmişdir. Ümumilikdə, proqram əsasında 5000 nəfər tələbənin dövlət büdcəsi hesabına xaricdə təhsil almağa göndərilməsi Azərbaycan dövlətinin gələcəyi baxımından son dərəcə əhəmiyyətli addım olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin təkmil elm və təhsil strategiyasında “nou-hau” texnologiyalarının dərindən mənimsənilməsi üçüncü mühüm istiqamət kimi diqqəti çəkir. Müasir dünyanın inkişaf perspektivlərini düzgün dəyərləndirən dövlət başçısı İlham Əliyev hələ 2003-cü ilin dekabrında Cenevrədə keçirilən ümumdünya sammitində bəyan etmişdir ki, Azərbaycanda neftdən sonra prioritet sahə informasiya və kommunikasiya texnologiyalarının inkişafı olacaqdır. Dövlət başçısının 2004-cü il 21 avqust tarixli “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramının (2005-2007-ci illər) təsdiq edilməsi haqqında”, habelə 2008-ci il 10 iyun tarixli “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” sərəncamları Azərbaycan Respublikasında müasir informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi yolu ilə vahid ümummilli təhsil mühitinin yaradılması, əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi məqsədinə xidmət etmişdir.
Hər bir xalqın gələcəyi sayılan gənclərin intellektual inkişafını təmin etmədən onların milli-mənəvi dəyərlərə bağlı şəxsiyyət kimi yetişməsinə nail olmaq qeyri-mümkündür. Bəşəriyyətin xilasına yönəlmiş ideallar məhz elm və təhsilin yüksək inkişaf etdiyi ölkələrdə özünə möhkəm dayaqlar tapa bilir. İqtisadi tərəqqi, demokratikləşmə və insan hüquqlarının etibarlı təminatı baxımından özünün yüksək inkişaf mərhələsinə çatmış dövlətlərin bu nailiyyətləri məhz elmə, təhsilə yüksək diqqət və qayğı nəticəsində əldə etdiyi danılmaz gerçəklikdir. Heydər Əliyev Fondunun son 13 ildə həyata keçirdiyi layihələrin sırasında elm və təhsilin, müasir informasiya texnologiyalarının mühüm yer tutması da məhz bu reallığa söykənir.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın cəmiyyətin maariflənməsinə və milli-mənəvi intibaha xidmət edən təhsil layihələrinin ümdə məqsədi həm də bölgələrdə yeni məktəb binalarının inşası, onların maddi-texniki təchizatının yaxşılaşdırılmasıdır. Azərbaycanın birinci xanımı haqlı olaraq bildirir ki, müasir tələblərə cavab verən yeni məktəblərin inşasına nail olmadan, təlim-tədris prosesinə lazımi şərait yaratmadan, dünya ölkələrinin mütərəqqi ənənələrini mənimsəmədən təhsil sistemini müasirləşdirmək, bu sahədə uğurlu nəticələr əldə etmək mümkün deyil. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilmiş “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 300-dək məktəb binası inşa olunaraq lazımi avadanlıqlarla, istilik sistemi, zəngin kitabxana və kompüter avadanlığı ilə təchiz olunmuşdur.
Fondun “Təhsilə dəstək” layihəsi də özünün humanist məqsədləri ilə diqqəti çəkir. Heydər Əliyev Fondu hər il layihə çərçivəsində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın, məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və məktəb ləvazimatı hədiyyə edir. Layihə çərçivəsində Pakistanda qızlar üçün yeni orta məktəb binası, Gürcüstanın Dmanisi rayonunda, Rusiyanın Ulyanovski şəhərində, habelə Misir Ərəb Respublikasında yeni məktəblər tikilərək istifadəyə verilmişdir.
Xüsusi vurğulamaq lazımdır ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi Azərbaycanın elm və təhsil sahəsində əldə etdiyi uğurların davamlılığına təminat yaratmış və islahatlara yeni nəfəs vermişdir.
Azərbaycanı zəngin və qüdrətli dövlətə çevirməyi qarşısına məqsəd qoyan Prezident İlham Əliyev iqtisadi sahədə böyük uğurların qazanılmasını təmin etməklə verdiyi hər bir vədini əməli işilə doğruldur. Ulu öndər bu gün aramızda olmasa da, onun layiqli davamçısı cənab İlham Əliyevin böyük əzmkarlıqla həyata keçirdiyi iqtisadi siyasətlə təsəlli tapır, gələcəyə böyük qürur və əminliklə baxırıq. Həm də ona görə ki, ulu öndər Heydər Əliyevin formalaşdırdığı unikal dövlətçilik modelini yeni çalarlarla zənginləşdirən və onu müasir dünyanın gerçəkliklərinə uyğun inamla davam etdirən qətiyyətli liderimiz var. Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi sosial-iqtisadi siyasət vətəndaşlarda ölkədəki mövcud siyasi kursa inam və rəğbəti daha da artırır. Bütün bunlar isə hələ bizləri uğurlu və xoşbəxt gələcəyə aparan yolun başlanğıcıdır.

Həsən BAYRAMOV,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent