Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İstiqlal və tərəqqi yolunun başlanğıcı

14 İyul 2017
 

 

Bəşəriyyətin təkamül və inkişaf mərhələləri böyük dühaların, siyasət ustadlarının öz xalqlarının taleyində oynadıqları müstəsna rolu bütün qabarıqlığı ilə üzə çıxarır. XX əsr Azərbaycan tarixinin ən böyük, fenomen şəxsiyyəti kimi şərəfli ömür yolunun 34 ilini xalqının nicatına həsr etmiş ulu öndər Heydər Əliyev də məhz belə liderlərdən olmaqla, müasir dövlətçiliyimizin ideoloji-siyasi əsaslarını yaratmış, xalqı həqiqi müstəqilliyə qovuşduraraq onun qəlbində özünə möhtəşəm bir abidə ucaltmışdır. 

İndi siyasi baxışlarından asılı olmayaraq mütləq əksəriyyət etiraf edir ki, zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı üçün belə real tarixi şans ötən əsrin ikinci yarısında - ulu öndər Heydər Əliyevin 1969-cu ilin 14 iyulunda respublika rəhbəri seçilməsindən sonrakı mərhələdə yaranmışdır. Ulu öndərin respublikaya birinci rəhbərlik dövrü çağdaş tariximizə iqtisadi və mədəni yüksəliş dövrü kimi daxil olmuş, xalqın milli mənlik şüurunun, özünüdərk hissinin güclənməsinə təkan vermişdir. Xalqına, onun keçmişinə, tarixinə, adət-ənənələrinə, milli dəyərlərinə qəlbən bağlı olan bir şəxsiyyətin bu ali kürsüyə yüksəlməsi o ağır imperiya dövründə Azərbaycanda bütün sahələr üzrə intibaha və milli özünüdərkə əsaslı zəmin yaratmışdır.

 

Xalqına bağlı rəhbər

 

Tarixi faktlar təsdiqləyir ki, ötən əsrin 60-cı illərinin sonlarında Azərbaycan iqtisadi göstəricilərinə görə keçmiş SSRİ-də sonuncu yerlərdən birini tuturdu, respublikada iqtisadi-siyasi böhran dərinləşirdi. Cəmiyyət həyatının müxtəlif sahələrində ideoloji-siyasi, sosial-iqtisadi və mənəvi böhran hökm sürür, neqativ hallar baş alıb gedirdi. Respublikamız bir çox sahələrdə - milli gəlirin inkişaf tempinə, sənaye və kənd təsərrüfatı istehsalının həcminə, elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsalatda tətbiqinə, ictimai əməyin məhsuldarlığına görə ümumittifaq göstəricilərindən geridə qalırdı.
Yaranmış vəziyyətdə keçmiş SSRİ rəhbərliyi çıxış yolunu kadr dəyişikliyində görərək ciddi və hərtərəfli araşdırmalardan sonra müxtəlif namizədlər arasından təşkilatçılığı, yüksək idarəçiliyi, savadı ilə fərqlənən, xalqın səciyyəvi milli xüsusiyyətlərinə dərindən bələd olan Heydər Əliyevin üzərində dayanmışdır. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumu respublika partiya təşkilatının birinci katibliyinə namizəd məsələsini geniş müzakirə etmiş, toplantıda çıxış edənlər Heydər Əliyevin bu vəzifəyə ən layiqli şəxs olduğunu konkret arqumentlərlə əsaslandırmışlar.
Həmin dövrdə 10 ildən artıq müddətdə respublikaya rəhbərlik etmiş Vəli Axundov plenumdakı çıxışında ümummilli lider Heydər Əliyevin yüksək mənəviyyata və idarəçilik keyfiyyətlərinə malik şəxsiyyət olduğunu xüsusi vurğulamışdır: “Heydər Əliyevə xas olan bütün siyasi və iş keyfiyyətləri söyləməyə əsas verir ki, o, respublikaya layiqincə rəhbərlik edəcək, bütün böyük və çətin işin öhdəsindən bacarıqla gələcək. O, kifayət qədər savadlı, hərtərəfli hazırlıqlı, yüksək intellektə malikdir. O, bütün kadrlara qarşı eyni dərəcədə düzgün mövqedədir, çünki kifayət qədər obyektiv, vicdanlı və layiqli adamdır. Dzerjinski demişdi ki, çekistin isti ürəyi, aydın ağlı, təmiz əli olmalıdır. Bütün bu keyfiyyətlər Heydər Əliyevə məxsusdur və mən əminəm ki, respublikaya rəhbərlik edərkən o, bu cəhətlərdən istifadə edərək respublikanın gözəl adət-ənənələrini layiqincə davam etdirəcək”.
Ulu öndər Heydər Əliyev həmin plenumda qarşıda duran mürəkkəb və çətin məsələlərin həlli, bir sıra ciddi problemlərin aradan qaldırılması üçün səylə işləyəcəyini, yüksək etimadı doğrultmağa çalışacağını vurğulamış, qarşıda duran vəzifələri düzgün və obyektiv dəyərləndirmişdir. Azərbaycanın yeni rəhbəri qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini də xüsusi qeyd etmişdir: “Mən bütün Büro üzvlərinin köməyinə ümid edirəm və hesab edirəm ki, birgə, mehriban əməkdaşlığımız gələcək uğurlarımıza gözəl zəmin yaradacaqdır”.
Həmin plenumda Heydər Əliyevin rəhbər vəzifəyə namizədliyinin yekdilliklə dəstəklənməsi onun kamil şəxsiyyəti, yüksək idarəçilik keyfiyyətləri ilə şərtlənmişdir. Qeyri-adi, fitri istedadı, təşkilatçılıq və idarəçilik məharəti, ən əsası, vətənpərvərliyi, milli ideallara bağlılığı ilə ilk gündən Azərbaycanın üzləşdiyi sosial-iqtisadi problemləri aradan qaldırmaq, qanunçuluğu və hüquq qaydalarını gücləndirmək, ciddi sosial bəlaya çevrilmiş korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə tədbirlərini genişləndirmək istiqamətində əzmkar fəaliyyətə başlayan Heydər Əliyev mütərəqqi idarəçilik ənənələrinin əsasını qoymuş, cəmiyyətin normal inkişaf ahəngini təmin etmişdir.

 

İqtisadi müstəqilliyə etibarlı zəmin

 

Zəngin təbii sərvətlərinə, istehsal potensialına baxmayaraq, Azərbaycanın keçmiş SSRİ-nin geridə qalmış respublikalar sırasına düşməsinin səbəblərini araşdıran Heydər Əliyev iqtisadi inkişafa xidmət edən kompleks tədbirlərin həyata keçirilməsini təmin etməklə, peşəkar strateq və müdrik dövlət xadimi olduğunu sübuta yetirmişdir. Ulu öndər respublikamızın üzləşdiyi problemlərin həlli üçün lazımi iradə, qətiyyət və prinsipiallıq göstərmiş, hər cür riskə rəğmən o dövrün naqisliklərini açıq deməkdən çəkinməmişdir. Bu baxımdan Heydər Əliyevin Azərbaycan KP MK-nın 5 avqust 1969-cu il tarixli plenumundakı dərin məzmunlu, eyni zamanda tənqidi ruhlu çıxışı sovet Azərbaycanını problemlər məngənəsindən dinamik inkişaf yoluna çıxaran pozitiv prosesin başlanğıcı kimi xatırlanır. Plenumda tənqidi ruhlu çıxış edən Heydər Əliyev həmçinin dövlət idarəçiliyi sistemində formalaşmış regionçuluq, bürokratiya və korrupsiya kimi neqativ tendensiyaların yolverilməz olduğunu vurğulamışdır. Ulu öndər eyni zamanda çoxsaylı problemlərin həllində bir sıra rəhbər şəxslərin məsuliyyət daşıdığını da aşkar bəyan etmişdir.
Həmin tarixi plenumdan sonra ulu öndərin rəhbərliyi altında respublikada geridə qalmış təsərrüfat sahələrinin inkişaf etdirilməsinin düzgün elmi yolları müəyyən edilmişdir. Ümummilli lider qısa müddətdə respublika iqtisadiyyatında ciddi keyfiyyət dəyişikliklərinə nail olmaqla, Azərbaycanı xammal istehsalçısından qabaqcıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirə bilmişdir. Keçmiş Sovet İttifaqı tək böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək respublikanı tərəqqi yoluna çıxaran Heydər Əliyev yeni və mütərəqqi sənaye sahələrinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. Elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalatda tətbiqi Azərbaycanın bütün SSRİ-də qabaqcıl mövqelərə çıxmasına, ölkənin sosial-iqtisadi həyatında yüksəlişə rəvac vermişdir. Eyni zamanda, Heydər Əliyevin yüksək idarəçilik bacarığı, işgüzarlığı və zəngin iqtisadi biliyi qısa müddətdə elmi nailiyyətlərin istehsalatda tətbiqinə, kənd təsərrüfatında struktur dəyişikliklərinin edilməsinə, yeni ehtiyat mənbələrin meydana çıxarılması və istifadəsi yolu ilə təsərrüfatçılıqda geriliyə son qoyulmasına, bir sözlə, sosial-iqtisadi tərəqqiyə imkan yaratmışdır.
Ötən 70-ci illərin ortalarında Azərbaycan kənd təsərrüfatı və sənaye məhsulları istehsalına görə keçmiş SSRİ-də ön yerlərdən birinə yüksəlmiş, milli gəlir artmış, ölkə böyük tikinti-quruculuq meydanına çevrilmiş, yeni-yeni istehsal müəssisələri fəaliyyətə başlamışdır. Həmin illərdə Bakıda, Sumqayıtda, Gəncədə və digər şəhərlərdə inşa olunan iri müəssisələr bu günün özündə də milli iqtisadiyyatımızın güclü sənaye kompleksinin formalaşmasına zəmin yaradan möhkəm təməldir. Ümummilli liderin təşkilatçılıq qabiliyyəti və təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri məhz Azərbaycanda inşa olunmuş, bununla da respublikamızın gələcək müstəqilliyinin iqtisadi əsası formalaşdırılmışdır. Bu nöqteyi-nəzərdən ulu öndərin Bakı Məişət Kondisionerləri Zavodunun inşası ilə bağlı göstərdiyi əzmkarlığı xüsusi qeyd etmək lazımdır. 70-ci illərin əvvəllərində ittifaq rəhbərliyi bu zavodun Zaporojye şəhərində inşa olunmasına qərar versə də, şəxsi nüfuzundan istifadə edən Heydər Əliyev ittifaq rəhbəri Brejnevlə görüşərək həmin müəssisənin məhz Bakıda tikilməsi vacibliyini konkret dəlillərlə əsaslandıraraq son nəticədə istəyinə nail olmuşdur. 1975-ci ilin dekabrında Bakı Məişət Kondisionerləri Zavodunun işə düşməsi də məhz dahi öndərin böyük vətənpərvərliklə həyata keçirdiyi əzmkar fəaliyyətin məntiqi nəticəsi idi.

 

Haqqa tapınmaqla ucalan rəhbər

 

Respublikaya rəhbərliyinin ilkin dövrlərindən başlayaraq ulu öndər cəmiyyətdə qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində prinsipial addımlar atmış, milis, prokurorluq və məhkəmə orqanlarında sağlam mühitin formalaşmasına çalışmış, xüsusən də iqtisadi zəmində saxtakarlıqlara - dövlət əmlakının mənimsənilməsi hallarına qarşı səmərəli mübarizə mexanizmləri tətbiq etmişdir. 1970-ci illərin əvvəllərindən başlayaraq rüşvətxorluğa, oğruluğa, əliəyriliyə və mənəviyyata zidd digər təzahürlərə qarşı amansız mübarizə aparmış, belə hallara yol verənlərin cəzalandırılmasında israrlı olmuşdur.
Ümummilli lider Heydər Əliyevin hələ o dövrdən idarəçilikdə təməlini qoyduğu mütərəqqi ənənələrdən biri də məhz xalq arasına çıxmaqla, sadə vətəndaşlarla canlı ünsiyyət yaratmaqla mövcud problemləri, eləcə də dövlət məmurlarının işə münasibətini öyrənmək olmuşdur. Heydər Əliyev hələ o dövrdən insanlarla ünsiyyətdə olmağı, onların üzləşdiyi çətinlikləri yerindəcə öyrənib təxirəsalınmaz tədbirlər həyata keçirməyi idarəçilikdə müsbət ənənə kimi yaratmış, hakimiyyət məmurlarının sadə xalq kütlələri ilə münasibətlərdə hər cür baryerə, bürokratik əngəllərə qarşı çıxmışdır.
Böyük strateq Heydər Əliyevin yaratdığı spesifik idarəçilik modelinin üstün cəhətlərindən biri də kadr seçimində sosial ədalətsizliyin aradan qaldırılması - daha çox yüksək mənəvi-əxlaqi keyfiyyətləri, intellektual səviyyəsi və yüksək bilik səviyəsi ilə fərqlənən gənclərə üstünlük verilməsidir. Geniş imtiyazlara, səlahiyyətlərə malik vəzifəli şəxslərin övladlarının hüquq fakültəsinə daxil olmasını yasaqlayan qərar imzalamış ümummilli lider, əslində, bununla təhsil sistemində özünü qabarıq göstərən neqativ tendensiyalara qarşı amansız mübarizəyə qalxmışdır. Bu prinsipial addımı ilə imkansızların, zəhmətkeş övladlarının ozamankı Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmasına imkan yaradan şəffaf mühitin formalaşdırılmasına nail olmuşdur. Həmin illərdə yaranmış demokratik və şəffaf mühit nəticəsində istəyinə qovuşmuş yüzlərlə zəhmətkeş azərbaycanlı övladı - respublikamızın hazırkı adlı-sanlı hüquqşünasları ulu öndərin bu addımını daim böyük rəğbət və ehtiramla xatırlayırlar.
Ulu öndərin həmin illərdə minlərlə gəncin respublikamızın hüdudlarından kənarda yüksək hüquq təhsili almasına, ixtisaslı kadr kimi yetişməsinə hər cür kömək göstərməsi də onun xeyirxahlığının bariz ifadəsidir. 70-80-ci illərdə 10 mindən artıq gənci keçmiş SSRİ respublikalarının ali məktəblərinə təhsil almağa göndərən Heydər Əliyev yüksək ixtisaslı, vicdanlı və peşəkar hüquqşünas kadrların hazırlanması, hüquq-mühafizə sisteminin sağlamlaşdırılması məsələsinə də qayğı ilə yanaşmışdır. Eyni zamanda Heydər Əliyev Azərbaycanda bir sıra yeni ixtisaslar üzrə - informasiya texnologiyaları, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, aviasiya və s. - mütəxəssis hazırlayan ali məktəblərin olmadığını nəzərə almaqla, minlərlə azərbaycanlı gəncin Moskva, Kiyev, Minsk və başqa şəhərlərdəki nüfuzlu ali məktəblərə göndərilməsini təmin etmişdir. Böyük strateq sonralar qeyd edirdi ki, 1970-1980-ci illərdə ideologiyadan, ictimai-siyasi, iqtisadi sistemdən asılı olmayaraq Azərbaycan xalqının böyük bir nəsli təhsil almış, böyümüş, yüksək səviyyəyə çatmış, böyük elm və mədəniyyətə sahib olmuşdur.

 

Milli-mənəvi irsə yüksək qayğı nümunəsi

 

Ulu öndər Heydər Əliyev ideoloji baryerlərin son dərəcə sərtliklə işə düşdüyü keçmiş imperiya dövründə Azərbaycanın müstəqilliyi üçün iqtisadi-siyasi zəmin formalaşdırmağa çalışmış, milli ruhun yüksəlişinə xidmət edən bir sıra mühüm addımlar atmışdır. Böyük strateq ötən əsrin 70-80-ci illərində böyük təzyiqlərlə, təqiblərlə üzləşsə də, heç bir riskdən çəkinməyərək əzmkar fəaliyyəti ilə xalqda tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti, milli adət-ənənələri və düşüncə sistemi barədə dolğun təsəvvürlər formalaşdıra bilmişdir. O dövrdə repressiya qurbanlarına bəraətin verilməsi istiqamətində gördüyü işlər də məhz azərbaycançılıq məfkurəsinin güclənməsinə xidmət etmişdir.
Rus dilinin az qala rəsmən dövlət dili səviyyəsində qəbul edilmək üzrə olduğu bir zamanda - 1969-cu ildə respublika rəhbəri seçilən Heydər Əliyev keçmiş Azərbaycan KP MK-nın plenumlarında azərbaycanca çıxış etməklə cəmiyyətə milliləşmənin zəruriliyi mesajını vermiş, ana dilinə, dinə, dəyərlərə bağlı olmağı, tarixi irsi yaşatmağı ictimai fikrə böyük müdrikliklə əxz etmişdir. Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin varlığını təsdiqləyən rəmzlərə və atributlara münasibəti hər zaman həssas olmuşdur. Hələ 1978-ci ildə Azərbaycan SSR-nin konstitusiya layihəsi qəbul edilərkən, ulu öndərin Azərbaycan dilinin bu ali sənəddə ana dili kimi təsbitlənməsi sahəsində nümayiş etdirdiyi rəşadəti xüsusi xatırlatmaq lazımdır. Eyni zamanda, ümummilli liderin təşəbbüsü və köməyi ilə 1970-ci illərdə nəşr olunmuş 3 cildlik “Müasir Azərbaycan dili” dərsliklərinə dövlət mükafatı verməsi də xalqın milli şüurunun formalaşmasına mühüm töhfə olmuşdur.
Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanın korifey şəxsiyyətlərinin adlarını əbədiləşdirməklə, əsərlərinin təkrar nəşrini təşkil etməklə, heykəllərini ucaltmaqla, muzeylərini yaratmaqla xalqın tarixini, mədəniyyətini, ədəbiyyatını yaşatmaq, bütövlükdə isə milli yaddaşın qorunub gələcək nəsillərə çatdırmaq məqsədini güdmüşdür. Dahi öndərin vətənpərvər fəaliyyətinin nəticəsi olaraq respublikada milli ruhlu ziyalı təbəqəsi formalaşmış, Azərbaycan tarixçiləri şanlı keçmişimizin mümkün qədər obyektiv tədqiqi və qələmə alınması istiqamətində ilk addımlarını atmağa başlamışlar. Yaranmış əlverişli imkanlardan istifadə edərək, Atabəylər dövlətinin tarixini yazan mərhum akademik Ziya Bünyadov ötən əsrin 70-ci illərinin ortalarında ümummilli lider tərəfindən dövlət mükafatına layiq görülmüşdür.

 

Həqiqi müstəqilliyin təminatçısı

 

Tarixən hər bir xalqın hansısa əlverişli situasiyada milli-etnik soy-kökünə qayıdışı, əsrlər boyu əxz etdiyi milli-mənəvi dəyərlər, məfkurə və düşüncə sisteminə söykənərək özünüməxsusluğunu qorumaq, müstəqilliyə, azadlığa qovuşmaq şansı əldə etməsi lider fenomeninin fövqəladə missiyası ilə şərtlənmişdir. İndi bu həqiqəti əksəriyyət etiraf edir ki, əgər 70-80-ci illərdə Heydər Əliyevin əzmkarlığı və qətiyyəti ilə xalqın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində görülən işlər olmasaydı, bu gün Azərbaycanın müstəqil xəttə malik, heç bir dövlətdən asılı olmayan ölkə kimi mövcudluğundan danışmaq şübhə altında olardı.
Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi də eynən birinci dəfə olduğu kimi, respublikanın üzlədiyi ağır sosial-iqtisadi, mənəvi mühitlə şərtlənmişdir. Ulu öndər 1993-cü ilin iyununda kifayət qədər böhranlı bir dövrdə xalqın çağırışına cavab verərək, Azərbaycanın idarəçilik sükanı arxasına keçmiş, qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürərək onun sürətli icrasına başlamışdır.
Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycan dövlətinin hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətlənmişdir. Ümummilli lider, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas edilmişdir.
Ulu öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratmışdır. Ümummilli lider mərkəzi planlaşdırma və bölgü sistemindən sərbəst bazar münasibətlərinə əsaslanan iqtisadi modelə keçid prosesinin aztəminatlı təbəqənin maraqlarına toxunmaması üçün dövlət büdcəsində sosial müdafiə tədbirlərinə geniş yer ayrılmasını təmin etmişdir.
Ulu öndər Heydər Əliyev yaxşı bilirdi ki, bazar mexanizminin hərəkətverici qüvvəsi sayılan sahibkarlığın inkişafı keçid iqtisadiyyatlı ölkələrin sosial-iqtisadi sisteminin yenidən qurulmasında, hökumətin qarşıya qoyduğu strateji məqsədlərin uğurla reallaşdırılmasında mühüm rol oynayır. 1995-ci ildən etibarən respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı, süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formalaşdırılmış, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli stimullaşdırılması məsələləri daim diqqət mərkəzində saxlanılmışdır. Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 1997-ci ildə qüvvəyə minmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı (1997-2000-ci illər) Dövlət Proqramı” əhəmiyyətinə, aktuallığına və miqyasına görə milli sahibkarlığın inkişafında yeni mərhələnin başlanğıcı olmuş, bu sahədə dövlət siyasətinin başlıca prinsiplərini müəyyənləşdirmişdir.
Kiçik və orta sahibkarlıq subyektlərinin normal fəaliyyəti üçün sonrakı mərhələdə “Azərbaycan Respublikasında kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının Qanununa bir sıra mütərəqqi dəyişiklik və əlavələr edilmiş, habelə “Haqsız rəqabət haqqında”, “İnvestisiyaların qorunması haqqında”, “İstehlak bazarı haqqında” və digər zəruri qanunlar qəbul edilmişdir. Bu qanunlar yerli və xarici sahibkarların təhlükəsiz və xüsusi risklilik tələb etməyən biznes fəaliyyətinə dövlət tərəfindən verilən hüquqi təminatı daha da gücləndirmiş, investisiyaların qarşılıqlı təşviqinə və qorunmasına əsaslı zəmin formalaşdırmışdır.
Ulu öndər Heydər Əliyev daim iş adamlarının mənəvi hamisi kimi çıxış edərək bu təbəqənin milli iqtisadiyyatın lokomotiv qüvvəsinə çevrilməsinə çalışmış, mövcud problemlərin aşkarlanması məqsədilə dövlət-sahibkar dialoqunun genişləndirilməsində maraqlı olmuşdur. Böyük strateq sahibkarların Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar Şurasının yaradılması ilə bağlı təşəbbüsünə də müsbət yanaşmış, bu yönümdə operativ qərarlar qəbul etmişdi. Ulu öndərin sərəncamı ilə yaradılmış şuranın məqsədi ölkədə sahibkarlığın inkişafına nail olmaq, iş adamlarının dövlət başçısının yürütdüyü siyasətin həyata keçirilməsində səmərəli, fəal iştirakını istiqamətləndirmək, bu yolda mövcud olan problemləri araşdırmaq və onların həlli üçün təkliflər vermək idi.
Ümumilikdə 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, xarici ticarət dövriyyəsi 4, iqtisadiyyatda məşğul olanların orta aylıq real əməkhaqqı 5,1 dəfə artmışdır. İnflyasiya səviyyəsi 2-3 faizə qədər endirilmiş, bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarını keçmişdir. Əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaratmışdır.

 

İslahatlar kursunun uğurlu davamı

 

Azərbaycanın mütərəqqi inkişaf strategiyasını irəli sürmüş Heydər Əliyev dühası bu gün cismən aramızda olmasa da, onun ölməz ideyaları xalqın uğurlu inkişaf yoluna parlaq işıq saçır, hər bir azərbaycanlını vahid məram və məqsədlər ətrafında toparlayır. Həm də onunla qürur duyuruq ki, ümummilli liderin Azərbaycan Prezidenti cənab İlham Əliyev kimi xalqının, dövlətinin maraqlarını uca tutan, hər bir vətəndaşın mənafeyini nəzərə alan, bir sözlə, hər vədini əməli işi ilə doğruldan layiqli siyasi davamçısı var. Ölkəyə rəhbərlik etdiyi 14 ilə yaxın müddətdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar cənab İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə söykəndiyini göstərmiş, onun ictimai rəydə alternativsiz rəhbər kimi qəbul edilməsini şərtləndirmişdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2003-2016-cı illərdə iqtisadi islahatlar davam etdirilmiş, ölkəmiz qısa müddətdə yüksək orta gəlirli ölkələrdən birinə çevrilmiş, qlobal rəqabət qabiliyyətinə görə dünyada 37-ci yerdə qərarlaşmışdır. Bu illər ərzində ölkə iqtisadiyyatı 6 dəfə böyümüş, adambaşına düşən milli gəlir 5 dəfədən çox artmışdır. Ölkədə qiymətlərin sabitliyi qorunmuş, xarici valyuta gəlirlərinin əhəmiyyətli dərəcədə artması nəticəsində böyük həcmdə strateji valyuta ehtiyatları formalaşdırılmış, milli valyutanın məzənnəsinin izafi möhkəmlənməsinə yol verilməməklə beynəlxalq rəqabət qabiliyyəti qorunmuşdur. Adambaşına düşən xarici investisiyaların həcminə görə MDB və Şərqi Avropada aparıcı dövlətlərdən olan Azərbaycan xaricə investisiya yatıran ölkələrdən birinə çevrilmişdir.
İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması, qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı 2004-2013-cü illər ərzində iki beşillik dövlət proqramı həyata keçirilmişdir.
Proqramların icra olunduğu 10 il ərzində ümumi daxili məhsul 3,2 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artmışdır. Həyata keçirilmiş tədbirlər nəticəsində ölkədə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri, 55,6 min müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,3 faizə enmişdir. Azərbaycan iqtisadiyyatına 130 milyard dollardan artıq investisiya qoyulmuş, xarici ticarət dövriyyəsi 6,4 dəfə, qeyri-neft ixracı 4,5 dəfə artmışdır.
Əminliklə demək olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi sosial-iqtisadi islahatlar respublikamızın dinamik sosial-iqtisadi inkişafını təmin etmiş, modernləşmə kimi mürəkkəb prosesin etibarlı iqtisadi bazisini formalaşdırmışdır. Dövlət başçısı özünəməxsus siyasi məharətlə dövlətə rəhbərlik fəaliyyətinin bütün məqamları arasında qırılmaz bağlılığa, məntiqi ardıcıllığa nail olmuş, Azərbaycanda dövlət idarəçiliyinin özünəməxsus mükəmməl sistemini formalaşdırmış, bu sistemin xalqın mənafeyinə uyğun intensiv fəaliyyətini təmin etmişdir. Dövrün tələblərinə uyğun formalaşdırılmış bu sistem respublikamızın sürətli sosial-iqtisadi tərəqqisinə, siyasi sabitliyə, vətəndaş sülhünə, insanlarımızın maddi rifah halının yaxşılaşmasına, ölkəmizdə demokratiyanın inkişafına yönəlmiş mühüm qərarlara, habelə bu qərarların icrasına xalqla birgə nəzarət formuluna əsaslanır.
“Bizim iş üslubumuz belədir: problemi müəyyən etmək, onun həlli üçün lazım olan yolları müəyyən etmək, axtarmaq və tədbirlər planı hazırlamaq. Bunu etmək üçün artıq bizim maliyyə imkanlarımız da var” - deyən cənab İlham Əliyev davamlı və tarazlı inkişafın təmin edilməsi baxımından bir sıra sahələrdə uzun illər boyu həllini gözləyən problemlərin dəqiqliklə müəyyənləşdirilməsi, habelə mövcud resursların həmin problemlərin həllinə yönəldilməsi üçün kompleks proqramların hazırlanaraq həyata keçirilməsini, icra prosesinin diqqətdə saxlanılmasını vacib saymışdır.
Dövlət başçısının iqtisadi siyasəti nəticəsində son illər vətəndaşların yaşayış tərzində, sosial rifah halında özünü qabarıq göstərməyə başlayan müsbət keyfiyyət dəyişiklikləri, hər bir hüquqi dövlətdə ictimai-siyasi sabitliyin başlıca təminatçısı sayılan orta təbəqənin - milli sahibkarlar ordusunun mövqelərinin ildən-ilə möhkəmlənməsi ümumbəşəri xarakter daşıyan demokratik hüquqi normaların ictimai rəydə düzgün dərk olunmasına, qavranılmasına və qiymətləndirilməsinə əlverişli şərait formalaşdırır.
İctimai həyatın müxtəlif sahələri üzrə əldə edilən böyük nailiyyətlər hazırda Azərbaycanın ən böyük sənaye mərkəzlərindən birinə çevrilmiş Sumqayıt şəhərinin sakinləri tərəfindən də yüksək dəyərləndirilir, həyata keçirilən siyasi kursa, habelə ulu öndər Heydər Əliyev ideyalarından güc alan Yeni Azərbaycan Partiyasına inamı daha da artırır. Bunun nəticəsi olaraq sıraları gündən-günə genişlənən YAP-ın Sumqayıt şəhər təşkilatı da şəhərin ictimai-siyasi həyatında fəal iştirak edir, ictimai-mənəvi iqlimin sağlam məcrada formalaşmasına öz töhfəsini verir. Təşkilatın 2017-ci il iyunun 20-də keçirilmiş 8-ci hesabat-seçki iclası da bu baxımdan mühüm nəticələrlə yadda qalmışdır. Şəhər rəhbərliyinin, eləcə də Milli Məclisin komitə sədri, YAP Siyasi Şurasının üzvü Eldar İbrahimovun iştirak etdiyi həmin iclasda təşkilatın rəhbərliyində edilmiş dəyişikliklərlə gənclərin bir sıra vəzifələrə irəli çəkilməsi də obyektiv reallığı əks etdirən qərar kimi razılıqla qarşılanmışdır.
Son olaraq vurğulamaq istərdik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev özünün dövlətçilik konsepsiyasını məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu strateji kursu üzərində formalaşdırır və onu yeni dövrün tələblərinə uyğun zənginləşdirir. Xalqı Heydər Əliyev ideyaları ətrafında toparlayır, özünü azərbaycanlı sayan, bu mənsubiyyətdən qürur duyan hər kəsi ulu öndərin yarımçıq qalmış arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər edir. Bu gün hər bir azərbaycanlı dərk edir ki, bu ideyalar yaşayır və bizi tam demokratik, qüdrətli Azərbaycanın qurulması üçün Prezident İlham Əliyevin liderliyi altında mühüm vəzifələr gözləyir. Mütləq əksəriyyət bu fikirdədir ki, bir çox dövlətlərin onilliklərlə keçdiyi yolu qısa müddətdə adlayan Azərbaycan öz rəhbərinin əzmkar fəaliyyəti sayəsində qarşıya qoyduğu bu hədəflərə çox qısa zamanda qovuşacaqdır.

Qüdrət KƏRİMOV,
Xəzər ASC-nin sədri, iqtisad elmləri doktoru