Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ürək-damar xəstəlikləri yalnız “genlərimizin bizə hədiyyəsi” deyil, həm də həyat tərzimizə bağlı problemdir

13 İyul 2017
Hazırda Mərkəzi Klinikada kardiologiya sahəsində dünya standartlarına tam uyğun və ən son texnologiyalardan istifadə edilir. Bu da ən kiçik ürək patologiyalarının belə erkən müddətdə aşkarlanmasına şərait yaradır. Onu da qeyd etmək istərdim ki, klinikamızda dünyanın aparıcı tibb ocaqlarının çoxundan daha keyfiyyətli və uğurlu müayinə, müalicə, eləcə də profilaktika işləri aparılır. Aldığımız yüksək nəticələr bunun göstəricisidir. Klinikamız Avropa Kardiologiya Cəmiyyətinin və Dünya Səhiyyə Təşkilatının bu sahədə mövcud protokolları əsasında fəaliyyət göstərir. Bu da xəstələrin müalicəsi ilə yanaşı, həkim üçün də çox faydalıdır.

Bu sözləri Mərkəzi Klinikanın kardiologiya şöbəsinin müdiri, Azərbaycan Tibb Universitetinin daxili xəstəliklər kafedrasının müəllimi, Türk Dünyası Kardioloji Birliyinin vitse-prezidenti, Əməkdar Həkim Firdovsi İbrahimov AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib.

F.İbrahimov deyib ki, Avropa Kardiologiya Cəmiyyətinin və Dünya Səhiyyə Təşkilatının protokolları on minlərlə insanın üzərində aparılan tədqiqatlar nəticəsində hazırlanıb. Protokolların hazırlanmasında Avropa Kardiologiya Cəmiyyətinin bir üzvü olaraq mən də yaxından iştirak etmişəm. Bu da həm ölkəmizin təbliği, həm də azərbaycanlı mütəxəssisin bu prosesə cəlb olunması baxımından sevindirici haldır. Bu, həm də Mərkəzi Klinikada kardiologiya sahəsinin inkişafının da göstəricilərindən biridir. Kardiologiya sahəsində doğruluq cihazlarının istər müayinədə xəta payının ən aza endirilməsi, istərsə də müalicədə dünya standartlarına cavab verməsi çox vacibdir və bu klinikamızda mövcuddur.

Şöbə müdiri bildirib ki, Mərkəzi Klinikada ən sadə diaqnostik üsuldan başlamış ən son və müasir texnologiyalarla peşəkar mütəxəssislər tərəfindən xəstəliklərin düzgün qiymətləndirilməsi və müalicəsi həyata keçirilir. EKQ, ExoKQ, Stress test, Holter monitorinq kimi standart müayinə metodları ilə yanaşı, TEE, Kardiak MR, CT anqioqrafiya kimi müasir müayinə metodları geniş tətbiq olunur. Bu müayinələr dünyanın aparıcı klinikalarında ixtisaslaşmış mütəxəssislər tərəfindən aparılır. Transezofagial exokardioqrafiya ambulator olaraq anadangəlmə və qazanılma qüsurlarının daha detallı araşdırılmasında, ürək boşluqlarında tromb varlığının təyini üçün həyata keçirilir. Bununla da səyirici aritmiyası olan yüzlərlə xəstənin insult keçirməsi önlənir. Bilirsiniz ki, Mərkəzi Klinika invaziv kardiologiyanın beşiyi hesab olunur. Qürurla deyə bilərəm ki, koronar angioqrafiya və stend implantasiyası sahəsində artıq qürur duyulacaq səviyyədədir.

- Firdovsi müəllim, bəs ürəyin işemik xəstəliyi nədir və bu problemin ilkin simptomları hansılardır?

- Əvvəla, təəssüflə qeyd etmək istərdim ki, kardiologiyanın bu qədər inkişafına baxmayaraq, ürək-damar sistemi xəstəlikləri hələ də dünyada ölümün birinci səbəbi olaraq qalır. İşemiya dedikdə tac damarların tutulması və ya damar keyfiyyətinin aşağı olması səbəbindən ürək əzələsinin yetərincə qanla təchizatının pozulması nəticəsində yaranan patoloji vəziyyət nəzərdə tutulur. Damarlarda yaranan tıxanıqlığa görə ürək öz funksiyasını tam olaraq yerinə yetirə bilmir. Simptomlar ilkin dövrlərdə fiziki aktivlik zamanı meydana çıxır. Bu, özünü hərəkət zamanı sinədə, kürəkdə yaranan yanma, göynəmə xarakterli ağrı, pilləkən qalxarkən təngnəfəslik, sinədə sıxılma kimi şikayətlərlə göstərə bilər. Amma bu, o demək deyil ki, işemiyası olan hər xəstədə biz bu simptomları görməliyik. Ürəyin işemik xəstəliyi bəzən daha əvvəl xəstədə heç bir şikayət olmadan birbaşa miokard infarktı hətta ani ölümlə qarşımıza çıxa bilir.

- Ürək-damar xəstəlikləri tam olaraq genetika ilə bağlıdır, yoxsa keçirdiyimiz həyat tərzinin bu xəstəlikdə rolu daha çoxdur?

– Bu sual kardiologiyanın mübahisəli mövzularından biridir. Bu sahədə çoxlu genişmiqyasli araşdırmalar aparılıb. Kobud şəkildə izah etsəm ailə üzvləri arasında 55 yaşdan aşağı kişi və 65 yaşına çatmamış qadın infarkt keçirən şəxs genetik risk daşıyır. Siqaret, düzgün qidalanmama, hərəkətsizlik, təzyiq və şəkər kimi ürək damar xəstəliklərinin əsas risk faktorlarına orqanizmin verdiyi cavab da irsiyyətdən birbaşa asılıdır. Belə ki, düzgün qidalanan, siqaret çəkməyən, şəkəri və ya təzyiqi olmadığı halda ürəyin işemik xəstəliyinə tutulan insanlar da var. Ailəvi hiperxolesterinemiyası olan insanlarda ürək-damar xəstəliyi çox gənc, hətta uşaq yaşlarda başlanır. Bu xəstələrdə qanda xolesterinin miqdarı həddən artıq yüksək olur. Göz ətrafında, dizdə ksantoma dediyimiz xolesterin çıxıntıları əmələ gəlir. Belə xəstələrin bütün ailə üzvlərində lipid spektrinin müayinəsi mütləqdir. Xəstəliyin daha erkən yaşda aşkarlanması infarkt və ani ölüm kimi faciəvi nəticələrin vaxtında qarşısının alınması deməkdir. Bir şey də qeyd edim ki, irsiyyətində ürək xəstəliyi olan hər insan infarkt keçirəcək və ya ürək xəstəsi olacaq deyə bir hal yoxdur. Bu da onu göstərir ki, ürək-damar xəstəliyinə tutulmaq təkbaşına “genlərimizin bizə hədiyyəsi” deyil, daha çox keçirdiyimiz həyat tərzinə bağlıdır.

- Bu xəstəliyin aşkarlanması istiqamətində əsasən nə kimi müayinələr aparılır?

- Ürəyin işemik xəstəliyi diaqnostikası o qədər də çətin olmayan bir patologiyadır. Xəstənin şikayətlərinə uyğun olaraq, EKQ çəkilir, ExoKQ müayinəsi aparılır, “stress test” icra olunur. Qanda xolesterinin miqdarına baxılır. Xəstələrin risk qrupları təyin edilir, aşağı və orta risk qrupları yaxın təqibə alınır. Ciddi risk qrupundakılar daha ətraflı araşdırılır və lazımı müdaxilələr edilir. Ailə üzvlərinin birində şübhəli hal müəyyən edildikdə digər ailə üzvlərinin də müayinə olunması tövsiyə edilir. Belə ki, xəstəliyin vaxtında aşkarlanması gələcəkdə yarana biləcək fəsadların qarşısının alınması baxımından çox vacibdir. Müalicənin düzgün və zamanında aparılması isə xəstəliyin yaranmasının və irəliləməsinin əhəmiyyətli dərəcədə azalması deməkdir.

- Risk altında olanlar nə kimi profilaktik tədbirlər görməlidirlər?

- Hipertoniya xəstəliyi, şəkərli diabet və xolesterinin yüksək olması ürəyin işemik xəstəliyinin yaranmasında rol oynayan əsas amillərdəndir. Ölkəmizdə təzyiqli xəstələrin duz istifadəsi çox kontrolsuzdur. Normal halda gün ərzində 2-5 qr duzdan istifadə edilməlidir. Lakin biz duz sevən xalq olduğumuza görə təzyiqə nəzarət etməkdə çətinlik çəkirik. Daha bir səbəb isə artıq çəki və hərəkətsizlikdir. Bizim xalqın yağlı xörəklər yemə alışqanlığı var. Riskli xəstələr mütləq qida rejimlərinə ciddi riayət etməlidirlər. Heyvan mənşəli yağlardan uzaq durmalı, quyruq, piy yeməməlidirlər. Qısacası, siqaret çəkməmək, spirtli içki qəbulunu minimuma endirmək, çəkiyə nəzarət etmək, fiziki cəhətdən fəal olmaq və düzgün qidalanmaqla bu xəstəlikdən qorunmaq mümkündür. Genetik meyilli insanlar isə bu rejimə əməl etməklə ən azından xəstəliyə tutulma yaşını uzada bilərlər.