Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanın inkişafı uğurla davam edib, ölkəmiz daha da güclənib

13 İyul 2017
 

İLHAM ƏLİYEV Ermənistanın təxribatlarına layiqli cavab verildikdən, işğalçı cəzalandırıldıqdan, Zəhranın və nənəsinin qanı alındıqdan sonra Azərbaycanın danışıqlara getdiyini bəyan etdi

 

* Azərbaycanda bütün sosial-iqtisadi məsələlər uğurla öz həllini tapır, ölkəmizdə təhlükəsizlik tədbirləri yüksək səviyyədədir. Azərbaycan bu bölgədə və dünyada sabitlik məkanı kimi tanınır. Əlbəttə ki, belə bir şəraitdə həm investisiyaların qoyuluşu üçün maraq göstərilir, eyni zamanda, xalqımız rahat yaşayır, əhalimizin rifah halı yaxşılaşır. Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində öz gələcəyini qurur.


* Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan ölkə kimi tanınır. Dostlarımızın sayı artır və beynəlxalq təşkilatlarda da bizim fəaliyyətimiz çox müsbətdir. Mən ilin altı ayında 10 xarici səfər etmişəm - beş Avropa ölkəsinə, beş müsəlman ölkəsinə. Bu səfərlərimin coğrafiyası əslində bizim xarici siyasətimizin nə qədər düzgün və milli maraqlara xidmət edən siyasət olduğunu bir daha təsdiqləyir. Bu ilin birinci yarısında doqquz xarici dövlət və hökumət başçısı Azərbaycana səfər edibdir. Ölkəmizdə keçirilmiş mötəbər beynəlxalq tədbirlər, əslində, Azərbaycanın dünyadakı rolunu, inkişafını, ölkəmizə beynəlxalq aləmin, aparıcı dövlətlərin hörmətini, rəğbətini göstərir.


* Növbəti təxribat bu ayın 4-də Füzuli rayonunun Alxanlı kəndində baş verdi. Bu, hərbi cinayətdir. Bu, erməni faşizminin təzahürüdür və bu cinayətə görə Ermənistan öz cavabını almışdır. Bu, misli görünməmiş vəhşilikdir. Balaca Zəhranın və onun nənəsinin öldürülməsi erməni faşizminin eybəcər sifətini bütün dünyaya göstərdi. Bu cinayət cavabsız qalmadı. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirdi. Bu zərbələr nəticəsində bir çox işğalçı məhv edildi. Balaca Zəhranın, onun nənəsinin qanı yerdə qalmadı. Həmişə də belə olacaq.


* Bu il də hərbi potensialımızın gücləndirilməsinə böyük diqqət göstərmişik. Yeni silahlar, ən müasir texnika alınır. Özü də biz texnikanı, silahları, ən müasir avadanlığı müxtəlif ölkələrdən alırıq və onların bir hissəsi artıq gəlir, bir hissəsi isə gələcəkdir. Bu, bizim hərbi potensialımızı daha da artıracaq. Bu günün özündə biz işğal edilmiş torpaqlarda istənilən hədəfi məhv edə bilərik.


* Biz işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndini bərpa etdik. Bu, bizim şanlı tariximizə qızıl hərflərlə yazılan hadisədir. Ailələr oraya qayıdır. Açılışdan sonra mən növbəti sərəncam imzaladım. Növbəti 100 evin, tibb məntəqəsinin və digər lazımi obyektlərin tikintisi üçün də vəsait ayrılmışdır. Əminəm ki, gələcək aylarda Cocuq Mərcanlı kəndi tam bərpa ediləcək və bu kəndə tam həyat qayıdacaqdır.


* Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Ona görə sosial məsələlərin həlli daim diqqət mərkəzindədir. Beş milyondan çox insan bu il pulsuz müayinədən keçmişdir. Birinci altı ayda 26 tibb müəssisəsi tikilmiş və təmir edilmişdir. İyirmidən çox modul tipli məktəb tikilmişdir. İlin sonuna qədər onların sayı 100-ə çatmalıdır.


* Qeyri-neft iqtisadiyyatımızda 1,7 faiz artım bizim apardığımız iqtisadi islahatların nəticəsidir. Qeyri-neft sənayesi 4,4 faiz artıb. Bu ilin altı ayında ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub. Valyuta ehtiyatlarımız 3 milyard dollar artıb və bu günə 40,6 milyard dollar təşkil edir. Bu çox gözəl göstəricidir.


* Heç vaxt populist işlərlə məşğul olmamışıq. Biz hər zaman ölkəmizin uzunmüddətli inkişafı ilə məşğul olmuşuq. Biz həm qənaət etdik, həm islahatlar apardıq. Ancaq strateji əhəmiyyət daşıyan layihələrə vəsait ayırdıq. Əlbəttə ki, biz idxalı azaltmışıq, ixracı isə artırmışıq. Büdcə ilə bağlı heç bir problem yoxdur. Ona görə Neft Fondundan büdcəyə transferlər də azaldı.


* Bu il 122 min yeni iş yeri açılmışdır ki, onlardan 101 mini daimi iş yeridir. Bu ilin altı ayında ixrac 36 faiz artıb. Qeyri-neft ixracı altı ayda 27 faiz artıb. İdxal 15 faiz azalıbdır. Müsbət saldo 1,9 milyard dollar təşkil edir. Hər bir ölkə üçün bu, ən arzuolunan nəticələrdir. Kənd təsərrüfatı da 2,2 faiz artıbdır.


* Bunlar dünya miqyasında bu gün ən gözəl göstəricilərdir. Bunu o ölkə əldə edib ki, biz hələ enerji amilindən asılıyıq. O ölkə əldə edib ki, onun gəlirləri son iki il ərzində üç-dörd dəfə azalıb. Bax budur bizim siyasətimiz, gördüyümüz işlər və əldə etdiyimiz nəticələr.


* Hər bir dövlət məmurunu işə təyin edəndə verdiyim tapşırıqlar arasında bunlar da var ki, məmur təvazökar olmalı, xalqa xidmət etməli, xalqla bir yerdə olmalı, özünü xalqdan yuxarı tutmamalıdır. Məmur özü və onun ailə üzvləri təkəbbürlü davranmamalıdırlar. Ancaq buna baxmayaraq, bəzən hələ də görürük ki, həm məmurlar özlərini apara bilmirlər, kobud səhvlər buraxırlar və həm də ailə üzvləri hesab edirlər ki, onların xüsusi imtiyazı var. Azərbaycanda heç kimin heç bir imtiyazı yoxdur. Mən demişəm ki, o dövlət məmuru öz ailə üzvlərini idarə edə bilmirsə, vəzifədən çıxarılacaq və belə də oldu. Azərbaycanda xuliqanlıqla, özbaşınalıqla məşğul olanlar cəzalandırılır və cəzalandırılmalıdır. Heç kimə heç bir güzəşt edilmir və mənim son qərarlarım onu bir daha təsdiqləyir, hamı nəticə çıxarsın.


* Bu ilin 6 ayının yekunları məni sevindirir. Nazirlər Kabinetinin iclası, o cümlədən xalqa verilən hesabatdır. Biz bunu müntəzəm olaraq edirik. Eyni zamanda, verdiyim tapşırıqlar yerinə yetirilməlidir ki, biz müsbət dinamikanı daha da artıraq.