Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Müdrik dost, yaxın sirdaş

13 İyul 2017
 

Kitab həm də mənəvi zənginlik mənbəyidir

 

Onları hər zaman yaxın sirdaş, müdrik dost hesab ediblər. Əgər dilini öyrənə, düzgün anlaya, duya bildinsə, məsləhətləri ilə ən doğru yolu göstərəcəkdir. Yaxşı kitablar tək insanın deyil, bütöv ölkənin ən qiymətli sərvəti sayılır. Onların toplandığı yeri - xəzinəni isə kitabxana adlandırırlar. Hansı ölkədə, şəhərdə, kənddə belə xəzinə çoxdursa, hər zaman orada yaşayan insanlar mənəvi cəhətdən daha varlı, daha kamil olublar.

Cəmiyyətin formalaşmasında kitab və kitabxanaların rolu əvəzsizdir. Mütaliədən uzaqlaşmaq bütövlükdə cəmiyyətin gələcəyinə mənfi təsir göstərir. Ona görə də xalqının tərəqqipərvər, təəssübkeş ziyalıları apardıqları böyük mübarizə yolunda kitabxanalar, qiraətxanalar açmaq məsələlərinə xüsusi diqqət yetiriblər. XIX əsrin sonları, XX əsrin əvvəllərində Azərbaycanın Həsən bəy Zərdabi, Firidun bəy Köçərli, Əhməd bəy Ağaoğlu, Nəriman Nərimanov və başqa millətpərvər ziyalıları bu yolda yorulmadan çalışıb, diqqətəlayiq işlər görüblər. Onların arzuları sonrakı dövrdə daha geniş şəkildə həyata keçib. Azərbaycanın böyük şəhərlərindən tutmuş kiçik kəndlərinədək elə bir yaşayış yeri qalmayıb ki, orada kitabxanalar yaradılmasın və vaxtaşırı bütün istiqamətləri əhatə edən yeni nəşrlərlə təmin edilməsin.

Son illər bu sahədə təəssüf doğuran addımlar atıldı. Belə ki, respublikamızın bölgələrində, hətta paytaxt şəhərimizdə belə bir sıra kitabxanalar ləğv edildi, kitab satışı ilə məşğul olan mağazaların yerini dönərxanalar, ərzaq, geyim mağazaları tutdu. Həm də elə bir vaxtda ki, Azərbaycan xalqının tarixində olduqca mühüm hadisələr baş verirdi. Haqq səsimizi dünyaya yaymağa, təbliğat aparmağa hər zamankından da artıq ehtiyacımız var idi.

Bu yanlışı düzəltmək, yenidən kitablara üz tutmaq son dərəcə vacib idi. Bir müddət öncə qapılarını oxucuların üzünə açan “Azərkitab” Kitab Təbliğatı Mərkəzi belə bir xeyirxah addım atdı. Qeyd edək ki, “Azərkitab” kitab birliyi 1924-cü ildə fəaliyyətə başlayıb. 2000-ci ildə bu müəssisənin fəaliyyətinə bir ticarət qurumu olaraq xitam verilib. “Azərkitab” Kitab Təbliğatı Mərkəzi SSRİ vaxtı böyük nüfuza sahib olan “Azərkitab” kitab birliyinin mənəvi varisidir.

“Azərkitab” Kitab Təbliğatı Mərkəzinin fəaliyyətə başlaması kitabsevərlərin sevincinə səbəb olub. Kitab Təbliğatı Mərkəzinin fəaliyyətini ilk gündən təqdir edən “Azərbaycan” qəzeti redaksiyasının kollektivi yeni kollektivə öz dəstəyini bir daha ifadə edib. Redaksiyanın nəşr etdiyi 16 adda 60 ədəd kitab mərkəzə hədiyyə olunub. Həmin nəşrlər sırasında “Heydər Əliyev mənim həyatımda” (2013), R.Mehdiyev: “Yeni siyasət: inkişafa doğru” (ikicildlik, 2008), “Azərbaycan” - 90”, “İnkişafın Azərbaycan modeli” (2010), “Müasir Azərbaycan dövrün baxışında” (ikicildlik, 2011), “Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi” (ikicildlik, 2012) və digər kitablar vardır.

Yeni mərkəzə gedən “Azərbaycan” qəzeti redaksiyasının əməkdaşları onun fəaliyyəti ilə yaxından tanış oldular. Mehribanlıq şəraitində keçən görüş zamanı “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov qeyd etdi ki, hazırda Azərbaycanda bu cür kitabxanaların açılması təqdirəlayiqdir: “Azərbaycan bu gün inkişaf edir və belə bir tarixi şəraitdə ölkəmizin dünyada təbliğ edilməsində kitabların da rolu və əhəmiyyəti artır. Həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, habelə digər hadisələrlə bağlı həqiqətləri dünyaya çatdırmağımızda bu mövzularda yazılıb nəşr edilən kitablarımızdan da istifadə etməliyik”.

Layihənin müəllifi Sabir Həsənov dedi ki, onlar bu mərkəzi böyük arzularla yaradıblar: “Yalnız paytaxtımızda kitabsevərlərə xidmət etməklə kifayətlənmək fikrində deyilik. Planlarımız genişdir. Eyni zamanda çalışacağıq ki, bütün yaş qrupundan olan oxuculara yüksək səviyyədə xidmət göstərək. Azərbaycanın tarixi həqiqətlərinin dünyaya çatdırılmasında həyata keçirilən işlərdə də əlimizdən gələni əsirgəməyəcəyik. “Azərbaycan” qəzeti ilk gündən bizə dəstək verənlərdən biri olub. Bugünkü xeyirxah əmələ görə də təşəkkür edirik”.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”