Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Hər zaman sevə-sevə vəsf etdiyimiz günəşdən həm də qorunmaq lazımdır

13 İyul 2017
 

Havaların qızması ilk növbədə təbiətin, bütün canlı aləmin aktivləşməsində özünü göstərməyə başlayır. Hər tərəfdə bolluq, ruzi-bərəkət də isti aylarda yaranır. Qış tədarükünə də bu aylardan başlamağımız təsadüfi deyil. Elə ən çox təbiət qoynunda gəzib istirahət etdiyimiz vaxt üçün də isti aylar əlverişlidir və uyğun olaraq ölkəmizdə böyük əksəriyyət tərəfindən arzuolunan fəsildir yaz-yay ayları. 

Sözsüz, bu canfəşanlığın fonunda isti yay günlərinin də insan üçün təhlükəli məqamları var. Söhbət sosial həyatdan, təsərrüfat sahələrindən və ya digər məişət problemlərindən yox, isti fəsildə daha çox müşahidə olunan günvurma hadisəsindən gedir...
Günvurma nə deməkdir, nə zaman baş verir, onun fəsadları, aradan qaldırılması yolları və digər vacib məqamlar haqqında danışacağıq. Mövzu ətrafında həkim məsləhətlərini, təklif və tövsiyələrini oxuculara çatdıracağıq.
Qeyd edək Azərbaycan coğrafi mövqeyinə görə dünyada heç də isti günlərin sayının və ya temperaturun həddən artıq yüksək olduğu ölkə kimi xarakterizə olunmur. Ancaq buna baxmayaraq, hər yay mövsümündə isti yerlərdə olduğu kimi, ölkəmizdə də xeyli sayda günvurma hadisəsi qeydə alınır. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından aldığımız məlumata görə, iyun ayında və iyul ayının ilk həftəsində 15 nəfər günvurma diaqnozu ilə mərkəzə müraciət edib. Günəş şüalarına məruz qalan bu insanlar 20-50 yaş arasında olan şəhər sakinləridir. Onlardan 11 nəfər yardım göstərildikdən sonra evlərinə buraxılsa da, 4 nəfər xəstəxanada yerləşdirilib.
Hələ isti yay günləri qarşıdadır və sözsüz ki, bu günlərdə günvurma hadisəsinin baş verməsi də qaçılmazdır. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Müalicə Metodik İşlərin Təşkili şöbəsinin böyük həkimi Arzu Qurbanova bu barədə danışarkən bildirdi ki, günvurma əsasən yay mövsümündə uzun müddət günəş altında başıaçıq vəziyyətdə qaldıqda baş verir. Bu, günəş şüalarının təsiri nəticəsində hərarətin qalxması, qan dövranının pozulması və orqanizmdə kənar faktorların təsirindən yeni proseslərin başlamasıdır.
Həkim qeyd etdi ki, günvurmanın yüngül, orta və ağır dərəcəsi var və hər birisi orqanizmdə xüsusi əlamətlərlə özünü göstərir: “Yüngül dərəcəli günvurmada xəstənin vəziyyəti kafi olur, ancaq bədənin hərarəti qalxmamış vəziyyətdə qalır. İlkin olaraq baş ağrısı, halsızlıq halları özünü göstərir. Dəri örtüyündə, nəfəs almasında fərqlər yaranır. Orta dərəcəli günvurmada isə bədən temperaturu yüksəlir. Xəstədə hərarətin qalxması, baş ağrısı, ürəkbulanma, qusma, huşun qısamüddətli itməsi halları özünü göstərməyə başlayır. Eyni zamanda ürək döyüntülərinin sayı kəskin şəkildə artır. Ən təhlükəlisi isə ağır dərəcəli günvurma hallarıdır və bu, ölüm riskinin böyük olduğu vəziyyətdir. Bu zaman bədənin temperaturu +40 dərəcənin üstündə olur. Dəri quruyur, artıq orqanizmdə tər ifrazı dayanır. Arterial təzyiq nisbətən aşağı düşməyə başlayır. Qıcolma, titrəmə, huşun itməsi, hətta koma vəziyyəti müşahidə oluna bilər. Tənəffüs çətinləşir və xəstədə patoloji tənəffüs yaranmağa başlayır. Bədəndən o qədər su gedir ki, nəticədə qanın qatılığı artır. Qan dövranı pozulur və damardaxili laxtalanma sindromunun baş verməsi ehtimalı artır. Ümumiyyətlə, günvurma elə ağır bir vəziyyətdir ki, bədəndəki bioloji proseslərin pozulması ilə orqanizmdə istiliyi termorequlyasiya mərkəzi fəaliyyətində dəyişiklik yaranır. Təbii ki, bu da fəsadsız ötüşmür”.
Həkimin dediyinə görə, günvurmaya yaşından asılı olmayaraq hər kəs məruz qala bilər. Ancaq daha çox risk qrupuna daxil olanlar əsasən 5 yaşdan kiçik uşaqlar və 65 yaşdan böyük insanlardır. Bunlardan əlavə şəkərli diabet, arterial hipertoniya kimi xroniki xəstəliyi olan şəxslərdə, çəkisi çox olanlarda, “zobu”, böyrək çatışmazlığı və digər xroniki xəstəlikləri olan, orqanizmi zəif inkişaf olanlarda, eyni zamanda spirtli içki içib günün altında çox qalanlarda bu halın yaranma riski də böyükdür.
Günvurmanın ən ağır fəsadının ölüm hadisəsi olduğunu deyən həkim əlavə etdi ki, əgər hadisə baş verən zaman onun qarşısı vaxtında alınıb insan normal həyata qaytarılıbsa, günvurmanın fəsadları bununla da bitir: “Bəzən insanlara elə gəlir ki, günvurmadan xilas olandan sonra onun fəsadları orqanizmdə illərlə qalır, ancaq bu belə deyil. Ən böyük təhlükə hadisənin baş verməsi zamanıdır - insan hər zaman həyatını itirə bilər”.
A.Qurbanova onu da qeyd etdi ki, günvurma zamanı təcili yardım gələnə qədər xəstəni kölgə bir yerə aparmalı, isti paltarlarını çıxarmalı, su verilməlidir. Çünki istinin təsiri nəticəsində xəstənin bədənindən su çəkilir və bu da xəstənin halını daha da ağırlaşdırır. Mayenin verilməsi isə nisbətən təhlükənin qarşısını alır. Temperatur qalxıbsa, təzyiq və qıcolma baş veribsə, dərmanlardan mütləq istifadə və həkim müdaxiləsi vacibdir: “Ümumiyyətlə, belə bir vəziyyətdə xəstəni özbaşına qoymaq olmaz. Bu, bir fəsaddır, özü keçəcək deyə də bir şey yoxdur. Bütün hallarda günvurma hadisəsi baş veribsə, ilkin yardımdan sonra xəstə xəstəxanaya çatdırılmalıdır. Əks halda hər bir itirilən dəqiqə ölümü daha da yaxınlaşdırır”.
Necə deyərlər, hər zaman sevə-sevə vəsf etdiyimiz günəşdən həm də qorunmaq məcburiyyətindəyik. Bunun üçün tövsiyə olunur ki, isti havalarda qızmar günəş şüaları altında az gəzmək lazımdır. Əsasən 11:00-dan 18:00-ə qədər olan saatlarda günəş şüalarının güclü təsirindən qorunmaq vacibdir. Həmçinin açıq rəngli geyimlərdən, baş örtükləri və papaqlardan istifadə etmək, ən vacib də bol maye qəbul etmək məsləhətdir.

Elnur HADIYEV,
“Azərbaycan”