Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycan önə çıxır

12 İyul 2017
 

Yaxın və uzaq ətrafımızda mürəkkəb hadisələr baş verməkdə davam edir və davam etdikcə də onsuz da heç vaxt düz əməlli-başlı dincliyi olmayan dünyanın nizamı bir az da pozulur. Başa düşmək olmur ki, kim nə istəyir, yaxud kim kimə nə verib ala bilmir və ya kim kiminlə nəyi bölüşdürə bilmir və s. 

Bu nə iddiadır, bu nə hökmdür və nəhayət, bu nə güc nümayişidir ki, dünyanın yarısı az qala onların əsiri olub?! İndi gəl baş çıxar görüm bu, hətta proqnozlaşdırılması mümkün olmayan olaylardan necə baş çıxarırsan. “Nəyə stavka edəsən, hansı gücə güvənəsən, kimin ədalətinə arxayın olasan” suallarına birmənalı cavab tapmaq çətindir, xüsusən də Azərbaycan kimi ərazi cəhətdən kiçik, iqtisadi və coğrafi cəhətdən isə əhəmiyyəti böyük olan ölkə üçün...
Və nə yaxşı ki, belə bir mürəkkəb zaman və şəraitdə dövlətimizin siyasi sükanı arxasında Prezident İlham Əliyev kimi qətiyyətli və səbirli, praqmatik və realist, beynəlxalq şəraiti nəzərə alan və milli maraqları üstün tutan bir lider var. İstəməzdik ki, bu sözlərimiz səmimiyyətdən kənar, boğazdan yuxarı yazılmış sıradan bir tərif kimi qəbul olunsun. İnanmırsınızsa, ən azından yerləşdiyimiz regionda (biz heç də təkcə Cənubi Qafqazı nəzərdə tutmuruq) baş verən hadisələrə, daha doğrusu, tökülən qanlara, dağılan irili-xırdalı yaşayış məntəqələrinə, üç qitənin hər tərəfinə səpələnən milyonlarla qaçqınlara, dinc həyat dalınca yurdunu tərk edənlərin yollarda, dənizlərdə kütləvi surətdə qırılmalarına və s. bu kimi faciələrə baxın. Kim döşünə döyüb bizi əmin edə bilər ki, bütün bu hadisələrin baiskarlarının ssenarisində Azərbaycan olmayıb?! Axı, bunun üçün bizdə “münbit” şərait də var: 30 ilə yaxın davam edən Qarabağ savaşı, Ermənistan kimi sözəbaxan təcavüzkar ölkə və bir də təbii ki, zəngin karbohidrogen ehtiyatları. Və bütün bunlardan sonra Azərbaycanın həmin gizli ssenarilərin qurbanı yox, əksinə, Avropa kimi dünya düzənində əsas söz sahibi olan qoca qitənin enerji təhlükəsizliyinin təminatında başlıca iştirakçıya çevrilməsi məhz Prezident İlham Əliyevin bir lider kimi qeyd etdiyimiz keyfiyyətləri sayəsində mümkün olmuşdur.
Bu baxımdan dövlətimizin başçısının İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresinə dəvət edilməsi təsadüfi deyildi. Məlumat üçün bildirək ki, 1933-cü ildə yaradılan bu qurum dünya neft sektorunun bütün sahələrini əhatə edir. 3 ildən bir keçirilən konqresin 22-ci İstanbul toplantısında 100-dən çox ölkədən 50 nazir, 5 mindən çox dövlət nümayəndəsi və şirkət rəhbəri iştirak etmişdir. Onu da nəzərə çatdıraq ki, qurumun İstanbul toplantısı “Enerji gələcəyimizə körpüdür” devizi altında keçirilmişdir.
Əslində bu devizin özü və konqresdə “Cənub qaz dəhlizi”nin əsas müzakirə mövzusu olması bir çox mətləblərdən xəbər verir. Bunun üzərinə tədbirin “G-20”nin Hamburq sammitindən dərhal sonra reallaşmasını və ABŞ-ın İstanbul Konqresində dövlət katibi səviyyəsində təmsil edilməsini də gəlsək, onda bu toplantının bütünlükdə dünyanın, xüsusən Avropanın enerji təhlükəsizliyinin təminatında nə kimi əhəmiyyətli olduğu daha da aydınlaşır. Aydınlaşan həm də Azərbaycanın “Cənub qaz dəhlizi” layihəsində əsas iştirakçı olduğunun həmin layihənin reallaşmasından faydalanacaq ölkələr tərəfindən birmənalı olaraq qəbul edilməsidir. Bu mənada İstanbulda Prezident İlham Əliyevlə görüşündə ABŞ dövlət katibi Reks Tillersonun Amerikanın indən sonra da “Cənub qaz dəhlizi” layihəsinə dəstək verəcəyini bəyan etməsi təsadüfi deyil. Etiraf edək ki, “Cənub qaz dəhlizi” kimi qlobal layihənin gerçəkləşməsində ABŞ kimi supergücün dəstəyi sıradan bir fakt deyil və onun əldə olunması ilk növbədə Azərbaycanın uduşudur.
Elə Prezident İlham Əliyevin konqresdəki çıxışı da bunun təsdiqi idi. Çıxışında Azərbaycanın müasir dövrdə neft və qaz ixrac edən ölkəyə çevrildiyini deyən Prezident İlham Əliyev “Cənub qaz dəhlizi” layihəsində dövlətimizin rolundan və əhəmiyyətindən ətraflı danışmışdır: “...biz bu gün “Cənub qaz dəhlizi” kimi meqalayihənin üzərində çalışırıq, onun da təməli Türkiyədə, bu gözəl İstanbul şəhərində qoyulmuşdur”. 2012-ci ildə Türkiyənin indiki Cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğanla TANAP layihəsi haqqında müqavilə imzalandığını xatırladan Prezident İlham Əliyev həmin layihəni “Cənub qaz dəhlizi”nin özəyi adlandırmışdır: “Məhz ondan sonra bütün digər istiqamətlər üzrə işlər başlanmışdır. Bu gün “Cənub qaz dəhlizi” layihəsi uğurla icra edilir”.
Yeri gəlmişkən xatırladaq ki, “Cənub qaz dəhlizi” layihəsi 4 hissədən ibarətdir. Birinci hissə “Şahdəniz” qaz yatağıdır. Həmin yataq üzrə “Şahdəniz-2”də sözügedən layihə çərçivəsində işlərin 93 faizi yekunlaşıb və yaxın aylarda qalan işlər də başa çatacaq. İkinci hissə Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz Boru Kəməridir ki, orada da işlərin çox hissəsi - 87 faizi tamamlanıb. Üçüncü - əsas hissə TANAP qaz kəməridir. Gələn il çəkilişi yekunlaşacaq həmin kəmərdə işlərin 77 faizi görülüb. Sonuncu hissə Transadriatik kəmər - TAP-dır. Bu kəmərin çəkilişində isə işlərin hələlik təxminən yarısı - 44 faizi icra olunub.
Göründüyü kimi, 40 milyard dollar sərmayə tələb edən “Cənub qaz dəhlizi” layihəsinin işə salınmasına çox vaxt qalmamışdır. Və həmin qısa vaxtdan sonra Azərbaycanın təsdiq olunmuş 2,6 trilyon kubmetrlik qaz ehtiyatı bu dəhliz vasitəsi ilə Gürcüstan və Türkiyədən keçərək Avropanın enerji bazarına çıxarılmağa başlayacaq. Bu, Prezident İlham Əliyevin konqresdəki çıxışında səsləndiyi kimi, Azərbaycanın gələcək onilliklər ərzində həm regionun, həm də Avropa ölkələrinin qaza tələbatlarının ödənilməsi demək olacaq.
İndiki mürəkkəb zamanda isə təbii qaz amili dünyada enerji təhlükəsizliyinin təminatında əsas şərt hesab edilir. “Bu baxımdan Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində öz töhfəsini verməkdədir” - deyən Prezident İlham Əliyev çıxışında ölkəmizin bu missiyanın məsuliyyətini də dərk etdiyini səsləndirmişdir: “Azərbaycan öz məsuliyyətini dərk edir. Biz yaxşı başa düşürük ki, tərəfdaş ölkələrlə birlikdə icra etdiyimiz layihələr bir çox ölkələrin enerji balanslarını və enerji təhlükəsizliyini təmin edəcək, onlara kömək edəcək”.

Raqif MƏMMƏDOV,
“Azərbaycan”