Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ölkəmiz abidələr diyarıdır

12 İyul 2017
 

Dünyada geniş yayılan, yerli və xarici ölkə vətəndaşları tərəfindən böyük maraqla qarşılanan sahələrdən biri də arxeoloji turizmdir. Azərbaycanda arxeoloji turizmin inkişafı üçün geniş imkanlar mövcuddur. Bu məqsədlə ilk növbədə arxeoloji qazıntılar aparılmış ərazilər konservasiya olunur, daha sonra abidələrin ətrafında infrastruktur yaradılır və həmin tarixi yerlər və məkanlar turizm məhsulu halına gətirilir. 

Turistlər hər hansı ölkəni gəzərkən buradakı tarixi abidələri, qədim yaşayış yerlərini görməyə üstünlük verirlər. Ölkəmizdə də bu cür arxeoloji qazıntı aparılan çox sayda abidələrimiz var. Qəbələ, Şəmkir, Göytəpə və Ağsu abidələrində aparılan tədqiqatlar məhz arxeoloji turizmin inkişafına yönəlmiş və hazırda bu sahədə genişmiqyaslı işlər davam edir. Əslində, mədəni turizmin daxilində yer alan və insanların qədim dövrə, keçmişə marağından doğan istək zəminində formalaşan bu turizm sahəsi öz spesifikliyi ilə fərqlənir. Arxeoloji turizm əsasən iki mənada başa düşülür: arxeoloji qazıntı sahələrinə ziyarət və arxeoloji qazıntılara müəyyən müddətdə qoşulma. Bu turizmin hədəf kütləsi cəmiyyətin intellektual hissəsini əhatə edir, digər qisim arxeologiyaya həvəs göstərən müxtəlif ixtisas sahibləridir. Hər hansı müəllim, həkim, rəssam, siyasətçi, mühəndis və ya istənilən peşə sahibləri məzuniyyətlərini daim arzusunda olduqları arxeoloji qazıntı sahəsində keçirə bilərlər. Bu istiqamətin inkişafı nəinki turizm iqtisadiyyatına yeni məhsul təqdim edir, eləcə də arxeologiyanın bir elm kimi innovativliyini artırır.
Dünya praktikasında arxeoloji turizm infrastrukturu, eləcə də arxeoparkların yaradılması təcrübəsi bizə məlumdur. İtaliyanın Roma şəhəri yaxınlığında “Roma forumu” adlı abidəni Romaya gələn bütün turistlər ziyarət edir. “Roma forumu” memarlıq abidəsi deyil, arxeoloji abidədir. Çünki həmin abidə vaxtilə tamamilə dağılıb və arxeoloji qazıntılar nəticəsində yenidən aşkar edilib. Arxeoloji turizmə xidmət edən İtaliyanın “Pompey”, “Qerkulanum”, “Stabii” arxeoparklarını da qeyd etmək yerinə düşərdi. Arxeoloji turizmin lider olduğu ölkələr siyahısına Fransa, Almaniya, Çexiya və Türkiyə də aiddir. Türkiyənin Antalya şəhəri yaxınlığındakı antik şəhərlərdə aparılan çoxillik arxeoloji qazıntılardan sonra həmin ərazilər konservasiya olunmuş və indi də arxeoloji turizm məqsədlərinə xidmət edir.
Son illər ərzində İçərişəhərdə turizm infrastrukturu fərq ediləcək dərəcədə təkmilləşmişdir. Bu ərazidə turizmə xidmət edən sektorun inkişafı göz qabağındadır. İki əsr bundan öncə qədim Bakı, indi İçərişəhər adlandırdığımız tarixi məkan hazırda müasir turizm mərkəzinə çevrilmişdir. “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən tədqiq olunmuş memarlıq abidələri və tarixi yerlər vaxtaşırı konservasiya edilir, yeni görkəm alaraq turist marşrutlarına salınır. Buna misal olaraq orta əsr Karvan Ticarət Yolunu - indiki A.Zeynallı küçəsi boyunca yerləşən və orta əsr ab-havasına uyğun yeni görkəm almış tarixi-memarlıq abidələrini, Qız qalası, Bakı xanlıqlarının iqamətgahını, Cümə Aşur, Məhəmməd məscidlərini, Hacı Bani hamamını, Zəncirli evi, Bəylər məscidini, Məktəb-məscidi, Sıratağlı dini-memarlıq kompleksini, Qoşa qala, Bucaqlı qala, o cümlədən Qədim bağ kompleksini, Çin məscidini və digər rekreasiya zonalarını qeyd etmək olar.
Dünyanın bir çox ölkəsində su mühiti ilə əlaqəli turizm obyektləri var. Məsələn, dənizkənarı bulvarlar, çimərliklər, turizm məqsədləri üçün dəyərləndirilən kiçik adalar və s. Bu baxımdan, Xəzər dənizində, İçərişəhər yaxınlığında kiçik bir adada yerləşmiş, orta əsrlərdə Bayıl qəsri adlandırılmış abidənin öyrənilməsi, bərpa və konservasiya edilməsi, yaxın gələcəkdə turizm məqsədləri üçün istifadəsi də böyük əhəmiyyətə malikdir.
Arxeoloqların söylədiklərinə görə, son zamanlar İçərişəhərdə gedən torpaq-təmizlik işləri zamanı çoxlu sayda su kəhriz quyuları aşkar olunmuşdur. Bilavasitə su mühiti ilə bağlı olan bu mühəndis texniki qurğuların əksəriyyəti konservasiya olunur, tarixi araşdırılır, texniki pasportu işlənilir, içərisi işıqlandırılır, üstü orqanik şüşə ilə örtülür və turizm məqsədləri üçün istifadə olunur.
Ötən illər ərzində İçərişəhərin konservasiyası üzrə master plana uyğun olaraq qədim məkanda gedən yenidənqurma və muzey konservasiyası işləri ilə bərabər, qədim bağ kompleksində arxeoparkın yaradılması turizm infrastrukturunun təkmilləşməsi yolunda atılmış daha bir uğurlu addım olmuşdur. Onu da qeyd edək ki, arxeoloji turizmin həm dünya təcrübəsi, həm də Azərbaycandakı perspektivlərinə əsaslanaraq İçərişəhərdəki arxeopark məhz bu sahədə görməyə çalışdığımız yeni təcrübədir.
Arxeoparkın mərkəzində məşhur heykəltəraş Ömər Eldarovun müəllifi olduğu xalq rəssamı, Azərbaycan karikatura məktəbinin banisi Əzim Əzimzadənin büstünün qoyulması parkın mənəvi dolğunluğunu artırır. Görkəmli rəssam vaxtilə köhnə Bakının küçələrini, bu şəhərdə yaşayan müxtəlif tipləri öz əsərlərində, həmçinin “Molla Nəsrəddin” jurnalında vəsf etmiş və yaşatmışdır.
İçərişəhər Tarix-Memarlıq Qoruğu İdarəsinin mədəni irsin tədqiqi bölməsinin müdiri, professor Kamil İbrahimovla söhbətimiz zamanı dedi ki, arxeoloji qazıntı aparılmadan öncə bu ərazidə zərgərlik fabriki fəaliyyət göstərirdi. Məhz fabrikdə yanğın nəticəsində qəza vəziyyətinə düşən bina söküldükdən sonra burada elmi axtarışlara başlanılmışdır. 1980-1985-ci illər ərzində aparılan arxeoloji qazıntılar həmin yerdə qədim yaşayışın olduğundan xəbər verdi. Qədim bağ kompleksindəki arxeoparkda müxtəlif illərdə açılmış üç arxeoloji qazıntı sahəsi vardır. Tədqiqatlar nəticəsində torpaq altından yeraltı gizli yol, qayada oyulmuş su yolları, kəhriz və təsərrüfat quyuları, təndir yerləri, müxtəlif dövrlərə aid memarlıq tikililəri aşkarlanmışdır.
Professor K.İbrahimov onu da bildirdi ki, 1982-ci ildə qədim Bakının tikildiyi təpənin şərq ətəyində aparılmış arxeoloji qazıntı nəticəsində şəhərin sosial-iqtisadi və mədəni həyatını əks etdirən unikal maddi-mədəniyyət abidələri - keramik və fayans təsərrüfat qabları, metal alətlər, şirli və şirsiz qab qırıqları, boşqab, bardaq və qara çıraqlar aşkar olunmuşdur. Qayaüstü təpəyə qədər qazıntı sahəsində qayada ovulmuş bir neçə təsərrüfat quyuları açılmışdır.
Bu ərazidə şimal-cənub istiqamətində uzanan üstü tava daşlarla örtülmüş yeraltı yol da aşkarlanmışdır. 1925-ci ildə V.M.Sısoyev tərəfindən Qız qalası qarşısında tapılmış yeraltı yol, həmçinin Multan karvansarayının altında olan həmin keçid Qoşa qala qapılarına doğru gedir. Yeraltı yol iki hissədən ibarət idi və məqsədyönlü şəkildə tikilmişdir. Professor K.İbrahimov dedi: “Bu qazıntı sahəsində əldə olunan maddi-mədəniyyət qalıqları, memarlıq abidələri, həmçinin mühəndis-inşaat qurğuları İçərişəhərin orta əsr həyatının öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir. Cənub-şərq qala divarlarının yaxınlığında 1984-1985-ci illərdə qazılmış və hazırda konservasiya olunmuş arxeoloji qazıntı sahəsi isə şəhərin XIV-XVII əsrlərə aid tarixini əks etdirən mədəni təbəqədə kompleks tikinti qalıqlarının aşkar edilməsi baxımından diqqəti cəlb edir. Bu ərazidə həm də qoşa memarlıq tikilisi və böyük təsərrüfat kompleksi üzə çıxmışdır. İçərişəhərin “Qədim bağ” və “Qoşa məqbərə” komplekslərində aparılan son torpaq təmizlik işləri nəticəsində aşkar olunmuş arxeoloji materialların təyinatına və qarışıq memarlıq tikililərinin, həmçinin mədəni təbəqənin stratiqrafiyasına görə IX-XII əsrlərdə burada yaşayışın olduğu müəyyən edilmişdir. Tapıntılar qala divarlarının yaxınlığındakı ərazinin arxeoloji irsə malik olduğunu təsdiqləyir”. K.İbrahimov xüsusi vurğuladı ki, bu gün İçərişəhər tarixi simasını özünə qaytarır. Onun ərazisi ilə bağlı araşdırmalar, mütəmadi olaraq aparılan qazıntı işləri nəticəsində əldə olunmuş arxeoloji materialların zənginliyi göstərir ki, İçərişəhər xalqımızın tarixinin, o cümlədən milli dövlətçilik salnaməsinin açılmamış səhifələri haqqında, misilsiz maddi və mədəni sərvətlər xəzinəsi barədə dəyərli, mötəbər məlumatlar verən və tədqiqinə hələ də ehtiyac duyulan tükənməz mənbədir.
Hazırda Azərbaycanda arxeoloji turizm sahəsində bir çox iri layihələr həyata keçirilir. “Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği”, “Ümumi mədəni irs şəhərləri” beynəlxalq arxeoloji turizm layihəsi, “Orta əsr Ağsu şəhəri Arxeoloji turizm kompleksi” və s. layihələr ictimaiyyətin böyük marağına səbəb olub. Mütəxəssislər orta əsr Ağsu şəhəri ilə bağlı layihəni elmi innovativ layihə kimi dəyərləndirmişlər. Əfşarlar dövlətini yaradan və XVIII əsrin 30-40-cı illərində Nadir şahın inşa etdirdiyi Ağsu o zaman Qafqazın ən böyük şəhəri hesab edilirdi. Arxeoloji baxımdan heç zaman araşdırılmayan bu şəhər 2010-2012-ci illərdə öyrənildikdən sonra qazıntı sahələrinin üzəri metal konstruksiya ilə örtülmüş, qalıqlar konservasiya edilmiş, içərisində sərgi zalları qurulmuşdur. Tədqiqatlar nəticəsində XVIII əsrə aid çoxsaylı bina qalıqları, istehsalat ocaqları, şəhərin küçə və meydanlarından biri və zəngin maddi-mədəniyyət nümunələri, həmçinin dövrünə görə ən böyük məscid aşkar edilmişdir. 300-ə yaxın mis və gümüş sikkə, daş və metaldan qəliblər, külli miqdarda metal külçə, metalişləmə sənətində istifadə olunan alətlər tapılmışdır. Əldə edilmiş çoxsaylı saxsı qab nümunələri, daş, sümük və şüşədən olan məişət və təsərrüfat əşyaları dulusçuluq, daşişləmə, sümükişləmə və şüşə məmulatı istehsalı sahələrinin geniş şəbəkəsinin mövcudluğunu təsdiqləyir. Hazırda turistlərin hər fəsildə ziyarət edə biləcəkləri vəziyyətdə olan kompleks Azərbaycanın qazıntı sahələrini yerindəcə görmək imkanı olan azsaylı ərazilərdən biridir. Nəşrlər, seminarlar və konfranslar bu arxeoloji turizm layihəsinin səmərəliliyini artırmışdır. Heç zaman ziyarət edilməyən ərazi təkcə 2013-cü ildə 8 mindən çox ziyarətçi qəbul etmişdir.
“Ümumi mədəni irs şəhərləri” beynəlxalq arxeoloji turizm layihəsində isə əsas məqsəd Azərbaycan, Türkiyə, Özbəkistan və Qazaxıstanın arxeoloji turizm potensialını öyrənmək və beynəlxalq arxeoloji turizm turunu formalaşdırmaq olub. Lokal layihələrdən başlayaraq beynəlxalq layihələrə qədər bu yönümdə aparılan araşdırmalar göstərmişdir ki, arxeoloji turizm yaxın gələcəkdə daha cəlbedici olacaqdır.
Şəmkir rayonundakı “Orta əsr qədim Şəmkir Qala şəhəri” 2007-ci ildə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən aparılan arxeoloji qazıntılar zamanı aşkar olunmuşdur. Şəhər qalıqları 30 hektar ərazini əhatə edir. Qalanın düşməndən qorunmaq üçün 8 qülləsi və 4 qapısı vardı. Keçmişdə İpək yolu karvanı məhz bu ərazidən keçmişdir. “Şəhristan” adlanan qədim inzibati bina, su kəhrizi və onun ətrafında şəhərin digər hissələri aşkar olunub. Təxminən XI əsrə aid olan köhnə körpü də bunu bir daha sübut edir. Ərəb, Bizans, Hülakü, Atabəylərdən sonra ərazi rusların hücumuna məruz qalıb.
Xalqımızın mədəni dəyərlərinin təbliğində, onlardan turizm məqsədləri üçün daha səmərəli istifadə olunmasında, həmçinin regionlarda bu sahənin inkişafı məqsədilə tez-tez infoturlar təşkil olunur. “Azərbaycanın arxeoloji turizmi”, “Azərbaycanın qədim paytaxtları” və s. adlar altında keçirilən infoturlarda Şəkiyə, Şəmkirə, Tovuza, Ağsuya, Gəncəyə, Qəbələyə, Şamaxıya, Bərdəyə çoxsaylı turist səfərləri edilmişdir. Ən çox ziyarət edilən turizm məkanlarından biri Qəbələ Arxeoloji Mərkəzidir. Onun sərgi salonunda 2013-cü ildə Səlbir ərazisində tapılan II-III əsrlərə aid qoşa qəbir, o cümlədən müxtəlif dövrlərə aid eksponatlar nümayiş olunur. Şəki rayonunun Fazil kəndində yerləşən “Labirint” praktiki arxeologiya muzeyi isə 2006-cı ildə yaradılıb. “Əbədi sükut dünyası” adlanan yeraltı muzeyin əsas özəlliyi ondan ibarətdir ki, arxeoloji qazıntılar zamanı tapılan mədəniyyət abidələri aşkar edildiyi yerdə saxlanılır. Buradakı 11 ekspozisiyada 14 qəbir abidəsi var. Azərbaycan xalqının, Qafqaz Albaniyasının həm son tunc, həm də dəmir dövrünün maddi mədəniyyəti, dəfn adətləri, eyni zamanda, bəzi etnoqrafik materiallar və dini inanclar bu qəbirlərdə əksini tapıb.
Arxeoloji turizm indi özünün inkişaf dövrünü yaşayır. Turizm potensialımızın beynəlxalq aləmdə tanıdılması məqsədilə ciddi işlər aparılır, xarici dövlətlərlə əməkdaşlıq əlaqələri genişləndirilir. 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən bərpa edilərək istifadəyə verilən Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi hazırda minlərlə yerli və xarici turistlərin ən çox sevdiyi məkanlardan biridir. “Atəşgah məbədi” Dövlət Tarix Memarlıq Qoruğunun cəlbedici turizm obyektinə çevrilməsi məqsədilə ölkə rəhbəri tərəfindən vəsait ayrılıb, təbiətin başqa bir möcüzəsi olan Yanar dağda təbiət və dövlət qoruğunun yaradılması ilə əlaqədar xüsusi sərəncam imzalanıb. Turizmin inkişafına dair dövlət proqramında tarix, memarlıq və mədəniyyət qoruqlarının ərazilərində müasir turizm infrastrukturunun yaradılmasına ayrıca yer verilib. Mütəxəssislər deyirlər ki, hazırda statistikaya əsasən, respublikamızın ərazisində 7 minə yaxın tarixi abidə var. Azərbaycanın ən böyük turizm marşrutlarından biri İpək yoludur. Ölkəmizə gələn mədəni turizm həvəskarlarını ən çox Qobustan qayaüstü rəsmləri, İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası daha çox maraqlandırır. “Atəşgah”, Yanar dağ, Mərdəkan və Ramana qalaları, Diri Baba məqbərəsi, Şamaxıda Cümə məscidi və Yeddi Günbəz məqbərə-kompleksi, Qaxda Samux qala, Naxçıvanda Mömünə Xatun türbəsi, Qarabağlar türbəsi, Salyanda Cümə məscidi, Ordubadda qoruq şəhəri, Basqal və digər yerlər dünya turistlərinin diqqətini cəlb edən abidələrdir. Ölkəmizə gələn yapon turistlərinin ən çox sevdikləri məkan Şəkidəki tarixi memarlıq abidələridir.
Bu günlərdə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Beş dövrün beş paytaxtı” adlı turizm marşrutu üzrə infotur keçirilib. Tura Azərbaycanda fəaliyyət göstərən 30-a yaxın turizm şirkətinin təmsilçiləri qatılıb. Turizm marşrutu tarixin müxtəlif dövrlərində Azərbaycan ərazisində yaranmış dövlətlərin paytaxtı olmuş Bakı, Gəncə, Bərdə, Qəbələ və Şamaxı şəhərlərini əhatə edir.
Ən çox ziyarətçi rəyi alan məkan - Qız qalası və Şirvanşahlar sarayı isə beynəlxalq səyahət saytının növbəti mükafatına layiq görülüb. İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, 10 milyonlarla istifadəçi auditoriyası olan “Tripadvisor” turistik internet şəbəkəsinin istifadəçiləri tərəfindən artıq üçüncü ildir ki, İçərişəhər Bakıda ziyarət olunması ən çox tövsiyə edilən məkan kimi qeyd edilir.
Dünya əhəmiyyətli abidələrimizin mükafatlara layiq görülməsi Azərbaycanın zəngin tarixi-memarlıq irsinin yüksək səviyyədə qiymətləndirilməsinin göstəricisidir.

İradə ƏLİYEVA,
Ağaəli MƏMMƏDOV (foto),
“Azərbaycan”