Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Xalqımızın döyüş ruhunu əks etdirən roman

12 İyul 2017
 

Onlar haqqında hələ çox yazılacaq, şeirlər, poemalar, hekayələr, povestlər, romanlar həsr olunacaq, adlarına nəğmələr qoşulacaq. Çünki xalq öz qəhrəmanlarını heç zaman unutmur. 2016-cı ilin aprelində vətən oğulları bu xalqın ruhundakı mərdliyi, dönməzliyi, döyüşkənliyi yenidən nümayiş etdirdilər və tariximizə yeni qəhrəmanlıq salnamələri yazdılar. Şair, yazıçı Gülnarə Sadiqin yeni işıq üzü görən “26 gün” romanı həmin salnamələrdən biridir.

Aprel döyüşləri Azərbaycanın şanlı hərb tarixində yeni səhifələr açdı. Hər kəsə bir daha aydın oldu ki, xalqımız öz torpaqlarının hər qarışı uğrunda mübarizə aparmağa, düşmənə layiqli cavablar verməyə qadirdir. Aprel döyüşləri zamanı  xalqımız böyük vətənpərvərlik, birlik göstərdi. Hər kəsin ürəyi ölkəmizin ərazi bütövlüyü naminə vuruşan əsgərlərimizin yanında idi. “26 gün” romanınına yazılmış “Fərman obrazı bir xalq duyğusu kimi...” adlı ön sözün müəllifi şair Qəşəm Nəcəfzadə qeyd edir: “Aprel döyüşləri xalqda elə bir ruh yüksəkliyi yaratmışdı ki, nəinki əsgərlər, hərbçilər, sadə xalq döyüşə getmək üçün hazır vəziyyətdə dayanmışdılar. Xalqın duyğularını ifadə edən Fərman Əsədli belə düşüncənin sahibi idi. O, əsgərlərə köməyə gedir, əlindən gələni əsirgəmir, sonda şəhid olur. Yazıçı Fərman surəti ilə xalqın öz torpaqlarını azad etmək duyğusunu böyük ustalıqla verib. İdeya budur ki, xalq hər an əsgərlərimizlə birgə Qarabağımızı yağı düşməndən azad etməyə hazırdır”.

Milli Ordumuzun aprel döyüşləri zamanı həlledici qələbələri xalqımızda çox böyük ruh yüksəkliyi yaratdı. Bu şərəfli tarix bir daha göstərdi ki, Azərbaycanın necə qüdrətli, nizam-intizamlı ordusu, döyüş texnikasına yüksək səviyyədə yiyələnmiş igid əsgərləri var.  Xalq öz dövlətinə və ordusuna inanır, əsgərini əziz tutur. Fərman Əsədli bu xalqın vətən təəssübkeşli övladlarından biridir. 

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”