Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İlham Əliyev Azərbaycan təcrübəsini dünyaya mükəmməl nümunə kimi təqdim etdi

11 İyul 2017
 

Dünya Neft Konqresində Prezidentdən Avropaya çağırış: “Qlobal enerji təhlükəsizliyi təmininin yeni formatının məsuliyyətini Azərbaycan öz üzərinə götürür”

 

* Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Gələcək onilliklər ərzində Azərbaycan qazı həm region, həm də Avropa ölkələrinin tələbatını ödəyəcəkdir.

 

* Biz elə bir gözəl əməkdaşlıq formatı yaratdıq ki, həm hasilatçılar - yəni Azərbaycan, həm tranzit ölkələr və həm də istehlakçılar burada ortaq maraqlar əsasında çalışırlar. Məhz bu maraqlar balansı bu böyük layihənin uğurlu icrasına gətirib çıxarıb. “Cənub qaz dəhlizi” layihəsi uğurla icra ediləcək və Azərbaycan bundan sonra uzun illər ərzində həm bölgə, həm də Avropa ölkələrini təbii qazla təmin edəcəkdir.

 

* Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində öz töhfəsini verməkdədir. Eyni zamanda Azərbaycan qazı Avropaya nəql ediləcək yeganə yeni qaz mənbəyidir.

 

* Azərbaycan öz məsuliyyətini dərk edir. Biz yaxşı başa düşürük ki, tərəfdaş ölkələrlə birlikdə icra etdiyimiz layihələr bir çox ölkələrin enerji balanslarını və enerji təhlükəsizliyini təmin edəcək, onlara kömək edəcək. Biz bu məsuliyyəti öz üzərimizə götürərək ümid edirəm ki, yaxşı nəticələr göstəririk.

 

* Neft həm fayda gətirə bilər, həm də problem, başağrısı yarada bilər. Baxır neftdən necə istifadə edirsən. Biz Azərbaycanda çalışırdıq və hesab edirəm buna nail olduq ki, “qara qızıl”ı insan kapitalına çevirək. Biz neftdən əldə edilən gəlirləri, ilk növbədə, çox şəffaf şəkildə qoruyuruq.  Biz neftdən əldə edilən gəlirləri, ilk növbədə, infrastruktur layihələrinə yönəltdik. Bu gün biz nəinki nefti, qazı, eyni zamanda son illər ərzində tikdiyimiz onlarla elektrik stansiyasının istehsal etdiyi enerjini də ixrac edirik. Biz sosial infrastruktur layihələrinə böyük vəsait qoyduq - məktəb, xəstəxana tikintisi. Biz neftdən əldə olunan gəlirləri digər sektorlara yönəldərək yoxsulluğu, işsizliyi aşağı səviyyəyə sala bildik və bu gün bu, təxminən 5-6 faiz səviyyəsindədir. Yəni düzgün siyasət və düzgün atılan addımlar nefti həm faydaya çevirə bilər, həm də bu sərvət ölkələr üçün problem yarada bilər.

 

* Hesab edirəm ki, Azərbaycan təcrübəsi uğurludur. Bizim ölkəmizə xarici sərmayə də böyük həcmdə qoyulur. Öz növbəmizdə, biz də xarici ölkələrə sərmayə qoyuruq. Burada da birinci yerdə qardaş ölkə Türkiyədir. Türkiyənin enerji sektoruna bu günə qədər 10 milyard dollar sərmayə qoyulubdur. Növbəti illərdə bu rəqəm təxminən iki dəfə artacaqdır.

 

* Türkiyə-Azərbaycan birliyi, dostluğu, qardaşlığı təkcə iki ölkənin mənfəətini, uğurlu gələcəyini müəyyən etmir. Bunun bölgəyə çox böyük təsiri var. Bu, bölgəyə sabitlik, rifah gətirir, yeni iş yerlərinin yaradılmasına xidmət göstərir, təhlükəsizlik tədbirlərini gücləndirir və geniş əməkdaşlığa qapılar açır.