Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Aprel şəhidinə həsr edilmiş romanın təqdimatı olub

10 İyul 2017
İyulun 10-da Azərbaycanda Atatürk Mərkəzində yazıçı Gülnarə Sadiqin aprel şəhidimiz Fərman Əsədliyə həsr etdiyi “26 GÜN” romanının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə torpaqlarımızın erməni işğalçılarından azad olunması uğrunda canlarından keçən qəhrəman vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı təqdimatı keçirilən kitab barədə məlumat verərək bildirib ki, roman aprel döyüşləri zamanı könüllü olaraq cəbhəyə getmiş mülki vətəndaş Fərman Əsədlidən bəhs edir.

Kitabın redaktoru və “Ön söz”ün müəllifi Qəşəm Nəcəfzadə diqqətə çatdırıb ki, müəllif aprel döyüşlərinin tarixi əhəmiyyətini qeyd edərək, bu döyüşlərdə cəbhəyə atılan sadə insanların vətən sevgisini, ordu ilə həmrəy olmasını önə çəkir. “Aprel döyüşləri xalqda elə bir ruh yaratmışdı ki, nəinki əsgərlər, hərbçilər, sadə insanlar da cəbhəyə getmək üçün hazır vəziyyətdə dayanmışdılar. Xalqın duyğularını ifadə edən Fərman Əsədli belə bir düşüncənin sahibi idi. O, əsgərlərə köməyə gedir, əlindən gələni əsirgəmir, sonda şəhid olur. Müəllif Fərman surəti ilə xalqın öz torpaqlarını azad etmək duyğusunu böyük ustalıqla verib”, - deyə Q.Nəcəfzadə bildirib.

Tədbirdə Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, tənqidçi Əsəd Cahangir, kitabın korrektoru İltifat Hacıxanoğlu və başqaları aprel döyüşlərində şəhid olan vətən oğullarının qəhrəmanlığından söhbət açıblar. Bildirilib ki, aprel döyüşlərinin Azərbaycan hərb tarixində öz şanlı səhifəsi var və bu döyüş haqq-ədalət, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək uğrunda xalqımızın mübarizəsi idi.

Kitabın müəllifi Gülnarə Sadiq ailəsi ilə tanış olandan sonra Fərman Əsədlinin ona fərqli təsir bağışladığını və onun haqqında əsər yazmaq qərarına gəldiyini söyləyib. Fərman Əsədlinin 26 yaşında şəhid olduğunu qeyd edərək romanın adının ona uyğun olaraq “26 GÜN” adlandırdığını deyib.

Şəhidin atası Elçin Əsədov bildirib ki, romanı bütün şəhidlərə ithaf olunmuş əsər kimi dəyərləndirir. Fərman nümunəvi davranışı ilə gənclərə örnəkdir. Roman vətənpərvərlik mövzusunda qiymətli əsərdir.