Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Güləşçilərimiz Dağıstanda xatirə turnirində 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar

10 İyul 2017
Rusiya Federasiyası Dağıstan Respublikasının Kaspiysk şəhərində beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə 48-ci beynəlxalq turnir keçirilib.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən xəbərə görə, turnirdə iştirak edən sərbəst güləş yığmamızın üzvləri 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar.

Keçirdikləri bütün görüşləri qələbə ilə başa vuran Mahir Əmiraslanov (57 kq) və Aslanbek Alborov (97 kq) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb və turnirin qızıl medalını qazanıblar.

Yalnız final görüşündə uduzan Ağahüseyn Mustafayev (65 kq) və Aleksandr Qostiyev (86 kq) gümüş medalla kifayətləniblər.

Bürünc medalları isə yığmamıza Georgi Edişeraşvili, Pərviz İbrahimov (hər ikisi 57 kq), Qalib Əliyev (61 kq) və Məhəmməd Müslümov (65 kq) qazandırıblar.