Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi barədə müzakirələr aparılır

10 İyul 2017
İyulun 10-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda konfrans keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, dövlət orqanlarının, yerli icra hakimiyyəti və məhkəmə orqanlarının, qeyri-hökumət təşkilatlarının rəhbər vəzifəli şəxsləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirlər.

Konfransın keçirilməsində məqsəd iştirakçılara dövlət qulluğu sahəsində son islahatlar və yeniliklər, o cümlədən dövlət qulluğuna dair qanunvericilikdə edilmiş dəyişikliklər barədə məlumat vermək, dövlət qulluğu sahəsində qanunvericiliyin tətbiqi zamanı yaranan problemlər və onların həlli sahəsində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi barədə müzakirələr aparmaqdır.

Tədbirdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dövlət qulluğuna dair qanunvericiliyin, o cümlədən etik davranış qaydalarının düzgün tətbiqinin təmin edilməsi və pozuntu hallarının aradan qaldırılması üzrə mərkəz tərəfindən görüləcək tədbirlərlə bağlı məlumat verib. Vurğulanıb ki, DİM tərəfindən qanunvericiliyin icrası vəziyyəti mütəmadi öyrəniləcək. Pozuntu halları müəyyən edildikdə, həmin pozuntuların aradan qaldırılması üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat veriləcək. Həmçinin yol verilmiş pozuntu halları barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat veriləcək və təqdim olunacaq illik hesabata daxil ediləcək, pozuntuya yol vermiş məsul şəxslər inzibati məsuliyyətə cəlb olunacaqlar.

Tədbir məruzələrlə davam etdirilir.