Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

DİM Direktorlar Şurasının sədri Monteneqronun dövlət idarəçilik naziri ilə görüşüb

05 İyul 2017
Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Monteneqronun ölkəmizdə səfərdə olan dövlət idarəçilik naziri xanım Suzanna Pribiloviç ilə görüşüb.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, görüşdə M.Abbaszadə DİM-in yaradılması, onun əsas fəaliyyət istiqamətləri, mərkəz tərəfindən göstərilən elektron xidmətlər və ölkəmizdə publik hüquqi şəxslərin yaradılması təcrübəsi haqqında qonağa məlumat verib.

S.Pribiloviç yeni yaradılmış Dövlət İdarəçilik Nazirliyinin məqsəd və funksiyaları və Monteneqroda dövlət idarəçiliyi sahəsində aparılan islahatlar barədə danışıb.

Görüşdə, həmçinin DİM ilə Monteneqronun Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən İnsan Resurslarının İdarəedilməsi Müvəkkilliyinin ikitərəfli əməkdaşlığı məsələsinə də toxunulub.

DİM və Monteneqro Dövlət İdarəçilik Nazirliyi arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

S.Pribiloviç Azərbaycanın dövlət qulluğu, biliyin qiymətləndirilməsi və vətəndaşlara xidmətlərin göstərilməsi sahəsində təcrübəsini müsbət dəyərləndirib və əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

Qeyd edək ki, S.Pribiloviçin səfəri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təşkil olunub və əsas məqsəd “ASAN xidmət” modelinin Monteneqroda tətbiqi imkanlarının müzakirə olunmasıdır.