Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Təbiəti qanı-canı bahasına qoruyan meşəçilərimiz çoxdur”

05 İyul 2017
 

“Azərbaycan” qəzetinin 2 iyul 2017-ci il tarixli nömrəsində “Meşələrdən hələ də balta səsi gəlirsə...”   sərlövhəli məqalə dərc edilib. Məqalədə Oğuz rayonunun turizm potensialından və gözəl təbiətindən, meşələrindən bəhs olunub. Yaşıllıqların qorunmasının  və artırılmasının vacibliyi  kontekstində meşələrdə ağacların kəsilməsi hallarından danışılıb. Konkret  olaraq Oğuz rayonunun Xalxal ərazisində ağacların kütləvi kəsilməsi faktına diqqət yönəldilib.

Eyni zamanda, Oğuz, Zaqatala, Qəbələ və daha 3 rayonun Meşə Mühafizəsi və Bərpası müəssisələrində yoxlamalar zamanı meşələrin mühafizəsində ciddi  nöqsanlara yol verildiyinin müəyyənləşdirilməsi, bu idarələrin müdirlərinin  tutduqları vəzifədən azad edilmələri də xatırladılıb.  Onların fəaliyyətinə hüquqi qiymət verilməsi istiqamətində tədbirlər görülməsi haqda məlumat verilib. Yaşıllıqların qorunması üçün cəzadan da vacib ağacların kəsilməsinin qarşısının alınmasının əhəmiyyəti vurğulanıb və sual olunub: “...Bəs nə etməli, necə etməliyik ki, ağacların qırılmasının qarşısı birdəfəlik alınsın, nəhayət, meşə, yaşıllıq sahələri genişlənsin?”

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi məqaləyə operativ reaksiya verib. Nazirliyin aparat rəhbəri Rövşən CƏLİLOVun imzası ilə redaksiyamıza daxil olan məktubda deyilir:

 

 “Meşələrdən hələ də balta səsi gəlirsə” başlıqlı yazı ilə bağlı bildiririk ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə ərazilərində meşəsalma tədbirlərinin və mühafizə işlərinin effektivliyinin nəzarətdə saxlanılması, qanun pozuntularının qarşısının alınması məqsədi ilə mütəmadi yoxlamalar aparır və qanunvericiliyə uyğun qaydada tədbirlər görür. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyasına, “İnformasiya əldə etmək haqqında” və “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq nazirliyin fəaliyyəti ilə əlaqədar məlumatlar mütəmadi olaraq mətbuatda yayılır.

Bildiririk ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytında (eco.gov.az)  2 may 2017-ci il tarixində yerləşdirilmiş “Meşələrin mühafizə vəziyyəti araşdırılıb” başlıqlı yazıda meşələrdə aparılmış yoxlamaların nəticələri göstərilib. Əlavə olaraq bildiririk ki, Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsində meşələrin qorunub mühafizə olunması araşdırılarkən 10 meşə dolayında ümumilikdə 16204,99 manat köküstə nırx dəyərində, 2061,5 kubmetr həcmində 1447 ədəd qanunsuz qırıntı aşkar edilib. Aşkar olunmuş nöqsan və qanun pozuntularının qarşısının alınması, həmçinin belə halların bir daha təkrar olunmaması məqsədilə işlərində ciddi nöqsanlara yol verdikləri üçün müəssisənin cavabdeh 4 mühafizə işçisi işdən çıxarılıb, 7 nəfər barəsində isə ciddi intizam tənbehi tədbirləri görülüb.   

Bundan əlavə, yol verilmiş qanunsuzluqlara hüquqi qiymət verilməsi üçün araşdırma materialları Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib və qanunsuz ağac kəsilməsi faktı üzrə cinayət işi başlanıb, hazırda iş istintaqdadır.

Düzdür, bütün sahələrdə olduğu kimi, meşəçilərin  içində də vicdanlısı da var, vicdansızı da! Vicdanlı zülm çəkərək meşələri qoruyur. Təbiəti qanı-canı bahasına qoruyan meşəçilərimiz çoxdur. Bildiririk ki, 2 iyul 2017-ci il tarixində gecə saat 2 radələrində Lerik rayonunun Kirkan kəndi ərazisində Lerik-Kürdəsər meşəbəyliyinin 9 saylı dolayında ağacların qanunsuz kəsilməsinin qarşısını alarkən müəssisənin direktoru Eyvaz Babayevə və meşə gözətçisi Adıgözəl Cavadova soyuq silahla silahlanmış 14 nəfərlik dəstə tərəfindən ağır bədən xəsarəti yetirilib. Hətta bu azğınlaşmış qrup meşə gözətçisini öldürmək istəyib. Nəticədə gözətçi başından ağır zərbə alıb, direktorun qolu iki yerdən sınıb. Onlar digər meşə işçiləri tərəfindən xəstəxanaya çatdırılıb. Əslində, meşəçilərin günü budur və meşələrin mühafizəsi zamanı meşə işçiləri ayrı-ayrı şəxslərin ciddi müqavimətləri ilə tez-tez üzləşirlər. Onlar meşələri, yaşıllıqları min bir əziyyətlə qoruyurlar”.