Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Tibb Universitetinin tələbələrinin “Məzun günü” keçirilib

02 İyul 2017
 

Yenə də ən böyük sevinc onların idi. Olduqca həyəcanlı görünürdülər. Altı il bundan əvvəl olduğu kimi, daha çox diqqət mərkəzindəydilər. Ancaq arada böyük bir fərq vardı.

O zaman tələbə adını qazanmışdılar. Qarşıda bir yol vardı: sevib-seçdikləri ixtisasa dərindən yiyələnməli idilər. Çünki məsuliyyətli bir peşənin sahibləri olacaqdılar. Artıq o yol bitirdi. Bundan sonra daha böyük, daha məsuliyyətli bir yol başlayırdı.

Bu, onların - Azərbaycan Tibb Universitetinin məzunlarının günü idi. İyunun 30-da “Bulvar hotel”də keçirilən “Məzun günü”ndə əvvəlcə Dövlət himni səsləndirilib. Sonra Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli bu əlamətdar gün münasibətilə məzunları və onların valideynlərini təbrik edib. Rektor universitetin professor-müəllim heyəti adından gələcəyin həkimlərinə seçdikləri bu müqəddəs peşə yolunda uğurlar arzulayıb: “İndi məzun olan tələbələr düz altı il öncə məktəb sıralarından universitet yoluna qədəm qoyarkən, tələbə adı qazanarkən, nə qədər həyəcanlı və sevincli idilərsə, bu gün də tələbəlik illəri ilə vidalaşarkən, bir o qədər həyəcanlı və sevinclidirlər. Onlar altı il burada tələbəlik həyatı yaşayıb, auditoriyalarda tibb elminə yiyələniblər. Cərrahiyyə əməliyyatlarını canlı izləyiblər. Bu gün məzunlar universiteti tərk edib, həkim ordusu sıralarına qoşulurlar. Bu həm çətin, həm də çox məsuliyyətli və şərəfli bir peşədir. Bu yolda hamınıza uğular arzulayıram. İnanıram ki, siz gələcəkdə böyük alim, tanınmış həkimlər olacaqsınız”.

Məzunları təbrik edən Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov qeyd edib ki, bu təhsil ocağı “Məzun günü”nə toplaşanların hər biri üçün çox doğma məkandır. O, universitetin bugünkü fəaliyyətində və inkişafında xidməti olan insanların heç zaman unudulmayacağını diqqətə çatdırıb.

Pediatr-allerqoloq, professor Amaliya Əyyubova təhsillərini başa vuraraq həkim adı qazanan gənclərə Azərbaycan xalqının sağlamlığının keşiyində şərəf və ləyaqətlə dayanmağı arzu edib.

Valideynlər adından çıxış edən həkim İlham Kazımov təhsil ocağının professor-müəllim heyətinə təşəkkürünü bildirib, məzunların isə gələcək peşə fəaliyyətlərində həkim adının müqəddəsliyini öz əməlləri ilə doğruldacaqlarına inandığını söyləyib.

Qeyd edək ki, bu il Azərbaycan Tibb Universitetində 1057 nəfər təhsilini başa vurub. Məzunlardan 70 nəfərdən çoxu  universiteti fərqlənmə diplomu ilə bitirib.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”