Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Təbiətin vurduğu ziyan yerli imkanlar hesabına aradan qaldırılıb

02 İyul 2017
 

Danılmaz faktdır ki, ölkəmizdə müharibə veteranlarına, şəhid ailələrinə, aztəminatlı ailələrə dövlət səviyyəsində qayğı göstərilir, onlar hətta mənzillərlə də təmin edilirlər. Müəyyən kateqoriyalara aid şəxslərə pulsuz minik avtomobilləri belə verilir.

Bunu İsmayıllı rayonunun timsalında da görmək olar. 2003-cü ildə İsmayıllı şəhərinin M.F.Axundzadə küçəsində tikilən 27 mənzilli yaşayış binası istifadəyə veriləndə açılışa ölkə rəhbəri cənab İlham Əliyev də gəlmişdi.

Bu yaxınlarda baş verən qasırğa nəticəsində binanın dam örtüyü sıradan çıxmışdı. Rayon rəhbərliyi sakinlərin müraciətini gözləmədən tikinti təşkilatını və maliyyə imkanlarını müəyyənləşdirib dam örtüyünün bərpa edilməsi barədə göstəriş verdi. Qısa vaxtda nəinki binanın dam örtüyü bərpa olundu, hətta ərazidə abadlıq işləri aparıldı, sakinlərin istirahəti və mərasimlərin təşkili üçün lazımi şərait yaradıldı.

İlk baxışda burada qeyri-adi heç nə yoxdur. Lakin bir qədər götür-qoy edib fikirləşəndə görürsən ki, heç də belə deyil. Bu o deməkdir ki, Qarabağ müharibəsində həm canlarından keçənlərin, həm də döyüşlərdə yaralanan, əlil olan insanların fədakarlıqları illər keçsə də, unudulmayıb və heç vaxt unudulmayacaq.

Hörmətli redaksiya! Fürsətdən istifadə edib sakinlər adından binanın tez bir zamanda təmir edilməsində, abadlıq işlərinin aparılmasında əməyi keçən hər kəsə təşəkkürümüzü bildiririk.

 

Vidadi ZƏRBİYEV,

İsmayıllı rayonu, müharibə veteranı