Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ermənistan cəmiyyəti işğal siyasətindən əl çəkilməzsə, bunun hansı acı nəticələr doğuracağını dərk etməyə başlayıb

02 İyul 2017
 

Azərbaycan dövlətinin yürütdüyü xarici siyasət və paralel olaraq ordumuzun ardıcıl endirdiyi sarsıdıcı zərbələr Ermənistan cəmiyyətində “sərin duş” effekti doğurub və nəhayət, düşmən cəbhəsi vəziyyəti real qiymətləndirməyə başlayıb.

Keçən il aprel döyüşlərində aldığı ağır zərbədən sonra hər gün qisas hərisliyi ilə cəbhə xətti boyu təxribat törədən erməni silahlı quldur birləşmələri  ordumuzun əks həmlələri ilə sarsılmış, hər dəfə itki verərək geri çəkilməyə məcbur olmuşdur. Ermənistan əhalisi arasında dərinləşən pessimist əhvalın, ruh düşgünlüyünün  qarşısını almaq, yenidən ictimai şüuru “qazlı havaya” soxmaq üçün erməni ideoloqların atdıqları hər addım fiaskoya uğramaqda  və bumeranq effekti ilə geri dönməkdədir: hazırda Ermənistanda, eləcə də Azərbaycanın əzəli torpaqları - Qarabağda separatçı quldur pejiminin əsarəti altında yaşayan ermənilər  sürətlə “ağıllanmağa”, müqavimətin əbəs olduğunu, gec-tez işğal edilən torpaqları əsl  sahibinə qaytarmaq məcburiyyətində qalacaqlarını aydın şəkildə dərk etməyə başlayıblar.

Ermənistan KİV-i, siyasi-ictimai xadimləri, politoloqları, həmçinin adi vətəndaşları  bu barədə daha açıq və  uca, həyəcanlı səslə danışırlar. Nəhayət,  onlar işğalçı siyasətin perspektivdə erməni xalqı  üçün hansı faciə ilə nəticələnəcəyini görməyə başlayıblar.  Kasıb, iqtisadiyyatı zəif, maliyyə imkanları məhdud, insan resursları tükənməkdə olan  Ermənistanın gec-tez təslim olacağını  indi hər kəs anlayır. 

Analitiklər  onsuz da demoqrafik vəziyyətin son dərəcə kritik olduğunu, müharibə davam etdikcə və genişləndikcə daha da kəskinləşəcəyini  xatırladaraq  Azərbaycanın işğal altındakı torpaqlarını geri qaytarmağı təklif edirlər. Bu ideya ilə hətta siyasi hərəkat da başlanıb, seçkilərdə platformasını bunun üzərində quran siyasi zümrə də yaranıb. Sadə insanların da əksəriyyəti  işğal avantürasından əl çəkməyin tərəfdarıdırlar. Çarəsiz qalan erməni xalqı çıxış yolunu Ermənistandan qaçmaqda görür. Gedənlər də, imkansızlıqdan qalanlar da məhvdən qurtulmaq üçün Azərbaycanın ərazi bütövlüyünü tanımağı, işğala son qoymağı tələb edirlər. Cəbhədəki son itkilərdən sonra bu səslər daha gur eşidilməyə başlanılıb. Erməni mətbuatında hər gün bu barədə yazılır, əhali  imkanı çatan hər səviyyədə, sosial platformalarda yanğı ilə səsini ucaldır.

Ümid edirik ki, ermənilərin başbilənləri də aşağıların səsini eşidəcək, sülh yolu ilə, qan tökmədən Azərbaycanın işğal altındakı torpaqlarından  çəkilməklə öz xaqlarına xidmət göstərmiş olacaqlar. Əks təqdirdə, elə özlərinin yürütdükləri mənfur siyasət nəticəsində Ermənistanın dövlət, ermənilərin də bir toplum kimi sonu çatacaq. 

 

Mədətəli HADIYEV,

müəllim