Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sualım var

02 İyul 2017
 

* 2012-ci il istehsalı olan “Lada -2115” markalı avtomobil sahibiyəm. Avtomobil saz vəziyyətdədir və texniki baxışdan da keçirilib. Bəzən DYP əməkdaşları maşınımı saxlayıb məni “konstruksiya dəyişikliyi” etməkdə, yayların qısaldılmasında günahlandırırlar. Adətən, vizual baxışdan sonra bunun belə olmadığını görüb irad tutmurlar. Amma sonuncu dəfə DYP əməkdaşı əyilib yayları müayinə etdikdən sonra onların sıxdırıldığını bildirdi və maşınımı cərimə meydançasına apardı. Halbuki avtomobildə heç bir texniki dəyişiklik etməmişəm. Mütəmadi sərnişin və yük daşındığından ola bilər ki, yaylar həqiqətən də bir qədər çöküb. Məgər təzə avtomobilə sərnişin əyləşəndə və ya baqajına yük qoyanda yaylar sıxılmır, maşının arxası ağırlıqdan aşağı enmir? Köhnə maşınların bütün hissə, aqreqat və detalları istismar müddətində əvvəlki xarakteristikasını itirir. Yəqin ki, istehsalçı zavod bunu nəzərə alıb. Bilmək istəyirəm: yolda yayların müayinəsi necə aparılmalıdır, bunun hüquqi əsası nədən ibarətdir?

 

Etiram Abbasov,

Bakı şəhər sakini

 

 “Yol hərəkəti haqqında” qanunun 83-cü maddəsində deyilir ki, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı faktını müəyyənləşdirmək üzrə nəzarəti DYP əməkdaşları yalnız xüsusi cihazlar vasitəsilə həyata keçirirlər. Belə halları müəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yolverilməzdir. DİN Kollegiyasının 16 may 2012-ci il, № Q6-001-12 qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat”ın 8.1-ci bəndinə əsasən, nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət “Yol hərəkəti haqqında” qanunun tələblərinə riayət edilməklə aparılır. Texniki nasazlığı aşkar müşahidə olunan və texniki vəziyyəti “Yol hərəkəti haqqında” qanunun 1 saylı əlavəsində göstərilən tələblərə uyğun gəlməyən nəqliyyat vasitələri saxlanılaraq müvafiq qaydada müayinə olunur. Nəqliyyat vasitəsinin texniki vəziyyətinə baxış mümkün qədər qısa müddət ərzində aparılmalı, müayinə zamanı digər hərəkət iştirakçılarına maneçilik törədilməməlidir. Yolda hərəkət edən nəqliyyat vasitəsinin konstruksiyasında qüsur olması yalnız xüsusi texniki vasitələrlə müayinə edilərək müəyyənləşdirilə bilər. Özü də həmin müayinə texniki nasazlığı aşkar müşahidə olunan nəqliyyat vasitəsinin saxlanıldığı yerdə edilməlidir. Yalnız belə müayinə nəticəsində konkret nasazlıq aşkar edildikdə sürücü barəsində müvafiq inzibati xəta haqqında protokol tərtib edilə bilər. Müayinə və onun nəticəsində tərtib edilən protokol olmadan heç kəsin avtomobili cərimə meydançasına aparıla və ya istismardan kənarlaşdırıla bilməz. Müayinə zamanı konkret avtomobilin hər hansı detalı və ya avadanlığı o halda standarta uyğun olmayan sayıla bilər ki, onun istehsalçının müəyyən etdiyi və ümumi normativlərdə nəzərdə tutulan standartlara və tələblərə uyğun olmadığı aşkar edilsin. Belə uyğunsuzluq aşkar edildikdə isə sürücüyə aydın şəkildə deyilməlidir ki, mövcud standartlar belədir, sizin avtomobilinizin konkret göstəricisi filandır və bu, həmin standarta uyğun deyil.

Avtomobilin müxtəlif detal və avadanlıqlarını standarta uyğunluq baxımından müayinə etmək üçün bəzən xüsusi texniki şərait, avadanlıq, hətta laborator yoxlamalar zəruridir. Məsələn, avtomobilin konstruksiyasındakı asqı yaylarının texniki göstəricilərinin standartdan kənar olduğunu yalnız müayinə mərkəzlərində və laboratoriyalarda aşkar etmək olar. Vizual müşahidə yolu ilə belə texniki məsələni həll etmək düzgün deyil.

 

Ərşad HÜSEYNOV,

“Digesta” hüquq firmasının direktoru