Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir

02 İyul 2017
 

Sual:  “Müqavilənin standart şərti” dedikdə, nə başa düşülür?

 

Ofeliya Daşdəmirova,

Bakı şəhər sakini

 

Cavab: Müqavilənin standart şərtinin anlayışı Mülki Məcəllənin 417.1-ci maddəsində verilmişdir. Həmin maddəyə görə, müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsi ilə müəyyənləşdirilir. Maddənin mətnindən çıxış edərək müqavilənin standart şərtlərinin aşağıdakı cəhətlərini fərqləndirə bilərik:

1) Əvvəlcədən və birtərəfli qaydada müəyyənləşdirilmə. Yəni, müqavilənin standart şərtlərini adətən, iqtisadi baxımdan güclü olan tərəf əvvəlcədən birtərəfli qaydada müəyyənləşdirir və bu şərtlər istehlakçı ilə müzakirə edilmir. İstehlakçı istər birtərəfli qaydada müəyyənləşdirilmiş bu şərtlərlə əvvəlcədən tanış olub məzmununa təsir edə bilmir, istəsə də müqavilənin imzalanması zamanı da belə şərtləri müzakirə mövzusuna çevirmək imkanına malik olmur;

2) Ümumi və mücərrəd (abstrakt)  xarakterli. Yəni, müqavilənin standart şərtləri qanun normaları kimi ümumi və mücərrəd şəkildə hazırlanır. Bu şərtlərin mücərrəd xarakterli olması özünü onda göstərir ki, onlar konkret (yəni, qurulacağı məlum olan) müqavilə münasibətini nizamlamaq məqsədilə hazırlanmır. Bu şərtlərin ümumi xarakteri  özünü onda büruzə verir ki, onlar konkret şəxslər nəzərə alınmadan müəyyən topluluğa (məsələn, tələbə krediti və s.) istiqamətləndirilir. Müqaviləni tərtib etmiş tərəf  bir istinadla və ya standart şərtləri mətninə daxil etdiyi müqaviləni imzalatmaqla müqavilənin standart şərtlərini müqavilənin tərkib hissəsinə çevirir;

3) Dəfələrlə istifadə üçün hazırlanan. Yəni, əvvəlcədən müəyyənləşdirilmiş müqavilənin standart şərtləri eyni tipli (məsələn, kredit, sığorta, mobil operator xidmətlərinin göstərilməsi müqavilələri və s.) çoxsaylı (birdən artıq) müqavilələrdə istifadə edilmək məqsədilə hazırlanır.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi