Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Beyin üçün faydalı olan yeyinti məhsullarının siyahısı tərtib olunub

01 İyul 2017
ABŞ ekspertləri beyin üçün faydalı olan yeyinti məhsullarının siyahısını tərtib ediblər. Onlar zeytun yağından bol istifadə etməyi məsləhət görürlər. Zeytun yağı Alsheymer xəstəliyinin markerləri olan beta-amiloid yığınlarının və neyrofibrilyar kələflərin həcmini azaldır. Bu xəstəlik həm də insulinlə bağlıdır. Şəkərin səviyyəsinin yüksəlməsi beyinə ziyan vurur. Buna görə də mütəxəssislər rafinə edilməmiş karbohidratlara (qarabaşaq, kəpəkli taxıl məhsulları, çiy tərəvəz) üstünlük verməyi tövsiyə edirlər.

AZƏRTAC “meddaily.ru” saytına istinadla xəbər verir ki, qarabaşaq beyində neyroötürücülərin siqnal aktivliyi üçün zəruri olan B vitaminlər qrupu, manqan, fosfor və sinklə zəngindir. Onlar həm də həyəcan hissini və baş ağrılarını aradan qaldırır. Yumurtaya da diqqət yetirmək lazımdır. Yumurta zülal, omeqa-3 yağ turşuları, antioksidantlar və xolinlə zəngindir. Beyin asetilxolin neyroötürücüsünün istehsalında xolindən istifadə edir. Yumurtanın tərkibində olan fosfolidlər də siqnal fəallığı üçün əhəmiyyətlidir.

Badam yağı daha bir faydalı zülal mənbəyidir. Bundan əlavə, badam yağında neyron fəallığını sürətləndirən və koqnitiv göstəricilərin zəifləməsinin qarşısını alan riboflavin və L-karnitin var. Qaragilə beyini oksidləşdirici stressdən müdafiə edən antioksidantlarla zəngindir. Rozmarin də unikal məhsuldur. Onun tərkibində asetilxolin neyroötürücüsünün səviyyəsini artıran və Alsheymer xəstəliyinə qarşı təsirli olan 1,8-sineol var. Siçanlar üzərində eksperimentlər göstərib ki, bu birləşmə yaddaşı yaxşılaşdırır, beynin antioksidant fəallığını artırır.

Tünd şokolad özünün antioksidant xassələri ilə məşhurdur. Belə şokolad iltihabı götürür, qan təzyiqini azaldır, baş beyində qan dövranını yaxşılaşdırır, ovqatı yüksəldir. Sarıkök də iltihabı aradan qaldırır. Çuğundur isə nitratlar hesabına damarları genişləndirir. Onlar bədəndə damarların mənfəzini boşaldan və genişləndirən azot oksidinə çevrilir. Nəticədə qan dövranı yaxşılaşır, beynin oksigenlə və bəsləyici maddələrlə təchizatı yaxşılaşır. Üstəlik, çuğundur qırmızı qan cisimlərinin əmələ gəlməsi prosesini tənzimləyir.