Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisdə Azərbaycan-Bolqarıstan əlaqələri müzakirə olunub

30 İyun 2017
İyunun 30-da Milli Məclisdə iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə ölkəmizdə səfərdə olan Bolqarıstan parlamentinin nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Ziyad Səmədzadə Azərbaycan ilə Bolqarıstan arasında hər zaman yaxşı əlaqələrin olduğunu vurğulayıb. Bu əlaqələr müxtəlif sahələrdə inkişaf edir, ölkələrimiz bir-birinə daha da yaxınlaşır.

Z.Səmədzadə qeyd edib ki, müxtəlif sahələrdə əməkdaşlıq, inkişafa doğru irəliləyişlər hər iki ölkənin qarşılıqlı münasibətinin qurulmasına müsbət təsir göstərir.

Səhiyyə, iqtisadiyyat, kənd təsərrüfatı, enerji və nəqliyyat sahələrində ikitərəfli əlaqələrin inkişaf etdiyini bildirən komitə sədri ölkələrimiz arasında digər sahələrdə də əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdırıb.

Büdcə və Maliyyə üzrə komissiyanın sədri Menda Stojanov müxtəlif sahələrdə olan əməkdaşlığın Azərbaycan və Bolqarıstan arasında əlaqələrin vacib hissəsini təşkil etdiyini söyləyib. Bildirib ki, bu əməkdaşlıq ölkələrimizin daha da yaxınlaşmasına şərait yaradıb. O, birgə fəaliyyətin öz bəhrəsini verəcəyinə əminliyini ifadə edib.

Söhbət zamanı Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əməkdaşlığın inkişafı məsələləri barədə müzakirələr aparılıb.