Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Asiya mətbəxinin yeməkləri qaraciyər xərçənginə yol açır

30 İyun 2017
Asiyada çiy balıq ətindən hazırlanan yeməklər çox populyardır. Həkimlər həyəcan təbii çalaraq xəbərdarlıq edirlər ki, belə yeməkləri sevmək qaraciyərdə yuva salan və qaraciyər xərçəngi riski yaradan parazitlərə yoluxmaqla nəticələnə bilər.

AZƏRTAC “The Daily Mail” nəşrinə istinadla xəbər verir ki, bu səbəbdən Tailandda öd yolları xərçəngi göstəricilərinin (xolangiokarsinomalar) yüksək olmasında təəccüblü heç nə yoxdur. Sadəcə yerli əhali çox vaxt ədviyyatlı çiy balıq yeyir. Nəticədə şirin suda yaşayan balığın yastı qurdları nəzərə çarpmadan öd yollarına daxil olub, uzun illər ərzində orada təhlükəli iltihab prosesi törədir. Məlum olduğu kimi, xroniki iltihabın sonu xərçəng xəstəliyidir.

Qaraciyər xərçəngi riski 2-ci tip diabet və artıq çəki ehtimalını da artırır. Amerika Onkologiya Cəmiyyətinin əməkdaşları 1,57 milyondan çox yaşlı insanın iştirakı ilə 14 tədqiqatın məlumatlarını təhlil ediblər. Könüllülər çəki, boy, siqaret çəkmək, spirtli içki içmək və xərçənglə bağlı başqa amillər barədə suallara cavab veriblər. Tədqiqatın əvvəlində iştirakçılardan heç biri xərçəngdən əziyyət çəkməyib.

Tədqiqat göstərib ki, bədənin kütlə indeksi (BKİ) artdıqda kişilərdə qaraciyər xərçənginin inkişaf riski 38 faiz, qadınlarda isə 25 faiz artır. Belin həcmi artanda isə onun hər 5 santimetri üçün qaraciyər xərçəngi ehtimalı 8 faiz yüksəlir.

İkinci tip şəkərli diabet xəstələrində qaraciyər xərçəngi diabetdən əziyyət çəkməyənlərlə müqayisədə iki dəfə çox inkişaf edir. Tədqiqat iştirakçılarında BKİ göstəricisi nə qədər çox olubsa, qaraciyər xərçəngi riski bir o qədər yüksək olub. Alimlər insanları öz çəkilərini nəzarətdə saxlamağa çağırırlar.