Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Formula-1”in Azərbaycan nümunəsi özünü bu dəfə dədoğrultdu

26 İyun 2017
 

Prezident İlham Əliyevin yüksək təşkilatçılığı və dəstəyi ilə ikinci dəfə baş tutan bu yarış dünyanın böyük marağına səbəb oldu

 

İyunun 23-25-də Bakı planetin bir nömrəli avtomobil yarışına növbəti dəfə evsahibliyi etdi. “Formula-1” dünya çempionatının 8-ci mərhələsi olan Azərbaycan Qran-prisində ən məşhur 20 pilot 10 komandanın tərkibində 6 kilometr məsafədən ibarət 51 dövrəlik mərhələnin qalibi uğrunda yarışdı.
Gərgin keçən mübarizə sürət həvəskarlarının böyük marağına səbəb oldu. 500 milyondan artıq tamaşaçı kütləsinə malik yarışı 57 ölkədən çoxlu sayda azarkeş paytaxtımızda tribunalardan izlədi.
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Azərbaycan Qran-prisinin açılış mərasiminə və final yarışına baxıblar. Eyni zamanda yarışın Bakının Azadlıq meydanındakı idarəetmə mərkəzində yaradılan şəraitlə tanış olublar. Dövlət başçısına bildirilib ki, böyük ərazini əhatə edən kompleksdə yarışa nəzarət binası, Beynəlxalq Avtomobil Federasiyasının, “Formula-1” rəhbərliyinin ofisləri, eləcə də iştirakçıların hər biri üçün dayanacaqlar tikilib. Burada Paddok klubun üzvləri üçün də yerlər nəzərdə tutulub. Paddok klubun üzvləri buradan pit-stop əməliyyatlarını rahatlıqla izləyə biliblər. Məhz bu ərazidə yarışın startı və finişi yerləşir.

 

Möhtəşəm açılış mərasimi

 

Azərbaycan Qran-prisinin möhtəşəm açılış mərasimi maraqlı anlarla yaddaşlara həkk olundu. Milli mədəniyyətimizi “Formula-1” dəyərləri ilə birləşdirən açılış mərasimi bir çox milli rəmzlərin vəhdətini yaratmaqla yüzlərlə könüllü, azərbaycanlı sənətçilər, milli qruplar və beynəlxalq ifaçılardan ibarət heyət tərəfindən təqdim edildi.
Azərbaycan mədəniyyətinin incə koloriti, milli rəqslərimiz və ən əsası da xalqımızın əsrlərdən bəri qoruyub saxladığı simvollar dünya tamaşaçılarına canlı yayımda nümayiş etdirildi.

 

Bakı Daniel Rikkiardoya düşərli oldu

 

Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra “Formula-1” Azərbaycan Qran-prisinin final mərhələsi başladı. Hər birində iki pilot olmaqla komandaların bir gün əvvəl keçirilən sıralama yürüşünün nəticəsinə əsasən start xəttinə ən yaxın məsafədə “Mercedes”in pilotları Luis Hamilton və Valtteri Bottas dayandılar. Daha sonra isə Kimi Raykkonen, Sebastian Vettel (hər ikisi “Ferrari”), Maks Ferstappen (“Red Bull Racing”), Serxio Peres, Esteban Okon (hər ikisi “Force India”), Lans Strol, Felipe Massa (“Williams”), Daniel Rikkiardo (“Red Bull Racing”), Daniil Kvayt (“Toro Rosso”), Kevin Maqnussen (“Haas”), Niko Hulkenberq (“Renault”), Paskal Verlayn (“Sauber”), Karlos Sains (“Toro Rosso”), Romen Qrojan (“Haas”), Markus Eriksson (“Sauber”), Stoffel Vandorn (“McLaren”), Fernando Alonso (“McLaren”) və Colion Palmer (“Renault”) sırada idilər.
Pilotlar ümumu məsafəsi 306 kilometr və 20 çətin döngəsi olan trekdə 51 dövrə vurdular. Təhlükəsizliyin yüksək səviyyədə təmin olunduğu, müasirliyi ilə tarixiliyini özündə birləşdirən Bakı Şəhər Halqası ən sürətli yarışlar kateqoriyasına daxildir.
Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edirdi. 30 mindən çox tamaşaçının yarışları yerində izləməsi üçün hər cür şərait yaradılmışdı.
Maraqlı və gərgin keçən yarışın yekununda “Red Bull Racing” komandasının üzvü Daniel Rikkiardo 2 saat 3 dəqiqə 55 saniyəlik nəticə ilə Azərbaycan Qran-prisinin qalibi oldu. İkinci yerdə “Mercedes” komandasının üzvü Valtteri Bottas, üçüncü yerdə isə “Williams” komandasının pilotu kanadalı Lans Strol qərarlaşdı. Konstruktorlar kubokunun sahibi isə “Red Bull Racing” komandası oldu. “Formula-1” üzrə dünya çempionatında 8-ci mərhələdə ən yaxşı dövrənin sahibi “Ferrari”nin pilotu Sebastian Vettelə məxsusdur. O, 47-ci dövrəni saatda 280 kilometr sürətlə 1 dəqiqə 43,441 saniyəyə qət edib.

 

Qalibi Prezident İlham Əliyev mükafatlandırdı

 

Qalibin şərəfinə Avstriyanın və Avstraliyanın dövlət himnləri səsləndirilib. Sonra qaliblərə mükafatlar təqdim olunub. Azərbaycan Qran-prisinin qalibi Daniel Rikkiardoya kuboku Azərbaycan Prezidenti İlham Əliyev təqdim etdi. Konstruktorlar kubokunu “Red Bull Racing” komandasının nümayəndəsinə Birinci vitse-prezident Mehriban Əliyeva təqdim etdi.
İkinci yerin sahibi “Mercedes”in pilotu Valtteri Bottasa kuboku gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan “Williams”ın sürücüsü Lans Strola isə mükafatı Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim etdilər.

 

“Bakı trası çox həyəcanvericidir”

 

Azərbaycan Qran-prisinin qalibi Daniel Rikkiardo Bakıdakı yarışın yüksək səviyyədə təşkil olunduğunu deyib: “Asan qələbə qazandım deyə bilmərəm. Əzmkarlıq nümayiş etdirərək buna nail oldum. Tras çox həyəcanvericidir. Kəskin döngələrdən keçərək böyük sürət xəttinə malik düz trasa çıxırsan. Ümumiyyətlə, Bakı trasını çox bəyənirəm. Keçən il olduğu kimi, bu ildə yarış maraqlı keçdi. Bu il yarışda təhlükəli məqamlar yaşandı. Bunların nəticəsində yarış qəzalarsız ötüşmədi. Dünən mən də qəza etmişdim. Ancaq məyus olmadım. Çox sevinirəm ki, cari mövsümdə ilk qələbəmi qazandım”.

 

Əsəblərin yüksək həddi

 

“Formula-1” üzrə Azərbaycan Qran-prisi bir çox maraqlı hadisələrlə də əlamətdar oldu. Azarkeşlər cari mövsümün favoritləri sayılan Sebastian Vettel və Luis Hamilton arasında mübarizə ilə yanaşı, mübahisənin də şahidi oldular. Bakıya qədər hərəyə üç dəfə qalib gələn pilotlar paytaxtımızdakı yarışa da sürətli başlamışdılar. Yarış zamanı Vettel sürətini xeyli azaltmış Hamiltona arxadan çırpıldı, nəticədə 4 qat dünya çempionunun bolidinin ön qanadı zədələndi. Alman sürücü dərhal bir qədər sürətlənib, Luisə əl işarələri ilə etirazını bildirdi və maşını onun üzərinə sürdü. Bu, əsəblərin ən yüksək həddi və pilotların yarışda geri düşməsi idi. Mövsümün yekununda hər iki pilotdan biri titulu az xal fərqi ilə itirsə, Bakıdakı yarışı mütləq xatırlayacaqdır.
“Ferrari” komandasının pilotu Sebastian Vettel deyib ki, avtomobilin arxasındakı hadisələrə görə Hamilton da cəza almalı idi: “Dünya baş verənlərin şahidi oldu. Ona arxadan bilərək vurmadım. Onun bolidi az da olsa, zədələndi. Bunlar yarışımıza təsir edəcək şeylər deyildi. Bunu bir neçə dəfə etdi. Hamı sürəti artırmağa hazırlaşırdı. Hamiltonun ucbatından zəncirvari qəza baş verə bilərdi. Bir neçə il əvvəl Çində eynisi olmuşdu. Hər şey ortadadır. Mən cəza aldımsa, o da almalı idi.Yarışdakı mübahisə düzgün deyildi”.
“Mercedes” komandasının sürücüsü Luis Hamilton isə Sebastian Vettelə qarşı kəskin etirazlar səsləndirib: “Əyləclə bağlı test etmirdim. Sürətimə nəzarət edirdim və həmişə eyni yerdə yavaşlayırdım. Deməli, bolidin içində yuxuya gedib və bolidimə çırpıldı. Buna baxmayaraq, 4-cü oldu. Bu utancvericidir. Özünü biabır etdi. Bilmirəm nə deyim. Sebastian idmançı kimi davranmadı. Təhlükəli sürdü və 10 saniyə cərimələndi. Başqa sözə ehtiyac yoxdur. Dünyanın hər yerində “Formula-1”i izləyən gənclər var. Onlar bizlərdən nümunə götürürlər. Bu hərəkət heç xoş deyildi. Ümid edirəm ki, bu hal başqa mərhələlərdə təkrarlanmaz”.

 

Fernando Alonso cari mövsümdə ilk xalını qazandı

 

“McLaren Honda” komandasının rəhbərliyi və pilotları Bakıdakı yarışın onlar üçün çox çətin keçəcəyini verdikləri açıqlamalarla diqqətə çatdırmışdılar. Buna səbəb kimi Bakı trekinin “Honda” motoruna heç uyğun olmadığını göstərirdilər. Azərbaycan Qran-prisindən öncə Kanadada Fernando Alonso xala çox yaxın olmasına baxmayaraq motor problemi ispan sürücüyə finişə çatmağa imkan vermədi. Amma Bakıda F.Alonso təcrübəsini nümayiş etdirərək bütün hadisələrdən yayındı və finişə 9-cu yerdə çataraq komandasının və özünün cari mövsümdə ilk xallarını qazandı.
Fernando Alonso deyib ki, Bakıdakı yarışdan qalib ayrıla bilərdi: “Normal şəraitdə bu yarışı qazanmalı idim, çünki birinci təhlükəsizlik avtomobilindən sonra yarışı qazanan Rikkiardonun arxasında idim. Hamilton başlıq problemi yaşadı, Vettel cərimələndi. Beləliklə, avtomatik olaraq, 2-ci və ya 3-cü olmalı idim. Qələbə uğrunda mübarizə aparmalı idik, amma heyif ki, o gücdə deyildik. Hər şey bizim xeyrimizə oldu. Daha yaxşı nəticələr qazana bilərdik, lakin mühərrik zəif olduğu üçün yerimizi saxlaya bilmədik. Düşünürdük ki, Bakıda xal qazanmaq çətindir. Buna görə də 2 xala çox sevinirik”.

 

10 komandadan 9-u Bakıdan xalla ayrıldı

 

Ən maraqlı məqamlardan biri də 10 komandadan 9-nun Bakıdan xalla ayrılması idi. Son illərdə belə hadisə heç bir dünya çempionatında yaşanmamışdı. Bakıdan xalsız ayrılan yeganə komanda “Renault” oldu. Problemlər Colion Palmerdən əl çəkmək bilmirdi. Niko Hülkenberq isə yeddinci döngədə divarla toqquşaraq asılqanı qırdı və yarışı yarımçıq dayandırdı. “Sauber” komandasından Paskal Verlyayn mövsümdə ikinci dəfə xal qazana bildi.

 

Karyerasının ilk mükafatı

 

“Williams” komandasının debütant sürücüsü Lans Strol Kanada Qran-prisində “Formula-1” karyerasında ilk xallarını qazandıqdan sonra Azərbaycan Qran-prisində mükafatçılar sırasında yer aldı. O, yarışın əksər hissələrində 2-ci olsa da, son metrlərdə Bottasa uduzaraq üçüncülüklə kifayətlənib.
L.Stroll Bakıdakı yarışın çox gərgin və maraqlı keçdiyini bildirib: “Çox gərgin yarış idi. Komanda radioda məndən sakit olmağımı istədi. Yekunda ikinciliyi itirsəm də, əla yarış idi. Arxa təkərlərim tamamilə yeyilmişdi və buna görə də bilirdim ki, eyni sürəti davam etdirmək çətin olacaq. O təkərlərlə yaxşı dövrələr göstərmək mümkün deyildi. Valtter məndən sürətli idi. Lakin podiumdayam və havada uçuram”.

 

“Ferrari” liderliyini davam etdirir

 

Azərbaycan Qran-prisindən sonra pilotların şəxsi sıralamasında Sebastian Vettel (“Ferrari”) 153 xalla liderliyini davam etdirir. Luis Hamilton 139 xalla ikinci, Valtteri Bottas (hər ikisi “Mercedes”) 111 xalla üçüncü pillədə qərarlaşıblar. Azərbaycan Qran-prisinin qalibi Daniel Rikkiardo 92 xalla dördüncü, Kimi Raykonnen (“Ferrari”) 73 xalla beşincidir. Karyerasında ilk podiumuna Bakıda çıxan Lans Strol isə 17 xalla on ikinci pillədə yer alıb.
“Mercedes” komandası Konstruktorlar Kubokunda siyahıya başçılıq edir. Komandanın hesabında 250 xal var. “Ferrari” 226 xalla ikinci, “Red Bull Racing” isə 137 xalla üçüncü yerdə qərarlaşıb.

 

“Formula-2”də qalib müəyyənləşdi

 

İyunun 25-də Bakıda “Formula-2” üzrə ikinci yarışda da 8-ci mərhələyə yekun vurulub. “Pertamina Arden” komandasının fransalı pilotu Norman Nato 40 dəqiqə 37,601 saniyə nəticə ilə yarışın qalibi olub. Birinci yarışda ilk pillədə qərarlaşan “PREMA Racing” komandasının monakolu pilotu Şarl Lekler ikinci (40 dəqiqə, 46,318 saniyə), “DAMS”ın pilotu Nikolas Latifi isə üçüncü (40 dəqiqə, 49,175 saniyə) yeri tutublar.

 

“F-1 şəhərciyi”ndə sürət bayramı yaşandı

 

“Formula-1” Azərbaycan Qran-prisi ilə bağlı Bakıya gələn hər kəs ölkəmizin inkişafını, xalqımızın qonaqpərvərliyini, zəngin mədəniyyətini öz gözləri ilə gördü. Onlar Azərbaycanda keçirilən sürət yarışına hazırlıq işlərinin çox yüksək səviyyədə aparıldığının növbəti dəfə şahidinə çevrildilər. Yarış müddətində bütün əyləncə zonalarında, Dənizkənarı Milli Parkda “F-1 şəhərciyi”ndə bilet sahibləri onlar üçün qurulmuş möhtəşəm əyləncə məkanlarından istifadə etdilər.
“F-1 şəhərciyi”ndə ölkəmizin mədəniyyətini və mətbəxini təmsil edən xüsusi bölmələr xalqımızın qədim ənənələrini qonaqlara təqdim etdi. Yüksək keyfiyyəti və naxışlarının zənginliyi ilə seçilən Azərbaycan xalçaları bu məkanda qonaqların diqqətini daha çox cəlb etdi. Milli şirniyyat növləri olan paxlava, şəkərbura və qoğalın ləziz dadı turistlərin zövqünü oxşadı, rəngarəng naxışlı əl işləri və ipək kəlağayılar da ziyarətçilərin böyük marağına səbəb oldu.

 

Sürətsevərlərin pilotlar ilə görüşləri

 

“Formula-1”in Azərbaycan nümunəsi yüksək səviyyədə hazırlıq, qonaqpərvərlik ilə dünyanı heyran etməklə yanaşı, paytaxtımızda yarışan ən məşhur pilotların qəlbində dostluq, anlaşma, sevgi məşəli yandırdı. Bakı bulvarının əsas səhnəsində 3 gün ərzində sürətsevərlər öz qəhrəmanları - “McLaren”, “Haas”, “Williams”, “Red Bull Racing”, “Ferrari”, “Mercedes”, “Renault”, “Toro Rosso”, “Sauber” və “Force India” komandalarının pilotları ilə avtoqraf sessiyalarında görüşdülər. Bu, azarkeşlər üçün əsl hədiyyə oldu.

 

Dünya ulduzlarının ifasında konsertlər böyük coşqu yaratdı

 

“Formula-1” Azərbaycan Qran-prisinin həyəcanlı və maraqlı yarışlarından sonra azarkeşlər axşam saatlarında yenidən “Formula-1 şəhərciyi”nə toplaşırdılar. Dünya ulduzlarının enerjili və coşqulu ifaları konserti dinləməyə gələnlərə unudulmaz gecələr yaşatdı.
“Formula-1” Azərbaycan Qran-prisinin ilk musiqili qonağı olan türkiyəli məşhur müğənni Tarkan azarkeşlərə unudulmaz anlar bəxş etdi. O, iyunun 23-ü axşam saatlarında Dənizkənarı Milli Park ərazisində yerləşən böyük səhnədə “Formula-1” həvəskarları üçün ən məşhur ifalarını səsləndirdi.
İyunun 24-də isə Nikol Şerzinger və “The Black Eyed Peas” musiqi qrupu avtoidman azarkeşlərinin qarşısında səhnəyə çıxdılar. Onlar da Dənizkənarı Milli Parkda “Formula-1” həvəskarları üçün ən məşhur ifalarını səsləndirdilər.
Yarışın son günü isə superstar Meraya Keri Bakıda konsert verib. Musiqi dünyasının əfsanəvi ulduzu iyunun 25-də “Formula- 1” yarışı başa çatdıqdan sonra axşam saatlarında səhnəyə çıxıb. Mahnı satışına görə dünyada qadın müğənnilər arasında rekord göstəriciyə sahib olan Meraya Keri Dənizkənarı Milli Parkda yerləşən böyük səhnədə ən çox sevilən ifalarını səsləndirib.
Bununla da Azərbaycan Qran-prisi göstərdi ki, “Formula-1” təkcə yarış deyil, həm də istirahət üçün unudulmaz möhtəşəm tədbirdir.

 

Elçin CƏFƏROV,
“Azərbaycan”
Foto AZƏRTAC-ındır