Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib

23 İyun 2017
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Gürcüstanın Baş nazirinin müavini, təhsil və elm naziri Aleksandr Jejelavanı qəbul edib.

AZƏRTAC xəbər verir ki, Aleksandr Jejelava ADA Universitetində olduqlarını və bu təhsil ocağının onlarda böyük təəssürat yaratdığını vurğulayaraq Bakı Ali Neft Məktəbinin də fəaliyyətinin maraq doğurduğunu dedi. Qonaq Azərbaycan ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlığın ikitərəfli əlaqələrimizin bütün digər sahələrdə mövcud olan səviyyəsinə çatdırılması üçün birgə səylərin həyata keçirilməsinin önəmini qeyd etdi.

Prezident İlham Əliyev ADA Universitetində, Bakı Ali Neft Məktəbində və o cümlədən ölkəmizdəki digər təhsil müəssisələrində yüksək səviyyədə təhsil sisteminin yaradılması ilə bağlı işlərin görüldüyünü qeyd etdi. Dövlətimizin başçısı ölkələrimiz arasında təhsil sahəsində ikitərəfli birgə layihələrin həyata keçirilməsinin zəruriliyini vurğuladı.

Görüşdə ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri, o cümlədən tələbə-təhsil mübadiləsi və digər məsələlər ətrafında müzakirələr aparıldı.