Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin mətbuat xidməti: Deputatın fikirləri yanlış təqdim edilib

23 İyun 2017
Bu günlərdə bəzi mətbuat orqanlarında Milli Məclisin intizam komissiyasının sədri Ağacan Abıyevin “Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi ilə bağlı söylədiyi fikirlər ictimaiyyətə tamamilə yanlış təqdim olunub. Guya Ağacan Abıyev bu sənədin “mənasız və qeyri-ciddi” olduğunu söyləyib. Bununla bağlı Milli Məclisin mətbuat xidməti olaraq deputat Ağacan Abıyevə müraciət etdik. O, müraciətimizə belə cavab verdi: “İyunun 20-də Milli Məclisin insan hüquqları, hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında sənədin müzakirəsi zamanı dediyim fikirlər və bununla əlaqədar mətbuata açıqlamam tamamilə kontekstdən çıxarılıb. Bu qanun dünyanın əksər ölkələrində qəbul olunub. Çox da uğurla işləyir. Mən qanunun əhəmiyyətini yüksək qiymətləndirirəm. Heç kəs bu sənədin aktuallığını şübhə altına ala bilməz. Əsla, qanun layihəsinin mahiyyətini azaldacaq bir fikrə yol verməmişəm. Sadəcə qanun layihəsində deputata verilən hədiyyələr məsələsinə münasibət bildirmişəm. Xahiş edirəm, mənim fikirlərim cəmiyyətə yanlış şəkildə təqdim olunmasın”.



Milli Məclisin mətbuat xidməti