Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 9 məsələyə baxılıb

22 İyun 2017
İyunun 22-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Əli Hüseynli iclasda 9 məsələyə baxılacağını qeyd edib.

İclasda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndi rəhbər tutularaq və Məhkəmə-Hüquq Şurasının təklifləri nəzərə alınaraq hakimlərin təyinatı ilə bağlı bir sıra məsələlər müzakirə olunub.

Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Cavid Hüseynov bildirib ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi üzrə hakimlik səlahiyyətinin müddəti 2017-ci il iyunun 19-da başa çatan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri Şəlalə Ağakərim qızı Məmmədova Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 93-4-cü maddəsinə uyğun olaraq Tahir Lələkişi oğlu Kazımov Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin olunur.

Qeyd olunub ki, səlahiyyət müddəti 2017-ci il iyulun 16-da başa çatan Akif Əsgər oğlu İsgəndərov və Əhməd Güləhməd oğlu Nurməmmədov həmin tarixdən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilirlər. Həmçinin səlahiyyət müddəti 2017-ci il iyulun 28-də başa çatan Mehparə Tofiq qızı Əhmədova, İmran Teymurxan oğlu Hacıqayıbov və Rahib Sahib oğlu Nəbizadə həmin tarixdən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri təyin olunurlar.

“Məhkəmələr və hakimlər haqqında” Qanunun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq Elşanə Rafiq qızı Vəliyeva Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək 2017-ci il iyulun 28-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilir. İlham Məmməd oğlu Cəfərov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar 2017-ci il iyulun 28-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilir.

Həmçinin iclasda Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında məsələlərə də baxılıb.

Çıxış edən Milli Məclisin deputatları - Qüdrət Həsənquliyev, Çingiz Qənizadə, Azay Quliyev, Məlahət İbrahimqızı, həmçinin iclasda iştirak edən Ali Məhkəmənin hakimi Şahin Yusifov və digərləri hakimlərin təyinatını müsbət dəyərləndirib, fikir və tövsiyələrini səsləndiriblər.

Bundan başqa, deputatlar Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “İcra haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə baxıblar. Qeyd olunan qanun layihələrində bir sıra texniki dəyişikliklər təklif edilir.

Müzakirə edilən məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.