Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Prezident İlham Əliyev Almaniyanın keçmiş Federal Kansleri Helmut Kolun vəfatı ilə əlaqədar başsağlığı verib

20 İyun 2017
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirliyinə gələrək Almaniyanın keçmiş Federal Kansleri Helmut Kolun vəfatı ilə əlaqədar başsağlığı verib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Almaniyanın keçmiş Federal Kansleri Helmut Kolun vəfatı ilə əlaqədar başsağlığı verdi, matəm kitabına ürək sözlərini yazdı.

Sonra Prezident İlham Əliyev Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabla söhbət etdi.

Dövlətimizin başçısı Helmut Kolun vəfatı ilə əlaqədar Almaniya xalqına başsağlığı verdi. Prezident İlham Əliyev vurğuladı ki, görkəmli ictimai-siyasi xadim, böyük və tarixi şəxsiyyət olan Helmut Kol öz xalqı qarşısında mühüm xidmətlər göstərib. O, Almaniyanın birləşdirilməsi və Avropa İttifaqının gücləndirilməsi istiqamətində əvəzsiz rol oynayıb. Ulu öndər Heydər Əliyev ilə Helmut Kolun Azərbaycan-Almaniya əlaqələrinin əsasını qoyduqlarını vurğulayan Prezident İlham Əliyev Heydər Əliyevin prezidentliyi dövründə ilk rəsmi səfərlərindən birini Almaniyaya etdiyini, bu səfərin və mərhum Helmut Kolla keçirilən görüşlərin ikitərəfli münasibətlərin təməlini qoyduğunu diqqətə çatdırdı. Dövlətimizin başçısı Ulu Öndərin Helmut Kolla görüşlərindən xoş təəssüratları onunla bölüşdüyünü bildirdi.

Bu gün ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev əməkdaşlığımızın bir çox sahələri əhatə etdiyini bildirdi və əlaqələrimizin yaxşı perspektivə malik olduğunu qeyd etdi.

Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab başsağlığına və xoş sözlərə görə minnətdarlığını bildirdi. O, Almaniya-Azərbaycan əlaqələrinin inkişafından danışdı.

Söhbət zamanı almanların Azərbaycana gəlişinin 200 illik yubileyinə hazırlıqla bağlı görüləcək tədbirlər haqqında fikir mübadiləsi aparıldı.

Sonda xatirə şəkli çəkdirildi.