Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Avropa Qran-prisinin Azərbaycan nümunəsi

18 İyun 2017
 

Dünya Bakıda keçiriləcək “Formula-1” yarışının həyəcanı ilə yaşayır

 

İyunun 23-25-də dünyanın diqqəti yenə də Bakıya yönələcək. Paytaxtımız planetin bir nömrəli avtomobil yarışına növbəti dəfə evsahibliyi edəcək.
“Formula-1” dünya çempionatının 8-ci mərhələsi olacaq Azərbaycan Qran-prisində ən məşhur 21 pilot 10 komandanın tərkibində 6 kilometr məsafədən ibarət 51 dövrəlik mərhələnin qalibi uğrunda yarışacaq. Bu mübarizə isə, sözsüz ki, sürət həvəskarlarının böyük marağına səbəb olacaq. 500 milyondan artıq tamaşaçının izləyəcəyi yarışa 57 ölkədən çoxlu sayda azarkeş baxa biləcək.

 

Planetin bir nömrəli avtomobil yarışı

 

“Formula -1” üzrə dünya çempionatı bir nəfərlik, açıq təkərli avtomobillərin yarışıdır. Yüksək statusa malik bu yarışlarda sürücülər pilot, avtomobillər isə bolid adlanır. İl ərzində müxtəlif ölkələrdə “F1” üzrə mərhələ yarışları, başqa sözlə, qran-prilər təşkil olunur. Dünyada geniş tamaşaçı auditoriyasına malik bu turnirlər izlənmə sayına görə yalnız yay olimpiya oyunlarından və futbol üzrə dünya çempionatından geri qalır. Daha çox sürət həvəskarlarının maraq dairəsində olan “Formula-1” Qran-priləri ilk vaxtlar ancaq Avropa ölkələrində keçirilsə də, hazırda dünyanı əhatə edir. Yarışları FIA (Beynəlxalq Avtomobil Federasiyası) keçirir. 1904-cü ildə Parisdə yaradılan federasiya avtomobil idmanı üzrə təşkil olunan bütün növ yarış və tədbirlərə cavabdehdir.
“Formula-1” üzrə ilk rəsmi dünya çempionatı isə 1950-ci il mayın 13-də İngiltərənin Silverstoun trekində təşkil olunub. Britaniya kral ailəsinin də maraqla izlədiyi turnirdə 21 bolid qələbə uğrunda mübarizə aparıb. Həm təsnifat, həm də əsas mərhələdə finiş xəttinə birinci gələn “Alfa Romeo”nun italiyalı pilotu Cüzeppe Nino Farina “F1” yarışının ilk qalibi kimi tarixə düşüb. Birincilik uğrunda mübarizədə onun əsas rəqibi komanda yoldaşı, argentinalı Xuan Manuel Fanxio olub. Lakin sonralar X.M.Fanxio bu məğlubiyyətin əvəzini yetərincə çıxdı. Belə ki, o, karyerası ərzində 5 dəfə (1951-ci, 1954-cü, 1955-ci, 1956-cı və 1957-ci illərdə) dünya çempionu adını qazanmaqla rəqiblərinə aman verməyib.

 

“Formula-1” Bakıda yeniliyin tətbiqi ilə yaddaşlara yazılıb

 

İyunun 23-25-də Azərbaycan Avropa Qran-prisinin cari mövsümdə 8-ci mərhələsinə evsahibliyi edəcək. Xatırladaq ki, ötən il dünya çempionatında “F1” Bakı mərhələsində yenilik tətbiq etmişdi. Bu, sıralama turları ilə bağlıdır.
Əvvəlki qaydalara görə, 18 dəqiqə davam edən birinci və 15 dəqiqəlik ikinci seansların nəticələrinə əsasən ən pis nəticə göstərən 6 pilot mübarizədən kənarlaşdırılırdı. 10 pilot isə 12 dəqiqəlik üçüncü seansdakı göstəricilərə görə yarışa start verirdilər. Yeni qaydalarda isə seansın sonunda yox, 90 saniyədən bir ən yavaş pilotun mübarizəni dayandırması nəzərdə tutulub. “Formula-1” mütəxəssislərinin rəylərinə görə, bu yenilik həyəcanı bir qədər də artırıb.

 

Bolidlər Bakı trekini səbirsizliklə gözləyirlər

 

“Formula -1”i maraqlı edən ən vacib amillərdən biri də çempionatda istifadə olunan avtomobillərin texniki göstəriciləridir. 1950-ci ildə keçirilən “F1” üzrə ilk dünya çempionatında azarkeşlər 2-ci Dünya müharibəsindən əvvəl istehsal olunan avtomobillərin yarışını izləyiblər. Bu bolidlərin mühərriki öndə, təkərləri isə enzis və dişli idi. Avtomobillər 1,5 litrlik kompressor və ya 4,5 litrlik normal aspirat mühərriklə işləyirdi. Hər il istər yarış qaydaları, istərsə də avtomobillərin texniki göstəriciləri və dizaynında müxtəlif dəyişikliklər edilib. Mühərrikin həcmi, avtomobilin sürəti və təkərlər müasir dövrün tələblərinə uyğun dəfələrlə yenilənib.
“Formula-1” yarışlarında diqqət çəkən məqamlardan biri də mühərriklərin daha güclü və səs-küylü olmasıdır. Belə ki, 2014-cü ildən bəri 2,4 litr həcmindəki V8 əvəzinə, 1,6 litrlik hibrid V6 mühərriklərindən istifadə edən istehsalçılar tətbiq olunan limitlərin ləğv edilməsindən sonra “Mercedes”lə fərqi aradan qaldırmağı planlaşdırırlar. Yeniliklərdən sonra “Reno” və “Honda”nın təxminən 70 at gücü daha artıq qüvvə əldə etdiyi, “Mercedes”in isə 1000 at gücü səddinə çatdığı ehtimal edilir. İki çıxışı olan yeni mühərriklər həm də daha güclü səs çıxaracaq. Təqvimdə yarış sayının 21-ə çatması ilə hər maşında 4 əvəzinə 5 mühərrikdən istifadə edilməsi nəzərdə tutulur.
Yeniliklərdən biri də təkərlərlə bağlıdır. “Pirelli” şirkəti yeni mövsüm üçün ultra yumşaq təkərlər hazırlayıb. Bu təkərlər maşınların daha sürətli hərəkətinə imkan verir.
Builki dünya çempionatında “Formula-1” bolidləri və təkərlərinin bir qədər enlənməsi səbəbindən ötən ildən daha yüksək sürətin olması gözlənilmir. Keçən mövsüm maksimal sürət saatda 378 kilometr olduğu halda bu dəfə də o qədər və ya bir qədər az sürətin olması nəzərdə tutulur. Ötən il Bakıda keçirilən “Formula-1” yarışında dövrə rekordu, yəni 6 kilometrlik dövrənin qət edilməsi 1 dəqiqə 46 saniyə olmuşdu.

 

Mövsümün ən yaddaqalan mərhələləri

 

Məlumat üçün qeyd edək ki, “Formula-1”də yeni mövsüm Avstraliya Qran-prisi ilə start götürüb. 2017-ci il mövsümünə isə noyabr ayında Əbu-Dabidə yekun vurulacaq. Bakıdan əvvəl başqa şəhərlərdə keçirilən “Formula-1” üzrə dünya çempionatının ən maraqlı mərhələləri ilə tanış olaq.
“Formula-1” üzrə dünya çempionatının yeni mövsümünün ilk mərhələsində martın 26-da keçirilən Avstraliya Qran-prisində “Ferrari”nin pilotu Sebastian Fettel qalib gəlib. Pilotlar Melbrundakı Albert Parkda 5303 metrlik trasda 58 dövrə vurublar.
Sebastian Fettel yarışı 1 saat 24 dəqiqə 11,672 saniyəlik nəticə ilə 25 xal toplayaraq başa vurub. Liderdən 9,975 saniyə geri qalan Luis Hamilton (“Mersedes”) yarışı 18 xalla ikinci pillədə yekunlaşdırıb. İlk üçlüyü liderdən 11,250 saniyə sonra finişə çatan Valtteri Bottas (“Mersedes”, 15 xal) tamamlayıb.
Konstruktorlar kubokunda isə “Ferrari” 37 xalla birinci, “Mersedes” 33 xalla ikinci, “Red Bull Racing” isə 10 xalla üçüncü pillədə qərarlaşıb.
Aprelin 7-9-da “Formula-1” üzrə dünya çempionatının ikinci yarışı - Çin Qran-prisində “Mercedes” komandasının pilotu Luis Hamilton qalib gəlib. İkinci yarışda pilotlar Şanxayda 5451 metrlik trasda 56 dövrə vurublar.
Luis Hamilton 1 saat 37 dəqiqə 36,158 saniyəlik nəticə ilə aktivinə 25 xal yazdırıb. Liderdən 0,06 saniyə geri qalan Sebastian Fettel (“Ferrari”) yarışı 18 xalla ikinci pillədə yekunlaşdırıb. İlk üçlüyü liderdən 0,45 saniyə sonra finişə çatan Maks Ferstappen (“Red Bull Racing”, 15 xal) tamamlayıb.
Konstruktorlar kubokunda isə “Mercedes” 66 xalla birinci, “Ferrari” 65 xalla ikinci, “Red Bull Racing” isə 33 xalla üçüncü pillədə qərarlaşıb.
“Formula-1” üzrə dünya çempionatının beşinci yarışı - İspaniya Qran-prisi də çox maraqlı mübarizə ilə yadda qalıb. Barselonada 4655 metrlik trasda 66 dövrənin yekununda Luis Hamilton 1 saat 35 dəqiqə 56,497 saniyəlik nəticə ilə aktivinə 25 xal yazdıraraq qalib gəlib. Liderdən 3,490 saniyə geri qalan Sebastian Fettel (“Ferrari”) yarışı 18 xalla ikinci pillədə yekunlaşdırıb. İlk üçlüyü liderdən 75,820 saniyə sonra finişə çatan Daniel Rikkardo (“Red Bull Racing”, 15 xal) tamamlayıb.
Pilotların yarış cədvəlinə hazırda 141 xalla “Ferrari” komandasının pilotu Sebastian Fettel başçılıq edir. “Mercedes” komandasının pilotları Luis Hamilton 129 xalla 2-ci, Valtteri Bottas isə 93 xalla 3-cüdür.

 

“Mercedes” ötənilki uğuru təkrarlaya biləcəkmi?

 

Ötən il Bakı ilk dəfə “Formula-1” Avropa Qran-pri yarışlarının 8-ci mərhələsinə uğurla evsahibliyi edərək yüksək təşkilatçılıq ilə digər ölkələrə nümunə göstərdi. İyunun 19-da keçirilmiş Bakı mərhələsində əsas yarışda 11 komandanın 22 pilotu qələbə uğrunda mübarizəyə qatılmışdı. Təxminən saat yarım davam edən yarışda bolidlər 6 kilometr məsafədə 51 dövrə vurmuşdular. “Mercedes” komandasının almaniyalı pilotu Niko Rosberq 1 dəqiqə 48,942 saniyə nəticə ilə qələbə qazanmışdı. İkinci yerə daha bir almaniyalı pilot, “Ferrari” komandasının üzvü Sebastian Fettel çıxmışdı. Üçüncü yeri isə “Force İndia”nın meksikalı pilotu Serxio Peres tutmuşdu.
Dörd pilot - rusiyalı Daniil Kvyat və onun komanda yoldaşı Karlos Saynz (“Scuderia Toro Rosso”), habelə məşhur idmançı, dəfələrlə “Formula-1” yarışlarının qalibi olmuş ispaniyalı Fernando Alonso (“McLaren Honda”) və “Manor Racing” komandasının almaniyalı pilotu Paskal Verlayn avtomobillərindəki texniki nasazlıq üzündən yarışı başa çatdıra bilməmişdilər.
Bu mövsüm isə ötən ilin Bakı mərhələsinin qalibi Niko Rosberq yarışmır. Mütəxəssislər isə mövsümün ən formada olan iki komandasını- “Ferrari” və “Mercedes”i favorit hesab edirlər.

Elçin CƏFƏROV,
“Azərbaycan”